ABŞ-da prezidentliyə namizəd Donald Trampın müsəlmanlar haqqında dediklərinə qulaq asdıqca, adamda belə bir təsəvvür yaranır ki, bu adam prezident yox, AXCP-yə sədr seçilmək istəyir. Ağzına, ağlına nə gəlirsə, onu da deyir. Sanki şüurla nitq arasında rabitə tamamilə itib bu adamda. Heç müsəlmanların ona cavab verməyinə ehtiyac da qalmadı. ABŞ prezidenti Barak Obama sona kimi dözə bilmədi, Trampın boğazdan yuxarı bəyanatlarına axır ki, cavab verdi: "Müsəlmanları aşağılamaq, onların ölkəyə girişini çətinləşdirmək təkcə öz dəyərlərimizə xəyanət deyil. Bu, həm də ən önəmli ortaqlarımızı özümüzə yadlaşdırmaqdır. İstər siyasətdə, istər real həyatda cəhalət bir üstünlük deyil. Özümüzə kömək etmək üçün başqalarına da kömək etməliyik. Körpüləri yandırmaq və dünyadan kənarda qoymağa çalışmamalıyıq".
Hələ yumşaq cavab verib, onsuz da hamı bilir ki, Tramp səs yığsa belə, prezident ola bilməz. ABŞ siaysi sisteminin mükəmməlliyi ondadır ki, onlarda belə bambılıları siyasətə buraxmazlar, buraxsalar belə, ipini əllərində saxlayarlar. Dünyaya demokratiya görüntüsü göstərmək lazımdır, ya yox!? Obama bir tərəfə qalsın, Trampın düşük bəyanatlarına münasibət öyrənmək üçün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə zəng etsəm, Tramp peşman olacaq. Məlum olacaq ki, Trampın ermənilərlə gizli işbirliyi var, bu günə qədər dünyada baş verən bütün terror hadisələrini də, məhz o törədib. Tak çto, Trampa təklif edirəm ki, sərsəm bəyanatlarını, müsəlmanlara olan hədələrini dayandırsın. Əks halda, Hafiz Hacıyev onun qələmini qırsa, onu milyardları da qurtara bilməyəcək. Təsəvvür edin ki, Tramp prezidentdir. Səhəri günü İrana bomba, Rusiyaya embarqo, Şimali Koreyaya iki-üç dənə raket... Elə bununla da ABŞ-ın evi yıxılır. Kim Çen qağanın dünya vecinə də deyil. Raketin ucunu Qərbə çevirib gubbuldadacaq.
Son günlər elə ağrılı-acılı cümlələr oxuyuram ki,daha ağrımağa taqətim də qalmayıb. Bir-iki gün əvvəl saytlardan biri xəbər qoymuşdu, başlığa diqqət edin: "Şamaxıda müəllim 15 yaşlı şagirdini zorladı-SUPER!". Bu hadisənin super olan tərəfi nədir görəsən? O əclaf müəllim qədər həmin saytın rəhbəri də günahkar deyilmi!? Başqa bir sayt "Eurovision"un qalibi Camalanın videosunu qoyub altından da yazıb ki, dilinə qurban, oxu, gücümüz səninlədir...". Bəs bu axmaqlığa nə cavab verək? Görəsən, Camalanın çıxışına baxıblarmı bu adamlar? Hansısa ər-arvad boşanan kimi yazırlar ki, arvad ərinə dostu ilə xəyanət etdi... Bu adamların ailəsi yoxdurmu? Yoxdursa, saytın devizində bunu qeyd etsin ki, "mən hər şeyimi itirmişəm...". Tramp belələrinə prezident olsa, yerinə düşər.
P.S. Tramp müsəlmanları ABŞ-dan qovacağı ilə hədələyir, Bir tərəfdən də "İŞİD" ABŞ-a barmaq silkələyir. Yaman siyasətdir e. Amma nə Trampın ABŞ-a, nə də "İŞİD"-in müsəlmana bir aidiyyatı var.