26 sentyabrda xalq konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə birmənalı olaraq "HƏ" dedi. Referendumdan əvvəl 200-300 nəfər dağıdıcı müxalifət ünsürü başısovuğu "Məhsul" stadionuna yığıb 26 sentyabrdan sonra da primitiv, məkrli, düşük və ədabaz ənənələrində qaldılar. Referendumdan öncə özünü yeni "xalq hərəkatının lideri" adlandıran Ə.Kərimli və cəbhəçilər indi də xalqın ortaya qoyduğu mövqeyi ləkələməyə, insanlarımızın şəffaf səsinə "küy" qatmağa cəhd edirlər. Baxın, referendum günü "Azadlıq" qəzeti, Azadlıq.info" saytı səsvermədə guya karusel əməliyyatları ilə bağlı öz aləmlərində faktlar dərc etməyə başladılar. Amma özlərini ifşa etdilər. Necə? "Azadlıq.info" saytına guya bir vətəndaşın bir neçə məntəqədə səsverməsi ilə bağlı qoyulan videonun tarixini silə bilməmişdilər. 2011-ci ildə baş verən bu karusel əməliyyatını əks etdirən videoda açıq-aşkar görünür ki, görüntülər Azərbaycanda deyil, xarici ölkədə lentə alınıb. Çünki videoda lentə alınan seçki məntəqəsinin divrlarında bircə cümlə olsun belə Azərbaycan dilində heç nə yoxdur. İnsanların antropoloji quruluşu isə azərbaycanlılardan tamamilə fərqlidir. Bundan başqa insanlar palto geyinib, şərf bağlayıb, "norka" papaqlar qoyublar. Sentyabr payız ayıdır, hər kəs ya köynəkdə gəzir, ya da kostyumda. Yəni 26 sentyabrda əynində palto, başında papaq, boğazında şərf olan kimisə görmüsünüzmü?
Venesiya Komissiyasının Azərbaycan haqqında qərəzli məlumatlar toplusunu qucaqlayıb yatan Ə.Kərimlinin tapşırığı ilə dağıdıcı müxalifət saytlarında 26 sentyabr referendumu ilə bağlı yayımlanan təxribatçı materialların əsas mənbəyi ölkəmizin hüdudlarından kənardadır. Bu hüdudların bir ucunda da Ə.Kərimli şəxsən bütün varlığı ilə oturub. Bu adama bu dəfə fərqli bir uslubda "yox" deməyin, onu yerində oturmağın zamanı çatıb. Məncə, həmişə ürək bulandıran milçək bir şey olmasa da, onu ən azı, o tərəf-bu tərəfə qovmaq lazımdır ki, başımızın üstündə, yemək qazanlarımzın ətrafında fırlanmasın. Bunu da xalq edəcək!
Əli sıravi müxalifətçilərin dəstəyindən üzülən Ə.Kərimli bu dəfə dindarların ətəyindən yapışıb. Fikir verdinizsə, "Milli Şura"nın mini aksiyasında əvvəldən axıra qədər dini şüarlar səsləndirildi, yersiz, heç bir mahiyyət kəsb etməyən bu süarlar birbaşa dövlətçiliyimizə qarşı yönəlmişdi. İndi gör kimlərin ümidinə qaldıq?
P.S. AXCP sədri Ə.Kərimlinin "siyasi mühacir" oyunlarında yenilik var. Agah olun! Baş cəbhəçinin "siyasi mühacir" oyunları bu dəfə onun müşaviri İlham Hüseynin əli ilə "reallaşdırılır". "Reallaşdırılır" deyəndə, yəni 15 min manat pulu hansısa müxalifətçidən şəxsən İ.Hüseyn alır, Ə.Kərimliyə verir. Həmin adamı yad profillərlə özləri sosial şəbəkələrdə təhqir edirlər (guya hökumət adamları edirmiş kimi), mitinqdə bir-iki fotosunu çəkib xaricə göndərirlər.