PDF Oxu

Köşə

  • 2 530

Xarici maliyyə kəsilib, "demokratiya nağılı" isə qurtarıb

image

Azərbaycanda 50-dən artıq siyasi partiyanın əksəriyyəti müxalifət partiyaları olsa da , platformaları ilə əməllərinin üs-üstə gəlməməsi göz qabağındadır. Müxalifət partiyalarında yeniliklərin olmaması həmin partiyalara rəhbərlik edən liderlərin şəxsi ambisiyaları və onların bağlı olduqları bu və ya digər qüvvələrlə əlaqədardır. Bəzən məsələləri həll etmək üçün qərar verirlər ki, bir araya gəlsinlər. Amma onlardan asılı olmayan bəzi səbəblərdən, yəni onları idarə edən qüvvələrin narazılığından, bu, baş vermir. Elə ona görə də, onlar birləşə bilmirlər. Çünki Azərbaycandakı müxalifət liderlərinin əksəriyyəti özbaşına qərar qəbul edə bilmir. Həmin partiya sədrlərinin bağlı olduqları bir çox qaranlıq qüvvələr var ki, onlara müstəqil siyasət yürütməyə imkan vermirlər və həmin qüvvələr onları idarə edir. Bu səbəbdən, müxalifət rolunu oynayan partiya liderləri öz səxsi ambisiyaları və onları idarə edən qüvvələrin maraqları ucbatından həm müxalifətin birləşməsinə, həm də xalqa xidmət etməkdə maraqlı deyillər və buna imkan da vermirlər.

Ona görə də, bu gün xaricdən maliyyələşə bilmədiklərini "anti-demokratiya" adlandıran bəzi liderlər gəlir mənbələrinin olmadığını deyirlər. Halbuki siyasi partiyaların xaricdən maliyyələşməsinə qadağa ondan ötrüdür ki, siyasi təşkilatlar həmin qurumların təsiri altına düşməsinlər. Özlərini radikal müxalifət adlandırıb xalqın hissiyatı ilə oynayan partiyaların əksəriyyəti xarici təşkilatlardan maliyyələşsə də, bu yardımı açıq şəkildə almırlar. Onlar bunu özlərinə yaxın olan QHT- lər vasitəsilə alırlar. Fikir versək, görərik ki, ölkədəki siyasi partiya liderlərinin xarici ölkələrə səfəri demək olar ki, yoxdur. Bu da ondan irəli gəlir ki, həmin liderlərin tək bir məqsədi və amalı var - varidat əldə etmək. Hətta onlara hakimiyyəti mübarizəsiz, seçkisiz təslim etsələr də, ölkəni idarə edəcək potensialları yoxdur. Xarici ölkələrə səfər etsələr də, həmin səfərin bir amalı olur - maliyyələşdikləri QHT- lərin təşkil etdiyi bir tədbirdə hesabat vermək. Partiya liderləri öz kreslolarından möhkəm yapışıb, on illərlə xalqa demokratiya nağılı danışırlar. Amma fakt odur ki, həmin qurumlarda demokratiyadan əsər belə yoxdur. Çünki həmin partiyalarda heç bir üzvün səsi və mövqeyinə hörmətlə yanaşılıb, fikirləri və iradları dinlənilmir. Müxalifət düşərgəsində olan siyasi partiyalara yeni idealara malik olan, xalqını sevən yeni liderlər gəlsə, təbii ki, sözügedən partiyalar inkişaf edərək, bir çox dəyişikliyə nail ola bilərlər. Çünki illər boyunca onlara verilən təlimatlar istənilən nəticəni verməyib, yəni onlar özlərini doğrultmayıblar. Xərclədikləri milyonları havaya sovurublar, yəni müxalifət liderlərinin cibinə. Buna hamımız şahidik ki, həmin müxalifət liderlərinin şəhərin mərkəzində evləri, bahalı avtomobilləri və s. Övladları isə xaricdə kef çəkməklə məşğuldur. Məncə, belə yararsız və düşüncəsiz partiya liderləri nə xalqa, nə də hansısa bir dağıdıcı təşkilata lazımdır...

Digər xəbərlər