2013-cü ilin prezident seçkilərindən sonra ənənəvi düşərgənin siyasi proseslərdən tamamilə təcrid olunması, necə deyərlər, vüsət almağa başladı. Hətta vəziyyət o həddə qədər inkişaf etdi ki, xalq müxalifətin hay-hayının getdiyini, yerdə isə yalnız vay-vayının qaldığını deyirdi. Bu gün də belədir. Xalq, ümumiyyətlə, müxalifət deyilən ifadəni artıq unudub...Başqa tərəfdən, hakimiyyət əleyhdarlarının siyasi mövcudluqlarını davam etdirmək uğrunda girişdikləri mübarizə əks-düşərgədə qarşıdurma meyillərini bir qədər də gücləndirib. Ümumiyyətlə, bir neçə il öncə Müsavat partiyasının "Milli Şura"nı tərk etməsi ilə başlayan bu proses müxalifətin radikal qanadının iki yerə parçalanması ilə nəticələnib. Bu gün hərə digərinin vayı üzərində "siyasət qurmaqla" məşğuldur...
Hacılını demək olar ki, nokauta salanlardan biri də Qubad İbadoğludur
Diqqətçəkən başqa bir məqam isə müxalifət partiyaları daxilində qarşıdurma meyillərinin getdikcə güclənməsidir. Bu meyil qurultaysonrası qarşıdurmalar yaşayan Müsavat partiyasında özünü daha qabarıq şəkildə göstərir.
Bu gün Müsavat rəhbərliyində təmsil olunan şəxslərin yarısından çoxunun bir-biri ilə küsülü olması vaxtilə İsa Qəmbərin rəhbərlik etdiyi partiyanın mənəvi aşınmaya məruz qaldığını göstərir. Son illər Müsavat partiyasından kütləvi istefaların baş verməsinin kökündə həm də bu amilin dayandığı inkar olunmur. O cümlədən, düşərgədə "cığal adam" kimi tanınan Arif Hacılı hazırkı və keçmiş partiyadaşları ilə münasibətində öz rəqibini aşağılamaqdan, təhqir etməkdən çəkinmir.
Müsavatçıların dediyinə görə, o, başqanlıq uğrunda mübarizədə əsas rəqibi olan Qubad İbadoğlu ilə kəllə-kəlləyə gəlir. Çünki bu gün Hacılını demək olar ki, nokauta salanlardan biri də Qubad İbadoğludur. O, bu gün də saxta qurultay nümayəndələrini inandırmağa çalışır ki, Arif Hacılının başqan seçilməsi Müsavatın nəinki müttəfiq təşkilatlarla münasibətlərini zədələdib, hətta partiyanın bir neçə yerə parçalanmasını da sürətləndirir. Qubad İbadoğlu fikrini əsaslandırmaq üçün Hacılı qardaşlarının uzun illərdən bəri AXCP sədri Əli Kərimli, eks-spiker Rəsul Quliyev və ALP lideri Lalə-Şövkətlə konfliktdə olduğunu əsas gətirir.
Müsavat ən azından ipdən asılı vəziyyətdə olsa belə, ayaqda qala bilərdi
Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, başqanlıq uğrunda mübarizə nəticə etibarilə Müsavat partiyasını üç yerə parçalayıb. Bu isə, o deməkdir ki, qurultayda uduzan tərəf ali toplantıdan dərhal sonra partiya sıralarını tərk etməklə yanaşı, həm də partiyanın uzun illər iddia etdiyi "monolitliyini" alt-üst edib. Müsavatın adı olsa da, özü yox səviyyəsinə çatıb. Əgər İsa Qəmbər Arif Hacılı adlı zəlidən canını qurtara bilsəydi, indi Müsavat ən azından ipdən asılı vəziyyətdə olsa belə, ayaqda qala bilərdi. Təbii ki, Qubad İbadoğlunun sayəsində. Ancaq indi belə deyil və partiya uçurumun dibində son nəfisini verir. Buna isə siyasi fəaliyyət demək qeyri-mümkündür. Bu, siyasi ölümdən başqa bir şey deyil...