Özü nəql edir ki, uşaq vaxtı qonşumuzda yaşlı bir kişi var idi. Bir dəfə özündən asılı olmadan həmin kişini daşlamağa başlayıb. Əlinə nə keçibsə, kişinin üstünə atıb. Ahıl da axırda ona deyib ki, ay oğul, daş atma, hara atsan öz ATAna dəyəcək. Üstündən 20 il keçib, həmin yaşlı kişi də yəqin dünyasını dəyişib. Ancaq bu abırsız cavan yaşayır, qoca kişinin ona dediyi ibrətamiz nəsihətdən hələ də nəticə çıxarmayıb. Özü də telekanalda işləyir, aparıcılıq edir. Ay hörmətli televiziyalar, elə bu şəxsin simasında sizlərə müraciət edirəm: nolar, dilimizi yerə yıxıb ağzına-ağzına təpikləməyin. Nöşün belə edirsiz axı? Biçarə Azərbaycan dilinin nədir günahı? Yüz il öncəki firəngistanlı qızlar da yoxdur - sarışın, almayanaq rus gözəlləri, qıvrımsaç, pəmbə dodaq türk qızlarının da hamısı müğənnidir. Bu oğlan, bir də görürsən ki, efirdə ABŞ-Rusiya münasibətlərindən danışır. Sanki əlinə yekə bir qazan alıb qarğıdalı qaynadıb satır. Əfsanəvi boksçu Məhəmməd Əli dünyasını dəyişəndə bu yarıtmaz TV-də anonsda deyirdi ki, "dünyaca məşhur, əfsanəvi futbolçu Məhəmməd Əli dünyasını dəyişdi, bu, necə baş verdi?" Sağ olsun, boksçunu futbolçu eləyən bu yarıtmaz bu gün səhər efirdə qışqırırdı ki, Xətai rayonunda ağır yol qəza hadisəsi baş verib, hadisə nəticəsində sürücü ölüb və "Mercedes" markalı MAŞIN AĞIR XƏSARƏTLƏR alıb. Maşın xəsarət alarmı? Milli Teleradio Şurası ağzının danışığını bilməyən telekanal işçilərinin siyahısını tutanda, bu yarıtmazın da adı həmin siyahıda idi. Hələ Fransada keçirilən futbol üzrə Avropa çempionatında Portuqaliya oynayanda bu adamcığazın oyunlarını görəsiniz!? Sanki hər şeyini əlindən alıb Ronaldoya hədiyyə edirlər ki, təki qol vursun. Arvadını da qucaqlayıb oturdur yanında, pusquda dururmuş kimi bic baxışları ilə Ronaldonun ayaqlarını izləyir: "ay qız, görürsən, dəhşətdi e, onun ayaqlarına bax... və sairə"... Kənd qızı olan yazıq arvadı elə bir paz avtobusuna minib ki, ərinin bu sərsəm hərəkətlərindən canını qurtara bilmir. Kəndə getsə, saman daşıyıb, təzək yapacaq. Burda qalıb hər gün məcburən futbolçuların ayaqlarına baxır. Birini qoyub, o birinə keçim.
Bu həftənin 2-ci günü idi. Telefonuma zəng gəldi, bir cavan oğlan özünü sığorta şirkətinin əməkdaşı kimi təqdim elədi. Şirkətin adını yad dildə dediyinə görə, yadımda saxlaya bilmədim. Mənə sığorta təklifi edirdi. Nəyi sığorta etdiklərini soruşanda, cavab verdi ki, istənilən yerinizi-burnunuzu, qulağınızı, ayağınızı, bir sözlə, haranızı istəyirsinizsə... Düzdür, sığorta olunmalı elə bir yerim yoxdur, təkcə burnumun diametri 80 kvardratdı, onun nəyini sığorta elətdirim? Guya burnuma nəsə olsa, bunlar yenidən burnumu düzəldəcəklər. Nə isə, sözüm onda deyil, "tak çto", hazır olun, sizlərə də zəng gələ bilər. Artıq tanışlarımızdan bir neçə nəfərə SMS-lə sığorta təklifi gəlib.
P.S. Üç gün oncə ABŞ özünü heç bir insidentin baş vermədiyi ölkə adlandırdı. Bu gün isə ABŞ-da atışma nəticəsində 4 polis öldürüldü. Bu amerikanlılar niyə bu qədər zəmanət verməyi xoşlayırlar, bilmirəm... Keçən il Dövlət Departamenti deyirdi ki, ABŞ-da jurnalistlər təqib olunmur. Üstündən bir müddət keçəndən sonra canlı efirdə jurnalistləri güllələdilər.