PDF Oxu

Köşə

  • 2 585

Siyasət müxalifəti çoxdan tərk edib

image

Azərbaycanın dağıdıcı müxalifəti böhran içərisindədir. Çünki bu məkan "devalvasiya"ya uğrayıb. Siyasətlə məşğul olanlar həddindən artıq çoxdur, ancaq onlar arasında siyasətin özü yoxdur. Ona görə də, özlərini siyasətçi adlandıran bu adamların hansı siyasətlə məşğul olduqları da cavabsız sualdır. Məsələn, söz düşəndə deyirlər ki, filankəs siyasətçidir, filan müxalif partiyanın sədridir və ya funksioneridir. Ancaq bu adamların siyasətlərinin nədən ibarət olduğunu, siyasət adına nə etdiklərini müşahidə etmək və ya heç olmasa, xatırlamaq mümkün olmur.

Bir-birlərinə üzdə salam verib, ürəkdə söyənlər

Bu siyasi böhran daha çox müxalifət düşərgəsində hiss olunur. Sonuncu parlament seçkiləri də mövcud böhranı ən qabarıq şəkildə ortaya çıxartdı. Belə ki, müxalifət partiyalarının seçki təbliğatı demək olar ki, müşahidə edilmədi. Hər halda siyasi-iqtisadi və hüquqi konsepsiyalara, platformalara, proqramlara rast gəlinmədi və s. Çünki mövcud olan partiyalar, sözün əsl mənasında, formal siyasi qurum xarakteri daşıyır.

Bu düşərgədə bir-birinə səmimi olan iki siyasətçi belə tapmaq mümkün deyil. Bir-birinə nifrət edən, düşmənçilik münasibətində olan "siyasətçilər" isə kifayət qədərdir. Hətta onlarla "siyasətçinin" adlarını sadalamaq olar ki, bir-birlərinə salam verərkən, qarşı tərəfə münasibətdə beyinlərindən bir neçə mərtəbə söyüş keçirməkdən özlərini saxlaya bilmədikləri qətiyyən şübhə doğurmur.

Nala-mıxa döyəcləmək, yaxud da dəyirman daşı

Təbii ki, belə neqativ münasibətlər sistemiylə yüklənmiş siyasi düşərgə uğur qazana bilməz. Ən pisi də ondan ibarətdir ki, bu siyasi düşərgə indiki fəaliyyətsizlik keyfiyyəti ilə artıq ölkənin gələcəyi üçün kifayət qədər ciddi problemə çevrilməyə başlayıb. Onların xarici qüvvələrə işləmələri, qrant üçün didişib-savaşmaları...

Artıq müxalifətin olmaması bir həqiqətdir və bu reallığın etiraf edilməsinin vaxtı da çoxdan çatıb. Hətta etiraf edilməsə belə, heç nə dəyişməyəcək. Siyasət müxalifət düşərgəsini çoxdan tərk edib. Ona görə də, bu düşərgənin "elitasındakı" qondarma siyasətçilərin nala-mıxa döyəcləmələri də dəyirman daşının çaqqıltısından heç nəyi ilə fərqlənmir...

Digər xəbərlər