PDF Oxu

Köşə

  • 2 678

"Elçibəysevərlərin" gözlənilən susqunluğu

image

Siyasi tədbirlərində, mitinq və aksiyalarında geninə-boluna biz "Elçibəy yolunun davamçılarıyıq" deyib, az qala əllərindəki mikrofonları bütünlüklə ağızlarına dürtən hazırkı müxalifət "liderlərinin" bir olaydan sonra susqun qalmaları müəyyən suallar yaratmağa başlayıb. Məsələnin dəqiq forması isə ondan ibarətdir ki, bir müddət öncə AMDP sədri Nemət Pənahlının, onun ardınca isə sabiq DTK əməkdaşı İlham İsmayılın milli azadlıq hərəkatının liderlərindən olmuş Əbülfəz Elçibəyə qarşı aşkar təhqirlər ünvanlamaları vaxtilə onun yanınca sürünənlər tərəfindən susqunluqla qarşılanıb. Bir könhə deyim kimi, susmaq razılıq əlamətidir... Hətta vəziyyət o həddə çatıb ki, vaxtilə hərəkatın aparıcı simalarından olmuş Ramiz Mirzəoğlu ənənəvi müxalifətin dörd "liderinə" - Müsavatın sabiq başqanı İ.Qəmbər, indiki başqanı A.Hacılı, AXP sədri Pənah Hüseyn və AXCP sədri Ə.Kərimliyə qarşı şərt irəli sürüb. Sosial şəbəkə vasitəsilə "liderləri" ağ yuyub-qara sərən Mirzəoğlu haqlı olaraq soruşub ki, onlar məhz Elçibəyin iqtidarında bir komandanın üzvü olduqları halda və buna görə ömürlərinin axırına qədər ona minnətdarlıqlarını ifadə etmələri yerinə nəyə görə məlum söyüş və təhqirlərə cavab vermirlər? Beləliklə, ittihamçı tərəf "facebook"dakı səhifəsində adıçəkilən hər dörd "liderin" DTK-nın sabiq əməkdaşı, uzun illər Müsavat partiyasının üzvü olan İlham İsmayıla bu şəxslərin cavab verməsini tələb edib. Həmin status tələbnaməyə diqqət yetirək: "İ.Qəmbər, P.Hüseyn, Ə.Kərimli və A.Hacılı! DTK-nın keçmiş əməkdaşı İlham İsmayılın eks-prezident Əbülfəz Elçibəy haqqında söylədiklərinə cavab vermək, fikir bildirmək sizin mənəvi borcunuzdur".

Fəqət, şəxsi ambisiyaları bu "liderlərə" o qədər çox sirayət edib ki, mənəvi borclarını yerinə yetirmələri əvəzinə, az qala elə mərhum Elçibəyi borclu çıxararlar!

Bu arada, R.Mirzəoğlunun fikirlərinə vaxtilə mərhum prezident Əbülfəz Elçibəyə xüsusi yaxınlığı ilə seçilən Ülvi Həkimoğlu da dəstək verib. Həkimoğlu qısa zamanda Elçibəyi təhqir edənlərə qarşı ənənəvi müxalifət "liderlərinin" ayrı-ayrılıqda deyil, məhz birgə şəkildə bəyanatla çıxış etmələrini tələb kimi irəli sürüb.

Əslində, haqlı ittiham və haqlı tələbdir. Çünki yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu adamların hər biri Elçibəyin sayəsində "adam" olub, ortaya çıxıblar. Bəlkə də gənc nəsil bilməsə belə, köhnə adamlar bu fərdlərin hansı üsullarla kostyumlu-qalstuklu "siyasətçilərə" müxalifətin aparıcı "liderlərinə" çevrilmələrini yaxşı xatırlayırlar. Ancaq hər şeyə rəğmən, bu siyasi etibarsızların sözügedən məsələyə susqun qalmalarının davam edəcəyini ehtimal etmək olar. Yəni danışsaydılar çoxdan danışar, mərhum Elçibəyə qarşı təhqir yağdıranlara öz sözlərini deyərdilər.

Onda növbəti belə bir sual yaranır - bəs niyə susurlar? Bəlkə Elçibəy haqqında irəli sürülən təhqirlərdən həzz alırlar?

Məsəlçün, biz AXCP-ni "Yurd" qruplaşması sayəsində işğal edərək, Ə.Elçibəyə qarşı təhqirlər yağdıran Ə.Kərimlidən heç vaxt cavab gözləyə bilmərik. Gözləyə bilmərik ona görə ki, bu adam, faktiki olaraq, öz "liderinə" qarşı istər mənəvi, istər maddi, istərsə də fiziki şəkildə çoxsaylı yaralar vurub! Təkcə "Yurd həqiqətləri" kitabı deyilən faktlar toplumunda gedən bəzi iclas stenoqramları, həmin dövrlərdə Kərimli və ətrafı vasitəsilə Elçibəyə qarşı başladılan mətbuatdakı söyüş kampaniyalarından belə bir nəticəyə gələ bilərik ki, o, bundan sonra da susacaq!

İ.Qəmbər - bu adamın da susacağını bəri başdan ehtimal etmək mümkündür. Çünki bu, həmin İ.Qəmbərdir ki, AXC iqtidarı hakimiyyətdə ola-ola ikinci hakimiyyət partiyasını "bərpa" adı ilə siyasi gündəmə çıxardı. Məhz bundan sonra iki qoçun başının bir qazanda qaynamayacağı məsələsi öz təsdiqini tapdı. Sonrakı prezident və parlament seçkilərində İ.Qəmbər bir addım da olsa Elçibəyə keçmədi!

Pənah Hüseyn və Arif Hacılıdan isə danışmağa dəyməz...

İndi Ramiz Mirzəoğlunun, Ülvi Həkimoğlunun müxalifət "liderlərindən" cavab haqqının tanınması üçün Elçibəyi təhqir edənlərə cavab vermə tələblərini irəli sürmələrinin qarşı tərəfin mövcud reaksiya ilə qarşılanacağını düşünmək gülünc olardı. Bu adamlar Elçibəyin vasitəsilə hakimiyyətə yiyələnib, sonradan ona qarşı müxtəlif xəyanətlərdə bulundular. Yəni hörmətli Ramiz və Ülvi bəy bu qədər saf olmasınlar. Çünki etdikləri tələblərinin gerçəkləşməsi, faktiki olaraq, mümkünsüzdür. Olan isə yenə də rəhmətlik Elçibəyə olur...

Digər xəbərlər