PDF Oxu

Köşə

  • 3 025

İsa Qəmbər və baba

image

Kiçik bir araşdırma apardıqdan sonra və pulun insan orqanizminə faydaları haqqında mühüm qənaətə gəldim. Pul diş və baş ağrısını aradan qaldırır, görmə qabiliyyətini artırır, iştahanı açır, qan dövranını yaxşılaşdırır, təzyiqi normada saxlayır və sairə. Kim deyirsə, belə deyil, yanılır. Hələ dostlarımızdan birinin "pulla səadət olmaz" fikri başqa bir dostumuzu necə özündən çıxardısa, zalım oğlu əlini stolun üstünə çırpıb yüksək səslə dedi: "Pulla Səadət də olar, Aytən də, Lalə də, nə bilim, Günel də...". Qınamalı deyil e, artıq başı xarab olub. Ayda bircə dəfə evə gedir, o da maaş alanda, başqa günlərdə evinin həndəvərindən keçə bilmir. Pul həm də insanı dəyişdirir, adamı elə bir həddə çatdırır ki, ayağının altını görə bilmirsən. Qəfil bir iynə havanı almasa, ayağını da yerdən üzərsən. Həqiqətən də, son günlər elə hadisələr baş verdi ki, pulun da dəyərsizliyini düşünməyə başladıq. Dünya şöhrətli, daha doğrusu, dünya vətəndaşı Məhəmməd Əli dünyasını dəyişdi, Mikayıl Muşviqin 108 yaşı qeyd olundu ( bir daha əmin olduq ki, o, ölməyib) və sairə. Hələ Serj Sarkisyanın növbəti həyasızlığa imza atıb Moskvada Azərbaycan mahnısını (Üzeyir Hacıbəyovun bəstəsini) "erməni havası" kimi oynamasını demirəm. Sizə dahi şairimiz haqqında bir məsələni yazım, sonra keçərik başqa mətləbə. Mikayıl Müşfiqin bacısı Böyükxanım qardaşı həbs ediləndən sonra, onun evinə gəlib həbs etmək istəyən sovet cəlladlarına təslim olmayıb. O vaxt 30 yaşlı Böyükxanım bibisi oğlu Zeynalabdinin həyat yoldaşı idi. Zeynalabdin işdə olarkən, qara maşın Böyükxanımı həbs etmək üçün gəlir. Evdə axtarış aparılır. Şəkilləri, kitabları götürürlər. Böyükxanım paltar dəyişmək bəhanəsilə yan otağa keçir. Üç litr nefti üstünə tökür. Həyətə çıxır, özünü odlayır. Çaşbaş qalan gələnlər yorğan götürüb alovu söndürməyə çalışır. Lakin artıq iş-işdən keçmişdi. Böyükxanım son nəfəsdə: "Müşfiqə canım fəda olsun" - demişdi... Hə, yeri gəlmişkən, bu həftə 30 yaşlı bir qız 16 yaşlı öz doğma bacısını pula satıb, tüstüsü sonra çıxacaq.

Deməli, dostumuz Kəramət Böyükçöl "Facebook"da status yazıb. Qeyd edib ki, qızım məni bir dəfə ANS-də görüb, indi bütün televizorlara ata deyir. Ən maraqlısı isə, Müsavatın sabiq başqanı İ.Qəmbərin bu statusa şərh yazmasıdır: "Demək, inkişaf var, əvvəllər uşaqlar TV-yə "baba" deyirdilər..". Millət, gözünüz aydın, İ.Qəmbər axır ki, haqq yoluna gəldi, ictimaiyyətə qaynayıb-qarışacaq. İ.Qəmbər baba olandan bəri əməlli-başlı kövrək olub. Öz aramızdır, siyasətçi kimi özünü doğrultmasa da, deyəsən, baba kimi heç də pis deyil. Baxarsınız, heç olmasa, bu məsələdə özünü doğruldacaq. Kişi necə sevincəkdirsə, yas mərasimlərində də nəvəsindən danışıb şeirlər deyir. Bütün günü evdə xalçanın üstündə dombalaq aşıb, uşağı güldürür. Yaxınları belə deyir. Daha partiya-zad da vecinə deyil. Allah Kəraməti də güldürsün, hansı şairi, yazıçını bəyənmirsə, iki gün sonra həmin ədiblə çəkdirdiyi fotonu paylaşır.

P.S. İndicə televiziyada aparıcı deyir ki, "Ələt-Astara yolunun 40-cı kilometrliyində yol qəza hadisəsi baş verib. Hadisə nəticəsində "Mercedes" markalı maşın ağır xəsarətlər alıb". Dəlinə şükür, İlahi! Maşın da xəsarət alarmış.

Digər xəbərlər