PDF Oxu

Köşə

  • 2 920

Bu yaxınlarda yenə görəcəyik...

image

Doğrusu, müxalifətin bugünkü "düşüncəsini" görüb yazanda ki, "xəstə təxəyyüllü müxalifətdir bunlar" inciyirlər. Çünki düşüncə yoxdur. Əgər olsaydı, bu 25 il ərzində olardı. Hər kəsə çox yaxşı məlumdur ki, siyasi arenada kiçicik bir uğura belə nail ola bilməyən dağıdıcı müxalifət düşərgəsində təmsil olunan Müsavat, AXCP və onların sədrləri "uğura nail olmaq" məqsədlərinin üzərindən çoxdan xətt çəkdikləri halda, yenə də yuyulmamış qaşıq kimi ortaya düşüblər. Belə olduqda, sual yaranır: bəs nə üçün bu partiyalar "fəaliyyət"lərini davam etdirirlər, bununla yanaşı, ölkənin əhəmiyyətli taleyüklü hadisəsi ərəfəsində mitinq keçirməyi də planlaşdırırlar? Necə deyərlər, var idi hər yaraqları, çatmırdı saqqal daraqları.

Müsavat və AXCP-ni tanıyanlar və siyasətlə az-çox maraqlananlar yaxşı bilirlər ki, bu partiyaların liderləri yalnız şəxsi ambisiyaları baxımından siyasətdə qalıblar. Bəli, bu gün dağıdıcı müxalifət, faktiki olaraq, varlığını şəxsi ambisiyaları üçün sürdürür. Şəxsi ambisiya dedikdə isə, daha çox maddi təminat nəzərdə tutulur. Az qala hər fəsildə bir qurum, birlik yaratmaq təşəbbüsü də bu planın bir hissəsidir. Necə deyərlər, əlləri hər şeydən "üzülən" dağıdıcılar, konkret olaraq, maddi sərvət yığmağa kökləniblər. Hətta növbəli şəkildə AXCP-nin Müsavatı, Müsavatın da AXCP-ni ifşa etməsinin əsl qaynağı, məhz şəxsi mənafedir. İnkaredilməz faktdır ki, bu partiyalar Azərbaycanda müəyyən çaşqınlıqlar, təxribata meyilli hərəkətlər etməklə xarici məkrli qüvvələrdən küllü miqdarda maliyyə vəsaitləri alırlar.

Artıq onlar özləri də yaxşı bilirlər ki, xalq tərəfindən heç bir siyasi dəstəkləri yoxdur. Olsa-olsa, bəzi Qərb səfirlikləri bunlara fitil qoyub qızışdırır, sonra da çəkilib durur bir kənarda. Ancaq "ağa verən atın dişinə baxmazlar" prinsipini önə çəkən Ə.Kərmli, C.Həsənli, A.Hacılı və s. bənzər tiplər yenə də ümidlərini ən azı maddi və mənəvi dəstək əldə etmək üçün xarici qüvvələrə bağlayırlar. Bu baxımdan xalq arasında nüfuzu olmayan siyasi təşkilatın hər hansı bir nailiyyətə çatması mümkün deyil. Onlar yalnız xarici maraqlı qüvvələrə arxalanırlar ki, bu da radikallara ictimai qınaq gətirir. Son vaxtlar baş verən müxalifətdaxili qarşıdurmalar partiyaların tamamilə məhv olmaq ərəfəsində olduğunu deməyə əsas verir. Ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarının əksəriyyəti 1990-ci illərdən necə yaranıbsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır. Birmənalı şəkildə həmin partiyalar öz tərəfdarlarını itirə-itirə getməkdədirlər. Adıçəkilən partiyalar sədrlərindən və ətraflarındakı 2-3 nəfərdən ibarət olaraq qalıb. Bütün bunlar onların zəif şəkildə inkişaf etmələrindən xəbər verir. Ümumiyyətlə, müxalifət partiyalarının zəif olmalarının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Onların yeganə çıxış yolu öz səhvlərini öz içərilərində, partiyalarında və fəaliyyətlərində axtarmaları olardı.

Gah mitinq, gah aclıq, gah da digər naftalin iyi verən etiraz tədbirləri ilə gündəmə düşmək istəyən dəyərsiz müxalifət ünsürləri bu faktoru dərk etmək yerinə, yenə də satqınçılıq, xəyanət və s. imitasiyalarla məşğul olurlar. Amma bu dəfə onların sonunun olması şübhəsizdir. Kor-kor, gör-gör, ən azından biz mitinqlərin vəziyyətindən belə nəticəyə gələ bilərik. Yəqin ki, yenə görəcəyik bu yaxınlarda...

Digər xəbərlər