AXCP-Müsavat çütləşməsi nəticəsində XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda elə bir sistem qurulmuşdu ki, bu lənətə gəlmiş idarəçilik sistemini göstərən videokadrlara indi də baxanda, əsəb toppuz kimi adamın təpəsini əzir. İnsanın beyninə gic-gic şeylər gəlir. Ya gedib əlinə lapatkadan, oraqdan, dırmıqdan-zaddan alıb Pənah Hüseynin, İsa Qəmbərin, Əli Kərimlinin başına tuşlayasan, ya da səbrinə basıb, bu vətənbazların mövcudluğuna tamaşa eləyəsən. Deməli, 1993-cü ildə Milli Məclisini kadrlarına baxıram. Jurnalist Çingiz Sultansoy P.Hüseynə sual verir: "İstefa nə üçün vermisiniz?". P.Hüseyn gözləyir ki, bəlkə jurnalist sualı düzəldib dəqiq verə, yenə də alınmır, düz 4 dəfə təkrar edir: "Pənah bəy, istefa nə üçün vermisiniz?". Nə isə... Məqsədim başqadır. Milli Məclisin girişində də Zərdüşt Əlizadə başqa bir deputatı "top"a tutur. Heç nə demirəm, Zərdüşt Əlizadənin dodaq və əl hərəkətləri, xüsusilə də qaşlarının rəqsi heç də dəyişməyib: "Ala, əcəb eləmişəm". Bizim parlamentdə ən çox işlənən söz bu idi: "Ala, çaşma, əcəb eləmişəm, sözün varsa, məclisdən sonra görüşərik". Ordusu olmayan, büdcəsi, Ləl-Cəvahir Fondu Türkiyəyə oğurlanıb daşınan dövlət son nəfəsini verirdi. Cəbhəçi, müsavatçı yaranmış vəziyyətdən istifadə edib sərvətlərimizi, pulumuzu yad ölkələr daşıdılar. Onlar indi də ABŞ-da iri neft maqnatları kimi tanınırlar. Ləl-Cəvahir Fondundan yoxa çıxan 8 ton qızıldan bu gün də xəbər yoxdur, bir nəfər çıxıb ağzını belə açmır.
Yadımdan çıxmamış bir məsələni nəzərinizə çatdırım. Bilmirəm, təsadüfdür, yoxsa yox, yeni doğulan uşaqlara ən gic adlar da, məhz AXCP-Müsavat dövründə qoyulmuşdu. Bu yaxınlarda bir nəfər öz qohumunun şəxsiyyət vəsiqəsinin fotusunu göstərir mənə. Yazılıb: Abbasova Loxiyə. Nə bilim, Məmmədov Setka, Şavuşoğlu Eşşək, Sekret, Bezblet, Traktor, Posu, Kombayn və sairə bu kimi adların da çoxu həmin dövrdə qoyulub. Guya demokratiyadır. Elçibəyi sevdiyinə görə, Sovet adlı bir kişi cəbhə iqtidarı dövründə oğluna Antisovet adı qoyub. Oğlan böyüyüb yekə kişi olub, amma indi də heç yerdə adını çəkə bilmir, utandığından şəxsiyyət vəsiqəsini corabında gizlədir. Maraqlısı odur ki, Antisovet atası Soveti bir neçə dəfə aparıb qocalar evinə atıb. Sovet hər dəfə qocalar evindən qaçıb. SSRİ-nin dünyada bircə qalığı qalıb, o da cəbhəçi Sovet.
Bir deputat var, adını çəkməyəcəm. Çünki hər dəfə adını çəkəndə, məlun Yezidi xatırlayıram. Deyirlər, 1992-ci ildə Rəhim Qazıyevin xətrinə dəyib və parlamentdən çıxıb evə gedirmiş. Düz köhnə C.Cabbarlı kinoteatrının qabağında Rəhim Qazıyev onun qolundan tutub, hərbi hissəyə göndərib. And içirlər ki, 3 gün "şaqat" eləyib, təpik döyüb. Qışqırırmış ki, mən deputatam. Xeyri olmayıb. Üç gündən sonra gətirib onu atıblar götürdükləri yerə.