PDF Oxu

Köşə

  • 2 841

Mitinqləri özlərinə qalacaq...

image

AXCP-nin ardınca, Müsavat partiyası da aman vermədən dövlət və Konstitusiya əleyhinə mitinq keçirmək eşqinə düşüb. Təbii ki, burada daha çox nəzərə çarpan referendum öncəsi ənənəvi düşərgə rəsmilərinin özlərini yenidən rteklam etdirmək, daha dəqiqi isə, xalqı özlərinə güldürmək amili dayanıb. Çünki bunlar hər zamankı kimi yenidən eyforiyaya qapılmağa başlayıblar. Lakin Müsavatın eləcə də "Milli Şura"nın mitinq qərarı bir sıra müxalifət partiyaları tərəfindən ciddi qarşılanmır. Hesab olunur ki, Müsavat və "Milli Şura" meydana lazım olan qədər elektorat çıxara bilməyəcəklər və növbəti dəfə rüsvay olacaqlar.

Növbəti dəfə lağlağı obyektinə çevriləcəklər

Ümumiyyətlə, "Yurd" AXCP-si və "Milli Şura" parçalanmış vəziyyətdə, Müsavatın da bənzər vəziyyətdə olması belə deməyə əsas verir ki, onlar sadəcə, boşboğazlıq etmək üçün mitinq keçirmək qərarına gəliblər.

Paralel olaraq, AXCP və "Milli Şura"nın Müsavata münasibətləri soyuqdur. Həmçinin, mitinq kimi məsələlərdə öz proqramları daxilində hərəkət edirlər. Digər tərəfdən Müsavatın özündən iki təşkilat (Ağ Partiya və ADR Hərəkatı) ayrılıb, elektoratı bu iki qurum arasında parçalanıb. KXCP, ADP, VİP, BAXCP, "REAL" Hərəkatı, AMİP, ALP və digərləri Müsavat, həmçinin, "Milli Şura" və "Yurd"un verdikləri qərarlarda iştiraka loyal yanaşmırlar. Digər qurumlar da Müsavata dəstək üçün meydana elektorat çıxarmaq gücündə deyillər. Yəni hakimiyyət etiraz üçün Müsavata və digər müxalifətə meydan versə belə, bu elan olunduğu kimi, izdihamlı mitinq olmayacaq. Artıq bu, bir aksiomaya çevrilib.

Bir araya gəlməyənlər xalqdan hansı dəstəyi gözləyirlər?

Əslində, biz 2013-2015-ci illər ərzində "Milli Şura" və "Yurd"un "Məhsul" stadionunda müxtəlif adlarda keçirdikləri mitinqlərdə də bunu gördük. İndiki halda da, Müsavat hansısa proqram hazırlamasa və müxalifətin yekdil razılığını almasa, meydan yenə boş qalacaq, yenə də demokratik düşərgə media və cəmiyyətin lağlağı mövzusu olacaq.

Beləliklə, bunların səs-küyləri də özlərinə qalmış olacaq.

Bu arada daha bir sual yaranır: baxın, həm AXCP, həm də Müsavat parçalanmış və məhv olmuş vəziyyətdə olduqları halda, iddialarından əl çəkməyib, ayrı-ayrılıqda mitinq keçirmək istəyirlər. Öz aralarında, hətta fikirləri üst-üstə düşdüyü halda olsa belə, bir araya gəlməyənlər xalqdan hansı dəstəyi gözləyirlər? Bax, əgər siyasətlə-filanla bu qədər maraqlanırlarsa, gəlib bu sualın cavabını versinlər. Əlbəttə ki, bu suala cavab verməyi bacarsalar...

Digər xəbərlər