Deyəsən, Cəmil Həsənliyə də elə bu lazımıymış - getmək. Bir neçə ildir ki, "Milli Şura"da ağası Əli Kərimlinin əmrlərinə müntəzir dayanaraq "bəçeşm!" deyən Cəmil Həsənli axırda həmin "bəçeşmləri"nin əvəzini artıqlaması ilə almış oldu. Nədir ki, binəva professor Maqsud İbrahimbəyovun yas mərasiminə qatılaraq, onun ailəsinə başsağlığı ünvanlayıb. Bu isə, əlbəttə ki, nə Əli Kərimlinin, nə də onun "Milli Şura"dakı qulbeçələrinin xoşuna getməyib. Hələ, üstəlik, söyüş yiyəsi də olub. Təbii ki, Əli Kərimlinin "facebook"dakı digər qulbeçələri tərəfindən. Guya Əli Kərimli də bundan xəbərsizmiş. Yəni "Milli Şura"nın sədrliyindən istefa verməsi üçün ərizə yazan Cəmil Həsənlinin həmin addımından xəbəri yoxuymuş (?).
Ancaq haqq-ədalət naminə onu da deyək ki, Cəmil Həsənli Kərimlinin qulbeçələrinin onu ittiham etmələrinə, sözyüş söymələrinə konkret cavab verərək, əslində qarşı tərəfin nə qədər normal təfəkkürdən uzaq olduqlarını etiraf etmiş olub. Məsələn, Cəmil Həsənli sözügedən məsələ ilə bağlı atdığı addımına haqq qazandırıb və o, "facebookda"kı söyüş qrupuna Maqsud İbrahimbəyova borc qaytardığını xatırladıb: "Bir neçə il əvvəl mənim oğlum avtomobil qəzasında həlak olanda, rəhmətlik iki dəfə gəlib bizim hüzr məclisində iştirak etmişdi. Azərbaycan şəraitində xeyir-şərin borc olduğunu yəqin ki, bilirsiniz".
Təbii, elə məsələlər olur ki, həmin məsələlərdə dost-düşmən amili arxa plana keçir. Təkcə qədim atalar məsəllərindən birini önə çəkərək deyə bilərik ki, onlar "xeyir işdən qal, amma şər (yas) məclisində mütləq iştirak et" deyiblər. Qanan adam bunu qanır, qanmayan isə elə necə qanmaz gəlibə, elə də qanmzalıq trayektoriyasından çıxmayaraq, mənasız həyatını yaşamaqda davam edir. İndi Cəmil Həsənli bu məsələdə qanan tərəfdir. Qanmayan tərəflər isə radikal müxalifətin baş qanmazı Əli Kərimlinin tapşırığına əsasən, düşüblər Cəmil Həsənlinin canına ki, o, bu addımı ilə "böyük xəyanət" edib.
Ancaq bütün bunları qoyuruq öncə Allahın, sonra da özlərinin ixtiyarına və keçid alırıq digər bir maraqlı nüansa. Biz uzun illərdir ki, küçə və çayxana müxalifətini bolşevizimdə ittiham etsək də, binəva professor Cəmil Həsənli Əli Kərimlinin qorxusundan bu kimi ittihamlarımıza ən sərt tonda cavablar verir, guya radikal təfəkkürlülərin heç də bolşevizm ideologiyasına xas olmadığını isbatlamağa cəhdlər göstərirdi. Lakin sonda bunu özü də etiraf etmiş oldu. Sadəcə, onun bununla bağlı dediklərini təhlil edək. Cəmil Həsənli onu qınayanları bolşevizmdə günahlandırıb. Nəticədə, radikal düşərgə daxilində "Milli Şura" sədrinə etimadsızlıq yaradan bu olay AXCP sədri Əli Kərimli ilə Cəmil Həsənlinin təkbətək görüşündə müzakirə mövzusu olub. Əli Kərimli Cəmil Həsənlinin addımını "anladığını", amma "facebook" istifadəçilərinə, yəni yönləndirdiyi söyüş qrupuna qarşı radikal mövqe sərgiləməyin yolverilməz (???) olduğunu onun diqqətinə çatdırıb.
Cəmil Həsənli isə, öz növbəsində "Milli Şura" sədrliyinin onun fəaliyyət arenasını daraltdığını önə çəkərək tutduğu postdan istefa verməyə hazır olduğunu dilə gətirib. Həsənlinin bu gözlənilməz bəyanatından şoka düşən Əli Kərimli isə onu dilə tutaraq fikrindən daşındırmağa cəhd edib.
Beləlkilə, Cəmil Həsənli, necə deyərlər, artıq bezdiyini və bundan artığına dözməyəcəyini aşkar olaraq etiraf etməklə yanaşı, "Milli Şura"nın tamamilə yox olmasının "ucunu qoyub". Həsənli küsüb və vaxtilə Əli Kərimlinin bolşeviklərinə qarşı "menşevikliyə" keçib. Qısacası, o, yavaş-yavaş aradan çıxır...
RÖVŞƏN