PDF Oxu

Köşə

  • 2 673

Düzəlmədiniz ki, düzəlmədiniz, a bəylər..!

image

"Qozbeli qəbir, əyri taxtanı rəndə düzəldər" deyiblər dədələrimiz. Ancaq elə şeylər və elə kəslər də var ki, onların əyriliklərini nə qəbirlərin, nə rəndələrin, nə də başqa zadlar olan alətlərin (fikriniz ayrı şeyə getməsin-R.) düzəlməsi mümkün deyil. Necə ki, bu gün də özlərini "müxalifətçi" adalandırıb, bir-birləri ilə "analıq" üstündə savaşan, didişən siyasi gədalar toplumu kimi. "Analıq" dedikdə, yəqin ki, bir çoxları nə demək istədiyimi anladı. Çünki 23 ildən artıqdır ki, müxalifət düşərgənin gah bu, gah da digər cinahlarında var-gəl edib nəticəyə gələ bilməyənlər, zaman-zaman müxalifətin "anası" olmaq üstündə əməlli-başlı qırğına çıxırılar. Hətta ictimai rəyə sırınmaq üçün özlərini "savadlı" da göstərməyə çalışırlar. Ancaq bəri başdan onu da sual edim ki, a bəylər, əcəba, savadınız bu qədər izafidirsə, necə deyərlər, izafiliyindən, artıqlığından dolayı qıcqırıbsa, bə niyə hələ də qırğın-qiyamətdəsiniz? Ən azından, siyasi savadınızı qoyun ortaya, biz də bilək da nə var-nə yox! Amma kimə deyirsən...

Hə, yeri gəlmişkən, bu günlərdə axecepeçilərin "başbiləni" Ə.Kərimlinin buyruq qulu, "Milli Şura"nın baş bəyi C.Həsənli yığıb ətrafına özükimiləri və qondarma qurumu adından bəyanat verib. Əmbə, bu bəyanat yalnız Azərbaycan dilində deyil, həm də ingilis dilində yazılıb (?!-R.). Bəli, referendumun dünyanın aparıcı beynəlxalq qurumları tərəfindən demokratik, şəffaf başa çatması barədə verdikləri bəyanatları qalıb bir yanda, bunlar həmin məsələ ətrafında hələ də baş-gözlərini divara çırpır, özlərini müasir jarqon ifadəsi ilə desək, lezvalayırlar. Məsələ ondadır ki, "Milli Şura" və axecepeçilər referendum günü düşüblər ortaya və başlayıblar referendum səsverməsini izləməyə! Bəli, məhz izləməyə...

Referendumdan qabaq bunlar lazımi qədər imza toplaya bilmədikləri halda, digər anti-referendumçu müxalifət təşkilatları ilə birləşə bilməyib də, doğru-dürüst təşəbbüs qruplarını qeydiyyatdan keçirə bilmədikləri vəziyyətdə (!-R!) referendum günü seçki məntəqələrində "müşahidəçilik" (?-R.) ediblər. Sual olunur ki, 23 ildir ki, köhnə havalarını çalaraq, qulaqları döyənək edib "qanun-qayda", "demokratiya" tələb edən zurnaçıların bu addımlarına hansı adı vermək olar?!

İndi biz də duraq deyək ki, heç bir müşahidəçilik missiyası hüququnuzun olmadığı halda, referendumun baş tutub-tutmaması ilə bağlı rəylər, bəyanatlar irəli sürməyiniz kimə lazımdır? Venesiya Komissiyasına?! ABŞ-ın Dövlət Departamentinə?! Yoxsa "Freedom House" və s. tipli ermənipərəst qurumlara?! Bu qurumlar haqqında Azərbaycan dövlətinin mövqeyi səslənib və hələ referendumdan öncə müvafiq cavabları da verilib. Onda bu qanunsuzluqlarınızı hara yazaq, a bəylər?!

Referendumdan öncə bar-bar bağırırdınız, boğazınızı yırtırdınız ki, xalq bu prosesi boykot etsin. Görəndə ki, xalq sizi saymır, başladınız özünüz-özünüzə təskinlik verməyə ki, bəs biz boykot qərarını seçirik. İndi nə oldu? Boykot etməyiniz hara, referendumun nəticələrini qeydə alınmayan müşahidəçilər kimi araşdırmanız, üstəlik, ingilis dilində də bəyanat yaymağınız hara?

Yox, əgər demək istəyirsinizsə ki, ingilis dilində qarıldaya bilirsiniz, bu heç nəyi həll etmir. Çünki ingilis dilini bilmək savadlı olmaq demək deyil, sadəcə, əcnəbi dilin praktik göstəricisidir. Buna görə özünü yırtıb-dağıtmağa da ehtiyac yoxdur. Amma sabahda-birigündə Müsavat partiyasının da saxta başqanı, qeyri-legitimlik yolu ilə sədr kreslosunu istila etmiş A.Hacılı fransız dilində anti-referendum bəyanatı hazırladacaqsa, bundan təəccüblənməyə dəyməz. Bəylər Avropanın iki dövlət dilində - ingilis və fransız dilində danışa bilirlərmiş, "savadlıymışlar"...

Beləliklə, məsələ aydındır. Aydındır ki, bunları nəninki rəndə, ya da qəbir, hətta paz da düzəldə bilməz. Ancaq hələ də özlərini "siyasi cəhətdən yetkin", ayrı-ayrılıqda müxalifətin "anası" hesab edirlər. Bu 23 ildə düzəlmədiniz ki, düzəlmədiniz, a bəylər..!

P.S. Ağıllanıb normal düşüncəli cəmiyyət sıralarına qatılmanız, heç olmasa bundan sonra naftalin qoxusu verməməniz üçün dualarımı əksik etməyəcəm...

Digər xəbərlər