Hələ 2013-cü ilin prezident seçkiləri öncəsi Azərbaycan Xalq Cəbhəsi Partiyası və dağıdıcı müxalifətini müxtəlif qrupları "Milli Şura" adlı qurum yaratdılar. Qurumun Rusiyanın müəyyən qaranlıq siyasi dairələri tərəfindən yaradılması barədə kifayət qədər faktlar mövcuddur. Məhz həmin ərəfələrdə "Milli Şura"nın namizədi Cəmil Həsənli gah bu, gah da digər şəkildə mediaya çıxıb, guya həyatına qəsd olunacağını iddia edir, ona əmr verən ağalarının bütün tövsiyə və tapşırıqlarına mujiksayağı "budet sdelano" (yerinə yetiriləcək-R.) deyərək, min bir oyunlardan çıxırdı. Ancaq alınmadı. Çünki Rusiya-Azərbaycan münasibətləri fonunda Şimal qonşumuzun qaranlıq siyasi dairələrinin bundan artıq əl-qol açmalarına heç Rusiya hakimiyyəti də razı olmazdı. Nəticədə, "Milli Şura" ciddi parçalanmalar yaşadı və hazırkı məqamda da biz bunun şahidi olmaqdayıq.
Lakin məsələnin əsas tərəfində C.Həsənli deyil, onu siyasi kuklaya çevirmiş Ə.Kərimli amili dayanıbdır desək, çox yəqin ki, yanılmarıq. Yəni fakt budur ki, Ə.Kərimli zaman-zaman demək olar ki, ona yaxşı ağalıq edən maraqlı dairələrə canla-başla nökərçilik edib. Bu nökərçilikdə isə yanında Q.Zahid, C.Həsənli, N.Ədilov, S.Həzi kimiləri dayanırdı. Ancaq biz bunu da bir kənara qoyub, keçirik əsas mətləbə...
Demək, Ə.Kərimlinin son vaxtlar "FETÖ" məsələsində ittiham olunması arxasında üzə çıxan çoxsaylı faktlar barədə məlumatlar Rusiyanın telekanallarına qədər gedib çıxıb. "Vesti" kanalında Ə.Kərimlinin ifşası ətrafında xəbər bülleteni efirə gedib. Orada bütün faktlar yerli-yerində Rusiya ictimaiyyətinin diqqətinə çatdırılıb. Nəticədə, Ə.Kərilmi bu hadisədən pəjmürdə olub və dərhal cumub feysbuk klaviaturasına. Bu adam elə bilir ki, Rusiya hakimiyyətinin hədəfindərir. Ancaq unudur ki, Rusiya mediası "FETÖ" planının Azərbaycanda baş tutmaması faktlarından bəhs edərkən, burada Ə.Kərimlinin rolundan da bəhs edib. Binəva AXCP sədri də elə sanıb ki, Rusiya boyda böyük məmləkət işini-gücünü atıb, bu siyasi dılğırı hədəfə alıb. Belə yerdə deyiblər e, gorun çatlasın Lenin..!
Ancaq Kərilmli bir amili, deyəsən, unudub. Unudub ki, "Milli Şura"nı yaradarkən, onun özü Rusiyanın qaranlıq siyasi dairələrinin ayaqları altına atılmışdı. Sadəcə, ona verilən əmr və tapşırıqları yerinə yetirə bilmədiyinə görə, çox yəqin ki, "Milyarderlər İttifaqı"ndakı köhnə dostları onu Rusiyanın telekanalları vasitəsilə "vurur". Yəni necə deyərlər, dərsini verir. Bu da elə bilir ki, rus buna ilişir. Fəqət, rusun başqa işləri var, ay Ə.Kərimli! İndi Rusiya Türkiyə kimi böyük dövlətlə əməkdaşlığının yeni formatlarını qurur və sənin kimi siyasi böcəklər, ümumiyyətlə, rusun marağında deyil.