PDF Oxu

Köşə

  • 2 561

Müxalifətin saatı 23 il dala qalıb!

image

Bu gün müxalif düşərgəyə nəzər salarkən, belə bir sual yaranır - ənənəvi müxalifət bu dönəmdən sonra nə edəcəyini düşünür? Çünki görünən də budur ki, onlar öz çıxışları zamanı ilk ağıllarına gələni söyləyiblər. İndi də "Antiböhran koalisiyası" adı altında hərəkat yaratmaqla ideyalarla gündəmə gəlirlər. Ancaq bu, qətiyyən çıxış yolu deyil. Bəlkə də bunu özləri hamıdan yaxşı bilir. Bir özləri-özlərinə sual etmirlər ki, məgər müxalifət öz daxili böhranından çıxa bilib ki, indi də dünyanın iqtisadi böhranı üzündən ideyalarla çıxış edirlər?

Çox güman ki, "cırtdan" partiyalarda hakimiyyətdən öz nəsiblərini alacaqlar. Hər halda hakimiyyətin əlaltısı olmayan və yalnız sədrləri ilə tanınan partiyalar tamamilə silinib gedəcəklər.

Təbii ki, bu gün "Antiböhran koalisiyası" ideyasını ortaya atanlar özləri də yaxşı bilirlər ki, bu, ancaq gündəmi məşğul etmək üçündür. Axı danışmağa başqa söz-söhbətləri də qalmayıb. Hər zaman seçkilərin nəticələrini tanımayan müxalifət indi də bu cür məsələlərlə gündəmi zəbt edib, maraqsız, lazımsız və səviyyəsiz fikirlərini ictimai rəyə sırımaqla məşğuldurlar. Halbuki müxalifət özü də çox yaxşı bilir ki, onların hakimiyyət orqanlarına istənilən məsələdə hər hansı bir alternativ yaratmaq üçün gücləri və siyasi imkanları yoxdur...

Uzağı "Antiböhran koalisiyası" ancaq müəyyən bir anlamda müxalifətin zərif, hər an qopa biləcək birliyini təmin edə bilər. Zatən, biz bunu görməkdəyik. Baxın, bir-birini bəyənməyən düşərgə təmsilçiləri bu və ya digər formada "ağıllı" rəylər irəli sürüb, sonra da bir-birini baltalamaqla məşğuldurlar. Filan partiya filan partiyanın ideyasını dəstəkləmədi, filan partiya filan partiyanın yanına gedərək, vaxtilə yanında olduğu o biri partiyaya xəyanət etdi. Budur müxalifətin "Antiböhran koalisiyası" adlı qurumunun qazandığı yeganə ictimai rəyi!

Lakin Azərbaycan xalqı müxalifətin sözündən o qədər çimrinib ki, bunun da təqsirkarı elə müxaliflərin özləridir. Hətta bundan sonra onların bir-birindən pafoslu adlar qoyduqları qurum və təşkilatlar altında birləşməsi belə, cəmiyyətdə heç bir effekt yaratmayacaq.

Digər tərəfdən, "Antiböhran koalisiyası" müxalifətin daha real görünən və daha normal effekt yarada biləcək bir birləşməsini arxa plana keçirməkdədir. Halbuki bu effekt az-çox 2013-cü ildə özünü göstərə bilərdi. Ancaq şəxsi ambisiyalar bu dəfə də onların arzularını ürəklərində qoydu.

Nəticədə isə, düşdükləri ağır vəziyyətdən çıxış yolu olaraq yeni qurumların yaradılması fikrini ortaya atanlar ən sadə həqiqəti görməzlikdən gəlirlər. Çünki bayaq da qeyd etdiyimiz kimi, xalq bunları real qüvvə hesab etmir və etməyəcək də. Məsələn, sonradan öz birliklərini "xalq hərəkatına" çevirmək istəyən bu hərəkatı necə təsəvvür edirlər və xalqı hansı üsullarla psixoz vəziyyətə gətirməyi düşünürlər? Azərbaycan xalqı onlarla deyilsə, hansı xalqdan danışırlar, ingilisdən, fransıızdan, yoxsa ermənidən? Axı məlumdur ki, "xalq hərəkatı" yaratmaq ideyasını ortaya atanlar xalqın psixologiyasına təsir etmək imkanlarına malik deyillər. Ölkədə ona görə müxalifət problemi var ki, xalq bu müxalifətin çağırışlarına və tezislərinə haqlı olaraq biganədir!

Müxalifətin başbilənləri isə nə deyir-desin, nə edir-etsin, xalq onların səsini duymur, daha doğrusu, duymaq istəmir. Və əslində, "koalisiyalar", ya da hər hansı birliklər adı altında "ideyalar" ortaya atanlar bu məsələ ilə manipulyasiya edirlər. Yəni siyasi səhnədən getmək istəmirlər və xalq vaxt qazanmaq istəyir. Ancaq onların vaxtları da yoxdur. Ona görə ki, saatları dala qalıb. Özü də bir-iki saat deyil, düz 23 il!

Digər xəbərlər