ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Azərbaycanda keçirilən referendumla bağlı fikirlərini bildirdi və bununla da dağıdıcı müxalifətin bütün "ümid"lərini puça çıxardı: "ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil". AXCP sədri Ə.Kərimli isə referendumla bağlı dünyanın əsas gücünə "ümid" bəsləyirdi. Guya ABŞ bütün işini-gücünü atıb, cəbhəçilərə dəstək verəcəkmiş, yeri gəlsə, lap Obama da gəlib "Məhsul"da Nurəddin Məmmədli ilə bərabər qışqırıb-bağıracaqmış. Bu adamlar o qədər sadəlövhdülər ki, mitinqdə Şimali Koreya Respublikasının prezidenti Kim Çen İnə də mesaj-zad göndərirlər. Öz ölkəmiz bir tərəfə qalsın, C.Həsənli mitinqdə Afrika dövlətlərinin siyasi sistemlərini tənqid edirdi. Bu adamın yeri auditoriyadır, nə qədər danışırsan danış da. Özünü savadlı göstərməyin yeri mitinq deyil axı. Bu adamlar vaxtilə deyirdilər ki, Corc Buşdan sonra ABŞ Cənubi Qafqazla bağlı siaysətində dəyişiklik edəcək. Bundan sonra da guya müxalifət Azərbaycanda iqtidara gələcək (qulağınızı çəkin). Corc Buş getdi, Obama gəldi. Bir daha çığırıb-bağırdılar ki, Obama mütləq Cənubi Qafqazla bağlı nəsə edəcək və guya Azərbaycan hakimiyyətinə düşmən kəsiləcək. Budur, Obama da gedir. İndi Hillari Klintonun ətəyindən yapışmaq üçün əl axtarırlar. Gültəkin Hacıbəyli deyirmiş ki, qadınlar daha demokrat olur və Hilları xanım mütləq nəsə edəcək. Klinton da gəlib gedecək, ancaq bu məkrli insanların niyyətləri ürəklərində qalacaq. Bütün dünya qəbul edib ki, Azərbaycanla təzyiq dilində danışmaq heç kimə başucalığı gətirməyib, nə də gətirməyəcək. Ancaq bu adamlar qanmır ki, qanmır.
Bir neçə gün bundan öncə, Pənah Hüseynlə Hafiz Hacıyev bir internet TV-nin qonağı olmuşdular. "Maraqlı" debat idi, xüsusilə də, H.Hacıyevin "Pənah bəy, siz dahi insansınız" deməsi lap biabırçı vəziyyət yaratdı. Bu kəlmədən sonra P.Hüseynin qolunun altı qarpızlandı. Əslində, ikisi də dava-dalaşa, bir-birilərinin kəlləsinə külqabı geydirməyə gəlmişdilər. Ancaq debatın ortasında başladılar bir-biriləri ilə yaltaqlanmağa. Hələ bu nədir ki, Ə.Kərimli də, İ.Qəmbər də, A.Hacılı da vaxt olacaq Hafiz bəylə bir masada oturmaqdan, onunla dialoqa girməkdən qürur duyacaqlar. Nə isə, xalqımıza səbr diləyirəm!