Bir neçə gündür ki, Əli Kərimli və tərəfdarları sosial şəbəkələrdə müttəfiqlərinə, müxalifət düşərgəsinə qarşı fəal kampaniyaya başlayıblar. Buna səbəb isə "REAL"-ın rəsmisi Natiq Cəfərlinin Əli Kərimlinin fəaliyyətini tənqid etməsi, bu yöndə tutarlı faktlar irəli sürməsidir. Bu işdə AXCP-çilər, hətta təhqirə də yol verirlər. Nəticədə, Əli Kərimlinin AXCP fonunda yaratdığı söyüş qrupu ağlagəlməz təhqirlərlə "REAL" təmsilçisini hədəfə almağa başlayıb.
Söz yox ki, burada Əli Kərimli mövcudluğunu yalnız konflikt yaratmaqda görür. Ortaya qoyacaq başqa düşüncə və yanaşma tərzi yoxdur. Hələ Əbülfəz Elçibəyin vaxtından başlayaraq Əli Kərimli partiya daxilində konflikt yaratmaqla məşğul oldu. O, ziddiyyətləri dərinləşdirib partiya daxilində ayrı-ayrı partiyalar yaratmaq missiyasını həyata keçirib. Ondan sonra isə müxalifət daxilində parçalanmaya zəmin yaratmaqla məşğul olub. Yəni bu, onun fəaliyyətinin əsas istiqamətini təşkil edir. Əgər fərqli baxış ortaya qoysa idi, intellektual müstəvidə siyasət həyata keçirsə idi, barış, həmrəylik tərəfdarı kimi çıxş etsə idi, çox təəccübli olardı.
O da sirr deyil ki, bu təşkilat öz mövcudluğunu çoxdan başa vurub. 2000-ci ildən başlayaraq AXCP-nin əsas elektoratı ayrı-ayrı siyasi qurumlarda birləşiblər. Ondan sonra bu qurumun fəaliyyəti, ümumiyyətlə, nəzərə çarpmır. Əli Kərimli ətrafında olan bir neçə adamın mövcudluğunu qorumağa çalışır. Vaxtilə partiyanın rəyasət heyətində, rəhbərlikdə təmsil olunan, eyni zamanda partiyanın ali məclisinin üzünün heç biri, faktiki olaraq, bu gün həmin partiyada yoxdur. Partiya quru addan yox, insanlardan ibarət olmalıdır. İnsanlar yoxdursa, deməli, partiyanın özü də yoxdur. Əli Kərimlinin bütün fəaliyyəti ad uğrunda mübarizə olub. Nəticədə, ancaq quru adla quru yurdda qalıb. Ortalıqda ondan başqa əldə edəcəyi nəsə yoxdur. Artıq vaxtilə onu müdafiə edən insanların əksəriyyəti onu tərk ediblər. Hər kəs də onu xəyanətdə suçlayıb. Əli Kərimli istisna olmaqla, mütləq əksəriyyət o partiyada deyil. Deməli, xəyanətkarın kim olduğu ortalıqdadır. Yəni söhbət konkret bir nəfərdən gedir.
Digər tərəfdən, bu gün müxalifətdə olan partiyaların aydın, normal fəlaiyyət proqramları yoxdur. Buna görə də ortaya normal fəaliyyət qoya bilmirlər. Gündəmdə qalmaq və adlarının hallanması üçün müxtəlif üsullardan istifadə edirlər. Ona görə də bir-birinə qarayaxma, o cümlədən bir-birinə cəbhə açmaq kimi məsələlərlə gündəmdə qalmağa çalışırlar. Adətən, şou aləmində belə hallara rast gəlinir. Amma artıq müxalifət cəbhəsində də belə hallar adiləşib. Bu da, ümumilikdə müxalifətin perspektvinə müsbət nəsə vəd etmir. Əksinə, onların parçalanmasını bir qədər də sürətləndirir. Necə deyərlər, virtual müharibə davam edir. Ancaq bu müharibənin məğlubu bəri başdan məlumdur - Əli Kərimli...