Yəqin çoxunuz məşhur "Kurtlar Vadisi Pusu" serialına baxmısınız. Deməli, Polat Alemdar Suriyaya gedir, bir neçə "İŞİD" terrorçusunu məhv edir və axırda bir nəfəri sağ ələ keçirir. Terrorçu deyir ki, məni günortadan əvvəl, saat 11:00-da öldürün. Mən o biri dünyada Peyğəmbər və Onun tərəfdarları ilə nahar yeməyi yemək istəyirəm. Polat Alemdarın adamı Cahid bu terrorçunun təpəsinə bir güllə sıxıb deyir ki, səni 14:00-da öldürəcəyik, qabları yuyarsan. Baxmayın, kinodur, bu xəstə "İŞİD"-çilərin psixologiyası filmdə çox gözəl şəkildə açılıb. Biri gedib anasını öldürür. Səbəb də bunu gətirir ki, islamda hicab vacib buyrulub, ancaq mənim anam hicab bağlamır. Dünya elə əvvəldən cahilliklə mübarizə aparıb. İnsan xəstə, nadan, əxlaqsız, cahil olmasa, heç vaxt ondan "İŞİD"-çi də olmaz. Axı cahilimiz nə qədər çox olacaqsa, düşmənə də bir o qədər fürsət verəcəyik, sapı özümüzdən olan baltalarla zaman-zaman damarlarımızı doğrayacaqlar.
"İŞİD"-çilər yaponları da bəyənmirlər, deyirlər ki, onlar həddindən çox elmlə məşğul olurlar, bu da günahdır. Bu nəcis yığnağı olan "İŞİD" başa düşürmü ki, yaponlar 1 ton salafandan, kalçukdan elə 1 ton da neft hazırlayırlar. Heç bir təbii sərvəti olmayan Yaponiya 4 böyük adada yerləşir, 4 mindən çox xırda adası var. Lahıc keçiləri kimi saqqal saxlayıb, şalvarını qamçılayıb kəsməklə nə cənnətə getmək olur, nə də elm qazanmaq. Yadıma düşmüşkən, yaponlarla bağlı bir məsələni xatırladım. Yaponiyanın dövlət rəsmilərindən birindən soruşurlar: "Siz yeganə ölkəsiniz ki, ABŞ İkinci Dünya savaşında sizə atom bombası atdı, Naqasaki və Xirosima məhv edildi. Bu hesabla, ABŞ sizin düşməninizdir. Bəs nə üçün indiyə qədər ABŞ əleyhinə bircə şüar belə səsləndirməmisiniz?" O, belə cavab verir: "Şüar əlindən bir şey gəlməyənlərin işidir. Əgər bu gün bizim istehsalımız olan "Panasonic" telefonu ABŞ prezidentinin stolunun üstündədirsə, deməli, biz qalib gəlmişik...".
Nə isə, onsuz da hər biriniz bu xəstələri tanıyırsınız. Bizim müxalifət də artıq, deyəsən yavaş-yavaş "İŞİD"-i vurub keçəcək. QAT sədri ilə ASDP sədri Araz Əlizadə yumruq-təpikdən, akrobat aşmaqdan, ştanq qaldırmaqdan danışırlar. Bir-birilərinə deyirlər ki, ... ona alnının ortasından bir yumruq vuracam, şok keçirəcək. Bir neçə il bundan öncə İsgəndər Həmidov da böyük sənətkarımız, xalq artisti Rasim Balayev haqqında demişdi ki, Rasimi cavan vaxtı döymüşəm. İlahi, bu adamların başımı qaçıb? Böyük sənətkarımız da ona pis cavab verməmişdi: "İsgəndər Həmidov mənim qıçım boydadır. Ona bir təpik vuraram, ilim-ilim itər". Mənə maraqlıdır, bu adamlar da yaponları bəyənmirlər? Gecə-gündüz ağıldan dəm vururlar. Amma bunlara 1 ton neft versəm, bir saatdan sonra gəlib görəcəm ki, bütün ölkəni yandırıblar...