Düz 59 il bundan öncə, fevralın 24-də bir körpə dünyaya gəlmişdi və ona atası Yunus kişi İsa adı vermişdi. Üstündən 30-35 il keçəndən sonra onu İsa Qəmbər kimi tanındı, bu gün də bu adla tanınır. Kim necə tanıyırsa özü bilər, amma mən onunla bağlı xatirələrimi olduğu kimi deyəcəm. Bütün müsavatçılardan da xahiş edirəm ki, top-tüfənglərini məndən uzaq tutsunlar, imkan versinlər özlərinin gecə-gündüz hay-həşir saldıqları demokratiyadan yararlanaq. Artıq bilirəm, elə bu cümləni oxuyan müsavatçı nə deyəcəklərimi zənn edib donquldanmağa başladı.
Onu ilk dəfə 2005-ci ildə görmüşdüm. Tələbə idim. Qrup yoldaşlarımdan biri müsavatçı idi, atası da ömrü boyu müsavatçı olub. Atası daha sonra fırıldaqçılıqda (işə düzəltmə adı ilə pul almışdı) ittiham olunaraq 7 il həbs cəzası almışdı. Allah var adamın başının üstündə, tələbə yoldaşım çox kasıb idi, Müsavatın bütün mitinqlərində özünü daşa-divara çırpırdı, İsa Qəmbər "öl" desəydi, ölərdi. Deməli, bir gün bu oğlan dedi ki, ailə vəziyyətimiz ağırdır və gedib isa Qəmbərdən iş istəyəcəm, heç olmasa, "Yeni Müsavat"a məni işə götürsün. Getdi, üstündən 2 saat keçəndən sonra əsəbi halda qayıtdı. Hörmətli İsa Qəmbər ona "mən işə düzəltmə məntəqəsinin sədri deyiləm" cavabını vermişdi. Yazıq oğlan Müsavata həsr etdiyi illərə görə xəcalət hissi çəkirdi, utanırdı, özünü o qədər qınayırdı ki, müsavatçı olduğuna görə həbsxanaya zəng edib, öz atasına da söymüşdü. Bunun üstündən bir müddət keçdi, Müsavat icazəsiz mitinq keçirdi, həbs edilənlər də var idi. Biz jurnalist olaraq İsa Qəmbərin yanına gedib ondan müsahibə aldıq, nə üçün bayıra çıxmadığını soruşduq. Axı müxalifətçilər mitinq edirsə, onların sədri də yanlarında olmalı idi. Nə üçün bu qədər gənci qanunu pozmağa vadar etmişdi İsa Qəmbər!? Ənənəvi olaraq bizləri çay içə-içə qarşıladı, haqlı suallarımıza dəvə kini ilə yanaşıb, at təpkisi ilə cavab verdi. Daha sonra çox tanınmış iki professorun Müsavatdan istefa verməsi, bir çox mətləblərin mənə bir daha aydın olması ilə İsa Qəmbər təkəbbürü haqqında daha da məlumatlandım. Oğlu ilə görüşmüşdük, həmin vaxtlarda oğlu bizlərə deyirdi ki, "mənlə münasibətlərinizi yaxşı edin, atam prezident olacaq...". Yazıq o vaxt öz sözünə necə inanırdısa, indi də siyasətdə olmayan atasının yenə də dövlət başçısı olacağına, Müsavatın iqtidar olacağına bir o qədər inanır! Turqut, sən deyənlər olmadı, olanda mən də kosmonavt olacam, Nobel alacam, ABŞ prezidenti seçiləcəm. İsa Qəmbərin bir dəfə gözümün içinə baxa-baxa "tələbələri, jurnalistləri iclas zalından çıxarın" tələbi hələ də qulağımda cingildəyir. 2005-ci ildə Müsavatda baş tutan o hay-küylü iclası bayırdan seyr etməli olduq. Bizi qovdular, çünki haqlı suallarımız olacaqdı və bu da İsa Qəmbərə sərf etməyəcəkdi. 2008-ci ildə seçki vaxtı İsa Qəmbərin şəkillərini paylayan qartımış müsavatçının telefonundakı səs yazısına qulaq asandan sonra, daha bu adam haqqında heç bir şəkk-şübhəm qalmadı. İsa Qəmbər bu adama deyir ki, narahat olmayın, atan icra başçısı olacaq, özü hara istəsə ora da səni rəis qoyar...". Bu səs yazısına bir çoxları qulaq asdı, Müsavatı tərk edənlər də oldu, ona qahmar çıxanlar da. Ancaq çay gəlməmiş çırmanmağın insanı necə hörmətdən sala biləcəyini düşünmək lazım idi. İsa Qəmbəri təhqir etdiyimə görə, mənə düşmən kəsilən qələm dostumuz indi Razi Nurullayevin yanındadır, bir müddət sonra da Əli Kərimlinin yanında olacaq.
Nə isə, onsuz da siyasəti hamınız bilirsiniz, odur ki, İsa Qəmbərin Müsavatdakı fəaliyyətindən, partiyanı saldığı acınacaqlı durumdan danışmaq istəmirəm. Bir Müsavatın indiki görkəminə baxın... Ona görə nələr olmadı ki, ömrünü Müsavata həsr edənlər bayıra atıldı. Əvəzində, İsa Qəmbərin biznesi daha da genişləndi. Söz verirəm ki, 2017-ci ilin fevralın 24-də "SƏS" qəzetində doğum günün münasibətilə sənə daha sanballı bir köşə yazacam. Qranka bitir...