Peyda olduqları gündən özlərini müxalifət düşərgəsinin "ən aparıcı" müxalifət partiyaları kimi təqdim edən, daha dəqiqi isə, sırıyan AXCP və Müsavat partiyalarındakı istefaların sayı son günlər elə ardıcıl hal almağa başlayıb ki, hətta statistika ilə məşğul olan təşkilatlar da bunu hesablamaqda çətnilik çəkməyə başlayıblar.
Ayağı ağır olana deyirlər ki, "gələn yerdə ayağın qırılaydı". A.Hacılı başqan olan gündən Müsavat funksionerləri də bu qarğışı ona yağdırmaqdadırlar. Səbəbi də partiyanın ailə podratı təşkilatına çevrilməsi, A.Hacılı və Mustafa Hacıbəyli qardaşlarının oranı istədikləri kimi idarə etdikləri, İ.Qəmbərin isə baş verənlərə etinasız yanaşması ilə əlaqələndirirlər. Artıq Müsavatın rayon təşkilatlarında, demək olar ki, adam-filan da qalmayıb. Uzağı bir-iki nəfərdən başqa ki, onların da, əslində müsvatçılıq ideologiyasından ümumiyyətlə başları-zadları çıxmır. Görünür ki, bütün bunlar A.Hacılıya sərf edir. Çünki ona siyasi bilgisi, siyasət anlayışı olan kəslər lazım deyil. Çünki onlar Arif-Mustafa qardaşlarına maneçilik törədə bilərlər. Ona görə də vəziyyət bəlli həddə qədər inkişaf etməkdədir və sabah-birigün oradan növbəti rayon təşkilatının üzvləri də gedərkən, buna təəccüb etməyə dəyməz.
Eynilə AXCP-də də vəziyyət Müsavatdakı kimidir. Ə.Kərimlinin təşkilatdaxili avtoritar idarəçiliyi, diktatorluq üslubu oradakı insanların kəskin qınaqları ilə müşahidə olunur. Cınqırlarını çıxaranlar isə sorğusuz-filansız, dərhal təşkilat sıralarından istefaya göndərilirlər.
Bu arada AXCP-də bir faktı xatırlatmaq istərdim. 2013-cü ilin prezident seçkilərindən üzü bu yana Ə.Kərimlinin əlində kukla kimi oynadılan "Milli Şura"nın sədri C.Həsənliyə AXCP sədri tərəfindən növbəti badalaq hazırlanırmış. Əslində, bu heç də təəccüb doğurmur. Çünki Ə.Kərimli zamanında da, indi də erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatların pullarına o qədər çox satılıb ki, bu satılmışların sayı-hesabı belə itib.
Göründüyü kimi, həm Müsavatda, həm də AXCP-də "satqınlıq etməyənlərə yer yoxdur" devizi davam etdikcə, tərkiblərində barmaqla sayılacaq adamları qalan həmin partiyaların sonu çatıb. Bu yerdə siyasi səbatsızlığın bariz nümunəsi olan həm A.Hacılıya, həm də Ə.Kərimliyə məsləhət edərdim ki, bir araya gələrək, təşkilatlarında yeni postlar müəyyənlşdirsinlər - "İstefaşünaslıq" postu. Oraya yerləşdirilən tərəflər isə istefaları saymaqla və səbəblərini öyrənməklə məşğul olsunlar. Sonra da cəmiyyətə açıqlama versinlər ki, nəyə görə uzun illər canlarını-başlarını müxalifətçilik yolunda qoyan bu qədər insan indi oradan uzalaşdırılır, ya da uzaqlaşırlar. Bax, onda deyəirik ki, hə! Axır ki, AXCP və Müsavatda da demokratiya prinsipi gördük. Amma çətin...Nə qədər ki, oralarda İ.Qəmbər, Ə.Kərimli, A.Hacılı... yelləri əsəcək, istefaların da sayı artacaq. Ta o vaxta qədər ki, AXCP və Müsavat bir həsirdən, bir də Məmmədnəsirdən ibarət olacaq. Buna isə çox az vaxt qalıb.