Nə qədər yaxşı bir insan olmağının elə də önəmi yoxdur
Necə olsa, ilk səhvində ən pis insan sən olacaqsan. (C. Bukovski)
Ər işdən evə qayıdır, paltarlarını soyunub hamam otağına yollanır. Ordan çıxana qədər arvad ərinin telefonundakı qız nömrələrini silməyə başlayır. Yazıq qadın başa düşmür ki, telefondakı "qəssab Arif" Güneldir, "dəllək Həsənağa" Ayseldir... Hələ "Mamed-1", "Mamed-2", "Mamed-3"-ü demirəm. Arvadının şübhələrini tamamilə darmadağın etmək üçün telefonuna Elnarəni "eşşək Elnur", Səbinəni "uzunqulaq Elşən" yazan kişilər də var. Hansı qadın bundan şübhələnə bilər!?
Tanıdığım cavan bir ailə vardı. İki gül balası göz oxşayırdı. Qadının orta təhsili belə tam deyildi, 5-ci sinifdə məktəbə əlvida demişdi. Əri ali təhsil almışdı, ixtisası üzrə işləmirdi. Bir gün eşitdim ki, arvad ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Açığı inana bilmədim, çünki bu qadın 32 hərfdən cəmi bircə hərf tanıyırdı- "0" hərfini. Bu hərfi də asan yazıldığına və yumru topa oxşadığına görə yadda saxlaya bilmişdi. Əri mənə hər şeyi danışdı, əmin olmaq üçün arvadı da dinlədim. Türk serialları qadının başını xarab edibmiş, düşük türk seriallarının insanı belə rəzil günə salacağını düşünməzdim. Əsəbdən yanaqları çat vermişdi, dodaqları əsirdi, əlləri ilə Qərbin "kübar" qadınlarına məxsus şəkildə jest edirdi. Üz cizgilərini unuda bilmirəm, sanki həqiqətən mən də türk serialına baxırdım. Qadın özünü əsl türk seriallarının qəhrəmanı kimi aparırdı. Onun "ərim kimdir ki, mənim azadlığımı əlimdən alır, mən müstəqil və demokrat adamam. Ona görə dalaşdıq ki, ərim məni toya qoymadı, amma mən getdim, gedəcəm" sözlərini eşidəndən sonra bu filmlərin bizim genefondumuza vurduğu zərbənin ağırlığını öz üzərimdə də hiss elədim. İlahi, hərf tanımayan, orta məktəbdə 5 sinif bitirən bir qadın "demokratiya", "azadlıq" sözlərini hardan bilir? Hətta bu yolda iki övladını da qurban verməyə hazırdı. Mən də qadının müəyyən çərçivə daxilində sərbəst olmağının tərəfdarıyam, amma bu, tamam başqa şeydir e. Günlərlə dişim-dişimi yedi. Hələ ərinin yanında türk seriallarındakı kişilərin gözlərinin rəngindən danışan, boy-buxununu vəsf edən o ədəbsiz qadınları demirəm. Nə isə, çox uzatmayacam, türk seriallarından yazanda, əsəbdən əlim əsir. İnanın mənə, təkcə "Aşkı-məmnu", "Kara sevda", "Paramparça" seriallarının bu millətə vurduğu yaralar yüz il sonra da sağalmayacaq. Barmağında Azərbaycan kişisinin üzüyünü, qəlbində türk serialının kişi qəhrəmanlarının "ehtirasını" daşıyan qadınlarımız o qədər çoxalıb ki, ehtiyatlı olun. Arvadlarınızı, qızlarınızı və qadınlarınızı türk seriallarından qoruyun. Bir gün üzünüzə tüpürərlər...