PDF Oxu

Köşə

  • 2 350

"Ağ Blok"un qara gələcəyi

image

Ağlımız kəsəndən müxalifətin yaratdığı xeyli sayda "birlik"lərin, yeni "koalisiya"ların şahidi olmuşuq. Rəhmətlik Əbülfəz Elçibəy ətrafındakılara deyirdi ki, bircə gün məni tapa bilməsəniz, hərəniz özünüzə bir təşkilat yaradıb özünüzü də ora sədr təyin edəcəksiniz. O, yanındakıların simasına yaxşı bələd idi. Ən çox ehtiyat etdiyi Ə.Kərimli idi. Çox keçmədi, özünün sağlığında AXCP-də təlatümlər başladı, hamı sədr olmaq istədi. Bütün müşavirləri, müavinləri özlərinə partiya yaratmağa cəhd etdilər. Beləliklə də, Elçibəy öldü, yağış yağdı, "cəbhə" adı altında xeyli sayda göbələk partiyalar meydana gəldi. Daha sonra bu partiyalarda ədavətlər başladı, burdan da müavinlər, funksionerlər qopub özlərinə yeni təşkilatlar qurdular. Sağda Ə.Kərimli, solda İ.Qəmbər, sağ əlində möhür, sol əlində ştamp, arxanda boşluq, qabağında qaranlıq... Di, get görüm.

Bu proses bu gün də eyni sifətlərlə davam edir. Müsavatdan, AXCP-dən qopanlar Azərbaycan dili lüğətini qabaqlarına qoyub, ən ciddi sözlər quraşdırıb, yeni təşkilat yaradırlar. Strateji düşüncə mərkəzi, "İctimai Palata", "Milli Şura"... "Ağ Blok" da onlardan biri. Nə mərkəzində strategiya var, nə palatasında ictimaiyyət, nə də şurasında millilik. Üfüqlər qara görünəndə də, məcbursan ki, "ağ" olasan. Hər "birlik" yeni yaranan kimi top-tüfəng atır, sözləri yağış kimi çiləyir, dil boğaza qoymurlar. Elə ki, yayın istisi, ya qışı soyuğu gəldi, topun lüləsi itir, dil boğaza kipləşir. Çox demirəm, bu "Ağ Blok" məsələsini də uzağı istilər düşənə qədər - iyun ayına qədər eşidəcəksiz, ondan sonra bu təşkilatı tapmaq qatıqdan tük çəkmək qədər çətin olacaq. Amma indidən tətilə hazırlaşmaq üçün nəsə etmək lazımdır axı. "Ağ Blok" da qərara alıb ki, mayın 27-də Vyana görüşü ilə bağlı aksiya keçirsin. Mitinq-zad demirlər ha, aksiya... Kişilər böyük siyasətə baş qoşmaq istəyirlər də. Amma nə edəsən ki, düzgün yol seçə bilmirlər. Vyananın nə olduğunu bilməyən bir neçə müxalifətçi gənc var ki, bu aksiyada iştirak edəcəyini deyir. İstəyini sosial şəbəkədə bildirmişdi, çağırış etmişdi. Mən də ona bircə sual ünvanladım və xahiş etdim ki, tez cavab versin: "Vyana hansı ölkənin paytaxtıdır?" Cavab: "Polşanın". Bu müxalifətçi, özü də ali təhsilli adam Avstriyanın paytaxtını köçürüb Polşaya apardı. Əhsən! Di gəl ki, Vyana görüşünə etiraz edir. Tural Abbaslıya məsləhət görürəm ki, aksiyada onun qolundan tutub möhkəm saxlasın, bir də gördün plakat qaldırıb ki, "Vyanaya ölüm, Vyanaya azadlıq...". Ağlamalı vəziyyətin gülməli analizi dəhşət olur e.

Guya Vyanada "uğursuz" danışıqlar aparılıb. Heç olmasa, aksiya keçirməyə haqlı olduğunuzu göstərəcək nəsə bir şey tapasınız. Hətta erməni politoloqu Karapet Kaleçyan sizin kimi danışmır. İstənilən görüş, istənilən addım Ermənistanın əleyhinə, Azərbaycanın lehinə işləyir. Bunu görmək elə də çətin deyil. Nə isə, bunlar ağır söhbətlərdir. Çalışın, "Milli Şura"nın gününə düşməyin, heç olmasa, ayda bircə dəfə yığışıb çay içərsiniz. Çay masasında olan ciddiyyət heç Ə.Kərimlinin masasında yoxdur.

Digər xəbərlər