Xədicə İsmayılın böyük maliyyə imkanlarına malik olduğu şəksizdir və bu, heç kimdə zərrə qədər şübhə doğurmur. Türkiyədə və Gürcüstanda gəlirli biznes sahələrinə sahiblik edən X.İsmayılın ABŞ və bir sıra Avropa dölətlərin də bank hesabları da mövcuddur. Belə ki, Türkiyədə bacısının adına sənədləşdirdiyi biznes sahələrindən gələn pulların böyük bir qismi müxtəlif şəxslərin adına kommersiya banklarında depozit olaraq yatırılıb. X.İsmayılın anasının, bacısının və müxtəlif şəxslərin adına xarici banklara qoyduğu milyonlarla depozitlərlə bağlı tutarlı faktlarla çıxış edəcəyik. Bu haqda daha sonra... Bu adamın onlarla "NİDA"-çı gəncə aylıq 500 manat məbləğində maaş verməsi də təsadüfi deyil. Onun bu qədər vəsaiti hardan əldə etməsi ilə bağlı da faktlarımızı dəyərli oxucularımıza sübutlarla təqdim edəcəyik. Lakin...
X.İsmayılla bağlı "SƏS" qəzetinin redaksiyasına maraqlı məlumat daxil olub. AXCP sədrinin sabiq müşaviri, partiyanın üzvü Sahib Kərimlinin iki gün öncə öz yaxınları ilə söhbətində işlətdiyi "Cəmil Həsənlinin bütün çap xərclərini Xədicə öz üzərinə götürdü" deməsi təəccüb doğurmur. Əslində, söhbət hansı çap xərclərindən gedir? Məsələ ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, C.Həsənli dağıdıcı şər-böhtan dolu və tarixi faktların tamamilə saxtalaşdırıldığı kitab üzərində işləyir. Bu kitabın bütün çap xərclərini də X.İsmayıl öz üzərinə götürüb. Araşdırmamız nəticəsində C.Həsənlinin çap edilməsi nəzərdə tutulan kitabı ilə bağlı bütün müxalifətçilərdən pul yığmaq haqqında qərar qəbul olunubmuş. Lakin bu radikal müxalifət düşərgəsində böyük narazılığa səbəb olduğuna görə, X.İsmayıl bütün çap xərclərini ödəyəcəyi ilə bağlı üzərinə öhdəlik götürüb.
Məsələnin daha maraqlı tərəfi isə X.İsmayılın çap xərclərini öz üzərinə götürməsinin pərdəarxası tərəfləridir. Belə ki, C.Həsənlinin yazdığı kitabın çap xərcləri onun şəxsən cibindən ödənilməyəcək. Kitabın bütün xərcləri X.İsmayılın vasitəçiliyi ilə "Lobal Risk İnsights" təşkilatı tərəfindən ödəniləcək. Bu həmin təşkilatdır ki, 26 sentyabr referendumundan bir gün öncə Azərbaycan dövləti haqqında təxribat dolu hesabat yaymışdı. Təşkilatın yaydığı məqalədə yazılır: "Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin altında olmasından qıcıqlanır. Çünki 3 il bundan öncə də adıçəkilən təşkilat yaydığı hesabatda göstərirdi ki, guya yaxın müddətdə Cənubi Qafqazda böyük müharibənin meydanına çevriləcək. Bu məsələnin başqa tərəfi, mətləbə keçək!
C.Həsənlinin yazdığı kitab haqqında məlumatı olan şəxslərdən biri deyir: "Cəmil müəllim 2010-cu ilə kimi Azərbaycanda baş verən müsbət dəyişikliklərlə bağlı bircə cümlə belə işlətməyib. Çünki 2010-cu ilə qədər bu adam deputat olub və çıxışlarında hökumətin uğurlu inkişaf strategiyasından danışıb. Ona görə də, Cəmil müəllim son 6 ilin şişirdilmiş, qərəzli, sırf radikal müxalifət dünyagörüşü ilə hazırlanmış bu kitabında ölkədə baş verən müsbət olayların heç birinə toxunmayıb, hətta buna işarə etməyib".
Araşdırmamız nəticəsində o da məlum oldu ki, C.Həsənlinin kitabı ingilis, rus, alman və fransız dillərinə də tərcümə olunacaq. Hətta kitabın təqdimatını Avropa ölkələrindən birində keçirməyi də planlaşdırıblar.