PDF Oxu

Köşə

  • 2 849

Gültəkin Hacıbəylinin qoz davası

image

Eşitməmiş və oxumamış deyilsiniz. Gültəkin Hacıbəyli neçə müddətdir ki, qozun qiymətinin davasını eləyir. Guya 75 qəpiyə satılmalı olan qoz ləpəsi 20 manata satılır. Açığı, qozun, qoz ləpəsinin nə qiymətə olduğunu bilmirəm. Amma dünyanın mələklər yaşayan ölkəsinə də getsən, göyə qalxıb orda da lövbər salsan, heç yerdə 75 qəpiyə qoz ləpəsi ala bilməzsən. Bu qozu əkib-becərmək, yığmaq, bazara çıxarmaq həqiqətənmi 75 qəpiyə başa gələr!? Ay Gültəkin xanım, neçə gündür sənin bu qoz davandan başqa heç nə eşitmirəm. Axır ki, bu gün düzəm pozuldu və "Aygün Kazımovanın abırlı fotosu yayıldı" başlıqlı yazı oxudum. Gör ha, Aygün o qədər açıq-saçıq gəzib, fotolar paylaşıb ki, abırlı şəkil çəkdirdiyinə inanan yoxdur. Nə az-nə çox, düz gələn həftənin 3-cü gününə kimi də camaat Aygünün "abırlı" fotosunu müzakirə edəcəklər. Allah Kərimdir, həftənin 4-cü günü də başqa bir müğənni soyunar, ya da ki, Zaur Baxşəliyev canlı efirdə arvadını belinə mindirər və beləcə düz Novruza kimi danışmağa bir şey taparıq. Deyirəm, belə baxanda Gültəkin Hacıbəylinin şou-biznes nümayəndələri ilə xeyli oxşar tərəfləri var. Gültəkin 4-5 il bundan öncəyə kimi iqtidarı tərifləyirdi, üstündən bir az keçdi, İsa Qəmbərə "kruçok" atdı, 2013-cü ildə "Milli Şura"çı oldu, indi də Əli Kərimlinin "qadın oxrana"sıdır. Yanından çəkilmir ki, çəkilmir. Dünən dost olduqları ilə bu gün düşmən olur, səhəri günü bu düşmənlə yenidən dost olur. O biri günü də başqa dostları ilə yığışıb başqa bir dostlarının torbasını tikirlər. Eynilə şou-biznesdəki kimi. Sadəcə, fərq ondadır ki, şou-biznesi efirdə göstərirlər, bunları yox. Bir də baxırsan ki, iki müğənni bir-birinə elə bir söz qalmır ki, deməsin. Üstündən bir az keçir, toyda öpüşüb-görüşürlər və beləcə, bu cür yersizlik və ədəbsizlik illərlə davam edir.

Deməli, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 95 yaşını qeyd etməsi ilə bağlı saytlarda yazılar var idi. Yazı qoyulandan 4 saat sonra baxdım ki, cəmi 233 nəfər oxuyub. Ancaq eyni saytda adını çəkmədiyim bir müğənninin hamamda çəkdirdiyi şəkilə düz 15678 dəfə baxılmışdı. Mən həmişə demişəm də, bu nəfs adamı öldürməsə, əl çəkən deyil. Müğənninin şəklini paylaşıb "oxunma sayı"nı artıran bəzi saytlar ölkəmizlə və dövlətimizlə bağlı məlumat dərc etmək üçün adamdan pul istəyir. 50 manat verməsən, atası da qəbirdən xortlayıb gəlsə, xeyiri yoxdur. Sonra da o yazını başqa bir "dost sayt"a atıb pis şeylər yazdıracaq və bu dəfə də şantaj vasitəsilə 100 manat alacaq. Hətta gör iş nə yerdədirsə, Gültəkinin qoz davasını da saytlarına qoymadılar. Artıq 1 həftədir ki, bir sıra ölkələrin tarixçi alimləri bütün dünyaya çağırış edirlər ki, Qarabağı qaytarmaq, Ermənistana təzyiq etmək lazımdır. Xəbəriniz varmı? Yoxdur, çünki bizim cibəbaxan bəzi "şanlı" saytlarımız əllərində imkan var ikən, bunu ictimailəşdirmirlər.

Digər xəbərlər