O gün saytlardan oxuyuram ki, vaxtilə Zaur Baxşəliyevin verilişinə hüquqşünas-ekspert qismində qatılan Rəna Həsənli dələduzluqda təqsirləndirilir və o, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib, saxlanılması üçün isə İnterpola müraciət edilib. Son vaxtlar bu kimi axtarışa verilənlərin sayı kifayət qədərdir və üstəlik, ictimai rəydə tanınmışların da adı həmin siyahıya əlavə olunduqda, adam lap məhəttəl qalmağa başlayır...
Ancaq qayıdaq yenə Zaur Baxşəliyevin verilişindəki vəkilə və onu yenə də Zaurla əlaqələndirək. Yəni əlaqələndirək o demək deyil ki, Rəna Həsənli dələduzluq əməllərində Zaur Baxşəliyevlə əlbir olub-filan, əsla yox. Sadəcə, bu günə qədər Zaurun verilişlərində bəzi tanınmışlar istisna olunmaqla, kifayət qədər insan iştirak edib ki, sonradan onların əksəriyyətinin iç üzləri açılıb. Tutulanı da var, döyüləni də, söyüləni də. Necə deyərlər, menyü kifayət qədər rəngarəngdir. Görünür, "taylı-tayını tapar" buna görə deyib rəhmətlik atalar. Məsələn, Rəna Həsənli hazırda dələduzluq üstündə həbsdə olan digər tanınmış teleaparıcı İlham Mirzəyevin hüquqlarını müdafiə edən şəxs olub. Sanki "sepoçkadır" düzülüb bir-birininin ardınca.
Nə isə, keçək məsələnin digər tərəfinə. Yadımdadır ki, həmin bu Zaur yaxın günlərdə şəhərimizdəki ictimai nəqliyyat sektoruna yenilik gətirən və həqiqətən də əhalinin rəğbətini qananan "Baku Bus" avtobusuna minərək, özünü elə aparıb ki, sanki Qarabağda doğulandan bəri "Bently"də, son model "BMW"-də, hətta Aya uçan raketlərdə məktəbə gedib-gəlib, indi isə ilk dəfədir avtobusa minib. Daha bu qədər ucuzluq görməmişdik, bunu da gördük! Xarici ölkələrdə nazirlər işə velosipedlə gedir, bir qram olsa belə, təkəbbürə yol vermirlər. Ancaq gəl Zaurun avtobusa mindikdən sonra, öz təbirincə istehzasına bax! Demək, bu avtobusa minən sadə xalq nümayəndəsi hər axşam sənin ucuz, süni qalmaqallarla dolu eksperin birini 500 manata çağıran və heç bir məntiqə sığmayan verilişinə baxır, sən də həmin sadə xalq nümayəndəsi qarşısında özünü bu cür nalayiq aparırsan...
Yadınızdadırmı onun təzə-təzə efirə çıxdığı zamanlar. Xüsusilə, "Yağ kimi" adlı ucuz şou xarakterli verilişində pul müqabilində bozbaş müğənnilərin evlərinə, villalarına gedib onların yataq otaqlarını, şifonerlərinin işindəki alt paltarlarını, soyuducularındakı qazan-qazan yeməklərini çəkib yavaş-yavaş "məşhurlaşırdı" ...Bax onda Baxşəliyevin "fərasəti" üzə çıxdı. Sonradan biz "Onun yarısı"nda daha nə bilim ora-burasında nələr gördük, nələr!
İndi bu adam elə bilir ki, haqqında tənqidi fikirlər yazılanda bunu paxıllıqdan edirlər. Amma bu, onun düşüncəsidir. Yəqin ki, özünün daxilindəki hisslərini başqalarında görməyə çalışır. Fəqət, düşünmür ki, onun haqqında hər hansı bir tənqidi fikir səslənirsə, demək, ortada nə isə var və öz üzərində işləyib səhvlərini təkrarlamamalıdır. Əgər doğrudan da yaradıcı insandırsa. Ancaq o, nə yaradıcı, nə də şoumendir. O, sadəcə, yüngül fəaliyyəti ilə tez yanıb, tez də sönən "ulduz"dur. Belə "ulduz"ların isə səmərəsi olmur. Bu səbəbdən də öz üzərində ona ünvanlanan tənqidlərdən nəticə çıxarmağı bacarmır. Üstəlik, guya yeni layihələr hazırlayıb camaatın uşaqları üzərində şou qurur, məşhurlaşır. Elə götürək "Bu stil mənim" layihəsini. Yəqin ki, çoxları həmin verilişdə iştirak edən qızların (onları oraya buraxanların ağılları haradadır görəsən?) bir-birlərinə qarşı hansı tərzdə farmazonluq etdiklərini görüb. Məgər bu, kimə və nəyə laızmdır? Zaur Baxşəliyev kimi uzuc şou həvəskarları olan ucuz tamaşaçı kontingentinə, yoxsa...
P.S. Xüsusilə, Zaurun öz verilişərində ara-sıra "Azərbaycan!", "Qarabağımız!", "dövlətimiz!", "ölkə rəhbərliyimiz!" tipli ifadələri sui-istifadə edərək, öz ucuz şoularını ört-basdır etməsi hər şeyi, hətta onun özünü belə tam çılpaqlığı ilə ortaya qoyur. Rəhmətlik xalq artistimiz Nəsibə Zeynalova demişkən, adə, bu lap lüt-uryandur kiii!!!