Sirr deyil ki, ölkəmizdə siyasi mövqe və əqidələrini dəyişib, ucuz dividendləri xatrinə şəxsi mənfəətlərini güdən spekulyant fərdlər az deyil. Daha çox reneqat adlandırılan bu fərdlərin son anda nə edəicəkləri də bəllidir. Onlar qarşılaşdıqları uğursuzluqlardan dolayı çətin vəziyyətdə kənara çəkilib, heç nə olmamış kimi susmağa üstünlük verirlər. Belə reneqatlardan biri də məhz "El" hərəkatının sədri E.Namazovdur. Bütövlükdə, qaranlıq siyasi dairələr tərəfindən idarə olunan Namazov hələ prezident seçkilərindən öncə "fəallıq" göstərərək, Rüstəm İbrahimbəyovun egidası altında az qala özünü "bir nömrəli siyasətçi" hesab edirdi. Ancaq nəticə göstərdi ki, bu adam, ümumiyyətlə, yararsız biridir. Ümumiyyətlə, E.Namazov seçkilərdən-seçkilərə üzə çıxan, sonra isə qürub edən fərd kimi yadda qalıb.
Ölkəmizin siyasi arenasında müxtəlif əndrəbadi üsullarla özünü göstərmək istəyən Namazov hazırda da dağıdıcı qüvvə olaraq öz hədəflərinə nail ola bilmir. Ona görə ki, rəhbərlik etdiyi qurumunda təmsil olunanlar da anlayırlar ki, onlar Namazovla heç bir uğura imza ata bilməyəcəklər. Lakin buna baxmayaraq, onun son hərəkətləri də bəzi qaranlıq məqamlardan xəbər verir. Məsələn, xatırlayırsınızsa, hələ prezident seçkilərindən öncə qurumu tərk edən və bu hərəkatının keçmiş ali məclis sədrinin sabiq müavini Əflan İbrahimov bildirdi ki, hərəkat rəhbəri E.Namazov AXCP sədri Ə.Kərimli ilə danışıb və qərara alınıb ki, ölkədə xaos və anarxiya yaradılsın. Məhz bu açıqlamalardan sonra Ə.İbrahimov "Milli Şura"nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar hüquq-mühafizə orqanlarına çağırıldı. Faktla bağlı, hətta müvafiq araşdırmalara da başlanıldı. "El" hərəkatının rəhbəri son məqamda başa düşdü ki, siyasətdə radikal addımlar atmaq, avantüraya yol vermək uğursuzluğa aparan ən səhv vasitədir. Vətəndaşların dağıdıcı müxalifəti dəstəkləmədiyi təqdirdə, istənilən addım əks effektin ortaya çıxmasına səbəb olur. Eyni zamanda, ötən ilin seçkilərindən əvvəl hər gün çıxışları ilə mətbuatda görünən E.Namazov artıq neçə aydır, yoxa çıxıb. Hər kəsin də müşahidə etdiyi kimi, indi "EL" hərəkatından da, onun "əzəmətli" siyasi rəhbəri E.Namazovdan da xəbər-ətər yoxdur. Görünür, növbəti seçki marafonunda da məqsədlərinə nail ola bilməyən E.Namazov kölgəyə çəkilərək, 2018-ci ilin prezident seçkilərini gözləyir. Və elə düşünür ki, yenə də onun kimilər meydana çıxaraq, "demokratiya uğrunda mübarizə apardıqlarını" bəyan edəcəklər. Bir də "EL" sədrinin növbəti seçkilərdə də "zühur" edəcəyi və sonradan yenidən qürubu gözləməsi heç də təəccüb edilmir. Hətta bu amil Namazovun köhnə şakəridir desək, yenə də yanılmarıq...