Müsavatla AXCP-nin birləşməsi ideyası ürəklərdə qaldı. Bu arzu heç bir cəbhəçiyə, müsavatçıya qismət olmayıb, bundan sonra da olmayacaq. Qırılmış telləri bərpa eləməyə cəhd edən Müsavat başqanın müavini Tofiq Yaqublunun cəhdləri boşa çıxdı. Daha doğrusu onun barışıq cəhdləri özünə baha başa gəldi. Ordan İ.Qəmbər danladı, burdan Ə.Kərimli. Deyəsən, İ.Qəmbər daha möhkəm incidib Tofiqi. Hətta onun AXCP sədrinin müavini olacağı ilə bağlı şayiələr də əsassız yerə yayılmayıb. Tofiq bəy ilk addımını da atıb. Bircəcik qızı Nigar Yaqublunu Ə.Kərimlinin gözünün ağı-qarası Seymur Həziyə verib. Ay gidi dünya... Öz aralarında nikah diplomatiyası aparıblar. Əvvəllər uzun illərin düşmənləri olan iki dövləti barışdırmaq üçün belə addım atıblar. AXCP və Müsavatın elədikləri isə həm gülməlidir, həm də ağlamalı.
Yazıq ALP-nin sədri Əvəz Temirxan hələ də evlənməyib, o da müxalifətdə bu tip addımların qurbanı oldu. Lalə Şövkət Ə.Temirxanı heç kimə vermədi, Əvəz də ömrünü ona sərf elədi. Zarafat deyil e, bu qədər vaxtı bir partiyada və eyni qadının yanında olasan... Düzdür, axırı heç də yaxşı olmadı, günün hansı vaxtında getsən Əvəz bəy qoltuğunda qırmızı "papka" ilə Nərimanov Parkında fırlanır. Birinə iş düzəldir, birinə vəkillik edir, başqa birinin də siyasi mühacir kimi ölkədən getməsi üçün ora-bura müraciətlər ünvanlayır. Hər nədirsə, odur. Yenə də ortada evlənmək faktı var və elə buna görə də xoşbəxt olsunlar! Deyilənə görə, bu evlənmə məsələsi ilə bağlı, Seymurla Nigar haqqında "Azərbaycan saatı" da böyük bir sujet hazırlayıbmış və bu yolla AXCP-Müsavat rəhbərlərini barışığa dəvət edəcəkmiş. Bu da qismət olmadı. Çünki Türkiyədə baş verən məlum hadisələrdən sonra "Azərbaycan saatı"nın da yayımlandığı "Barış" TV bağlanıb. Amerikaya Fətullah Gülənlə bağlı olan 16 telekanalın içərisində "Barış" TV də vardı. Sonra məlum oldu ki, 16 kanalda, eləcə də "Barış" TV-də yayımlanan bütün verilişlərin arxasında ABŞ-ın maraqları dayanır. Bircə dəfə də olsun bu telekanallarda Qərb əleyhinə ifadələr işlənməyib. Heç vaxt da maliyyə mənbələrini açıqlamayıblar, lakin ən imkanlı telekanallar siyahısında idilər.
Yəqin oxumusunuz, "Azadlıq.info"da 27.07.2016-ci il tarixində Ə.Kərimlinin xaricdə qaçıb gizlənən oğlu Türkel Kərimlinin müsahibəsi dərc olunmuşdu. Ətiniz tökülsün, bu balaca qoturu niyə təbliğ edib zorla şəklini saytınıza yapışdırırsız? Heç olmasa, hazırladığınız müsahibəyə fikir verin, axı o cümlələr, o danışıq tərzi Türkelə aid deyil. Uşaq təkərə düşüb elə bil. "Bu müsahibənizi siyasətə gəlişiniz hesab etmək olarmı" sualına "Yox, mən siyasətdə deyiləm, sadəcə, siyasi görüşlər keçirirəm" şəklində cavablandıran bu uşağın heç başa salan olmayıbmı? Ay oğul, ay dost, ay "siyasətçi", ay Türkel, əsgərliyə niyə getmədin? Hansı adla və hansı formada buna nail oldun?
Heç yadımdan çıxmaz, tələbə vaxtı bir müəllimiz vardı- Qürbət müəllim. Hər cümləsi bir hadisə idi. Cibində 6 partiyanın biletini daşıyan tələbə yoldaşımızı hər görəndə, bu cümləni deyərdi: "Ay oğul, sən bir təsadüfi cinsi akt nəticəsində dünyaya gəlmisən..." Üstündən 10 il vaxt keçib. İki gün öncə eşitdim ki, indi də "Ağ" partiyaya üzv yazılıb. Nə qədər ki, bu cür "əqidəli müxalifətçilər" var, bir o qədər də "güclü" mitinqlər olacaq!