PDF Oxu

Köşə

  • 2 694

ATMAĞA PAPAQ TAPMADIM

image

Artıq Novruzun ikinci çərşənbəni də geçirdik və qaldı ikisi. Amma məni qınayıb-eləməyin, qardaş. Çünki bu çərşənbələr elə bil ki, ötənilki çərşənbələrdən fərqlənir. Həmin çərşənbələrdə qapımız döyülür, astanaya papaqlar atılır, biz də həmin papaqları "kasıbın olanından" deyib doldururduq. Mən də imkan tapıb, qonşum Mürvətgilin qapısına papaq atırdım. Elə Mürvət də yekə çal papağını bizim qapıya atıb-gizlənirdi. Guya mən də onun bu papağını tanıyıb-eləməyəcəm. Halbuki qış uzunu Mürvət həmin papağı başından çıxarmırdı. Amma bu qış mən həmin papağı Mürvətin başında görmədim, nəyə görəsə. Heç mən də papaq-filan qoyan deyiləm. Fəqət, evdə papaqlarımın olmasını bilirdim...

Nə isə, yeganə fərqlənməyən məsələ ocağın qalanmasıdır ki, onu da edirik. Birinci çərşənbədə də, ikincisində də ordan-burdan tar-taxta tapıb birtəhəriylə ocaq qalayıb, üstündən o yana-bu yana hoppandıq. Ancaq papaqatdı olmayandan sonra nə ləzzəti var e, bu çərşənbələrin!

Dedim bir evi axtarım papaqlarımdan birin tapıb, yenə də atım Mürvətgilin qapısına. Nə qədər axtardımsa, nə qədər aradımsa, tapa bilmədim ki, bilmədim.

Birdən yadıma düşdü ki, əşşi, axı mən həmn papaqları bir-bir aparıb girov qismində banka qoymuşam! Uşağın təhsil haqqı, valideynlərimin dərmanpulları və s. Yəni unutqanlıq da bu yandan. Banklar da ki, nəmxuda, qanundankənar "qanunvericilikləri" ilə devalvasiyadan istifadə edib, qaz vurub qazan doldurmağa çalışırlar papaqlarımızın sayəsində. Faiz-faiz üstünə cərimə də öz yerində! Ödəyə bilmədikcə papaqlar da yavaş-yavaş, bala-bala gedir əldən. Ona görə də bu çərşənbələr öncəki çərşənbələrdən fərqlənir. Atmağa papaq tapılmır.

Həəə qardaş, beləliklə, qapı qonşum Mürvətgilə papaq atmaq məsələsi bu dəfə əməllicə təxirə düşdü. Ən azından banka pulumu ödəyib papaqlarımı girovdan azad edənə kimi İnşaAllah!

P.S. Deyilənə görə, çərşənbələrdə axar suya baxıb ürəyində arzu etsən, diləyin yerinə yetir. Elə isə gələn Novruza qədər papaqların bank girovundan azad olunması diləyi ilə...

Digər xəbərlər