"Milli Şura"nın sınıq "qapısı" çırpıla-çırpıla qalıb
Vurub-dağıtmaq şeytan əməlinin işidir. Belə əməlliləri isə xalq birmənalı şəkildə təkcə bədniyyət deyil, həm də bədbəxtlər hesab edib. "Milli Şura" da belə xislətdə olanların yeridir. Yaradılması ilə dağıdılmasının ömrü bir fəslə yetməyən bu qurumda "sonuncu tikə, deyəsən, boğazdan keçmir". Onun üstündə umu-küsülər, acıqeləmələr artır. Hər gün kimsə bu başabəla "Milli Şura"dan üz döndərir. Nəinki üz döndərir, hətta Əli Kərimli və Cəmil Həsənlini söyüb gedir.
Bu dəfə bir zamanlar "Azadlıq" qəzetinin köşə yazarı Mirzə Sakit "Milli Şura"nın "qapısı"nı vurub getdi. Ancaq başqalarından fərqli olaraq daha konkret vacib faktlar açıqlayaraq, onların iç üzünü ortaya qoyacağını bildirib və qurumu yararsızların toplandığı ölü qurum adlandırıb: "Milli Şura" yaranmamışdan öncə "İctimai Palata" deyilən bir qurum var idi, mən də onun üzvü idim. Buna baxmayaraq, həmin qurumun yararsız olduğunu hər zaman deyirdim. Gördüyünüz kimi də, iflasa uğrayaraq öz yerini başqa bir ölü qurum olan "Milli Şura"ya verdi. Bunun isə ömrü lap az oldu..."
Mirzə Sakitin, həmçinin "Milli Şura"nın sədri Cəmil Həsənlinin və şuranın üzvü, AXCP sədri Əli Kərimlinin şantajçı və böhtançı olduğunu da bildirib: "Hakimiyyəti mənfi əməllərdə suçlayanlar özləri insanları sındırmaqla məşğul olurlar. Sadəcə, onu istəyirəm ki, Azərbaycan xalqının adından istifadə etməsinlər, "Milli Şura"larının maskaradları ilə məşğul olsunlar. Onların hamısı o maskaradın tifil oyunçularıdır. Xalq da oyunbazlığı sevmir və xalqa yalan vədlər yedirtmək gərək deyil. Onlardan haqqımı tələb etdiyimə görə mənə anormal kimi baxanlar bu boyda cəmiyyətin hüquqlarını necə müdafiə edə bilərlər?"
Məsələnin ən maraqlı tərəfi isə, müxalifət düşərgəsində təmsil olunanlar da Mirzə Sakitin timsalında son zamanlar, məhz bu mövqedən çıxış etməyə başlayıblar. Misal kimi, eks-spiker Rəsul Quliyevi göstərmək olar. Belə ki, bir vaxtlar ADP-yə, daha sonra ACP-yə rəhbərlik edən, indi isə, faktiki olaraq partiyasız qalan R.Quliyev bu günlərdə "facebook" səhifəsində paylaşdığı videosunda Azərbaycan müxalifətini, "Milli Şura"nı sərt tənqid edib. Hazırda ölkədə müxalifətin olmadığını qeyd edən eks-spiker "Milli Şura"nın sədri C.Həsənlinin guya prezident seçkilərində qalib gəlməsi ilə bağlı səsləndirdiyi fikirləri ələ salıb: "Keçmiş "Ziyalılar Formu"nun bir qrup şəxsi özlərini "Milli Şura" adlandırır. Onlar özlərini "Ziyalılar Formu" da adlandıra bilməzlər. Çünki o formun iştirakçılarının 40 faizi ziyalı adına layiq deyillər. "Milli Şura"nı yaradan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmur. Yalnız AXCP-dən başqa. Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlara sübut etdilər.
Yəqin razılaşarsınız ki, Ə.Kərimli qurumu inhisara aldıqdan sonra "Milli Şura"nın fəaliyyəti tamamilə perspektivsiz görünür. Odur ki, tezliklə "Milli Şura"nın da bu günə kimi yaranan qurumlar kimi siyasi səhnədən silinəcəyinin, iflasa uğrayacağının şahidi olacağıq.