Fuad Qəhrəmanlı azadlıqda olanda, AXCP-də vəziyyət başqa idi, heç olmasa bu adamın səhərdən-axşama qədər payladığı 5-10 manat pulun müqabilində müxalifətçilərin mitinqinə 50-60 adam gəlirdi. Elə bil, belləri qırılıb. Əli Kərimli təsirlənərək "Fuad mənim fəqərə sütunumdur" demişdi. Yəqin ki, Seymur Həziyev onurğa sümüyü, Nurəddin Məmmədli dizinin taqəti, Gözəl Bayramlı da gözünün nurudur. Düzdür, Əli Kərimli bu sözü deməklə AXCP-nin yalnız özündən ibraət olduğunu etiraf eləmiş olur. Belə olmasa idi, "Fuad AXCP-nin fəqərə sütunudur" deməli idi. Amma demədi. Mitinqə gələn 50-60 nəfərin də məhz Fuadın "qəhrəmanlığı" nəticəsində "müxalifətçi" olduğunu demək də insafsızlıqdır. Şəhərdə o qədər dəli, başdan xarab və azğın adam var ki, hərəsinə 10 manat versən, gəlib "Məhsul"da axşama qədər "azadlıq" qışqıracaq. Yasin adlı bir tanışımız var, hər şeyi etiraf edən adamdır, özü haqqında heç vaxt yüksək fikirdə olmayıb. Xaitirələrindən danışaraq deyir ki, 90-ci illərin əvvəllərindəki mitinqlərdə hamı "Şuşa" qışqıranda, mən "Mişa" deyirdim. Axırda yanımda duran bir nəfər məni dümsüklədi ki, ay qardaş, Mişa yox, Şuşa. Biz bura Şuşaya görə yığışmışıq. Dümsük vuran nə qədər çalışıbsa, Şuşada yaşananları Yasinə başa sala bilməyib. Özü etiraf edir ki, üstündən 10 il keçəndən sonra Şuşanın işğalda olduğunu başa düşmüşəm. İndi "Kamaz" sürücüsü işləyir, daş daşıyır. Bir nəfər buna sifariş verib ki, Ağdama daş aparmaq lazımdır. Yasininin cavabı çox heyrətamiz olub: "Əəə, bizdə Ağdam var?" Bu adam onu da bilmir ki, Ağdamın işğal altında olan kəndləri də var, bizdə olan kəndləri də. Üstündən bir həftə keçəndən sonra mənə də zəng vurmuşdu ki, üstünə "Ağdam" yazılan avtobus görmüşəm, görəsən, hara gedir bu avtobus? Yasin arabir "Milli Şura"nın da mitinqlərində gözə dəyir, "Məhsul"un bir küncünə sıxılıb tum çırtlayır. Mitinqə gəlmək üçün ona pul təklif edəndə, bütün "rasxod"larını sayır, sonra da məbləği deyir. Zalım oğlunun yaman gur səsi var, qışqıranda "Məhsul"un setkaları titrəyir. Fuad Qəhrəmanlı da stadiona girən kimi birinci Yasini soruşur, özü də ona "demoxod" deyir. Yasin ən böyük yalanı elə məharətlə danışır ki, inanmağa məcbur qalırsan. Məgər AXCP-yə belələri lazım deyil?
Tələbə vaxtı "Sahil" metrosunun yanından keçə bilmirdik. AXCP-nin qərargahı əvvəllər ora yaxın idi. İki-üç nəfər ortayaşlı kişi tələbələrin qabağını kəsib cəbhəyə gəlməklərini təklif edirdi. Mitinqlərə görə pul, kirayə puluna köməklik, imtahanlara köməklik və sairə bu tip vədlərlə camaatı aldatmaq bu adamalrın gündəlik işi idi. Tələbə yoldaşım AXCP-dən 14 dəfə pul almışdı, heç bir mitinqə də getməmişdi. Axırda bunun fırıldağını başa düşdülər, başladılar axtarmağa. B da nömrəsini dəyişib, qaçdı rayona. Hələ də elə bilir ki, cəbhəçilər onu axtarır. Üst-üstə hesablasaq, 200 manat pul eləmir. Pulu alıb xərcləyirmiş, mitinq başlayan kimi də telefonunu söndürüb yatırmış. Şəkinin Cunud kəndindən idi. Toyuna da dəvət eləmişdi məni. Deyirdi ki, bəlkə Əli Kərimliyə yeni müxalifət partiyası yaradacağımı söz verib ondan bir az pul alım..?