Azərbaycanda keçirilmiş referendumdan öncə konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə qarşı çıxış edən, hətta bunun üçün mini aksiyalar keçirən, xarici səfriliklər qarşısında min oyundan çıxan dağıdıcı müxalifət xalqın "HƏ" deməsindən sonra növbəti rüsvayçılığını yaşayaraq, kənara çəkildi. Əlbəttə ki, bu cür vəziyyətin yaranmasına, yəni xalq qarşısında biabırçı vəziyyətə düşmələrinə əsas səbəbkar elə müxalifətin özüdür. Bacarıqsızlıq, siyasi səriştəsizlik sanki onların qanlarına hopub. Məhz bu baxımdan, istər siyasi orientasiyalarını, istərsə də gedişlərini müəyyənləşdirə bilməyən "liderlər" zaman-zaman mövcud hala düşməklə, real vəziyyətlərini ortaya qoymuş olurlar.
Düşərgədə əməlli-başlı eyforiya yaşanır
Bu ərəfədə daha bir maraqlı fakt diqqət cəlb etməyə başlayıb. Belə ki, referendumda müəyyən olunmuş yeni əlavə və dəyişikliklərdə "antidemokratik" amillər axtarışına çıxan "liderlər" indi də, necə deyərlər, "arxı hoppanmamış hop deməyə" başlayıblar. Daha dəqiqi isə, ortada heç bir seçki mühitinin olmadığı halda, bunlar "növbədənkənar prezident seçkisi"nə hazırlaşırlar. Hətta belə demək olar ki, müxalifət küyə düşüb. Ancaq məsələnin tam məğzinə keçməmiş belə bir sual vermək lazımdır ki, əgər siz referenduma qarşı çıxırdınızsa, onun nəticələrini qəbul etməyəcəyini bəyan edirdinizsə, indi bəs nə baş verib? Müvafiq seçki orqanı heç bir seçki anonsu verməmiş niyə bu qədər əcələçiliyə, tələskənliyə yol verib, "prezidentliyə namizəd" olacağınızı bəyan edirsiniz? Çox yəqin ki, bu sualın cavabını vermək "liderlər" üçün çətin olacaq. Çünki cavab elə sualın özündədir və görünən də budur ki, düşərgədə əməlli-başlı eyforiya yaşanır.
Bişmiş toyuğun nəyə görə gülməyi gəlir?
Baxın, Müsavatın sabiq başqanı İ.Qəmbər artıq özünə yaxın mətbuat vasitəsilə "növbədənkənar prezident seçkiləri"nə qatılacağını bəyan edib. Eləcə də AXCP sədri Ə.Kərilmi bu iddia ətrafında var-gəl edir. Hətta "Ağ Partiya"nın sədri Tural Abbaslı, "ADR" hərəkatının sədri Qubad İbadoğlu, alternativ AXCP-nin sədri Razi Nurullayev və daha kimlər və kimlər yuyulmamış qaşıq kimi düşüblər ortalığa, başlayıblar özünütəbliğ kampaniyasına. Küyə düşmək də bu deməkdir. Bir tərəfdən referendumun nəticələrini "antidemokratik" adlandırırlar, o biri tərəfdən, də referendumdakı əlavə və dəyişikliklərə əsasən, "prezidentliyə namizəd" olacaqlarını bar-bar bağırırlar. Ona görə də bunun niyəsinin səbəblərini araşdırıb üzə çıxardıqca, bişmiş toyuğun da gülməyi gəlir. Bəli, hər kəs özünü "lider" hesab edir və seçkilərdə (halbuki seçki yoxdur) əsl namizəd olacağını sanır. Ancaq öz aramızdır, bu düşərgənin başbilənləri 23 ildən üzü bəri heç vaxt belə küyə düşməmişdi. Deyəsən, düşdükləri bu küy onların sonuncu küyü olacaq. Əlbəttə ki, eyforiyadan çıxmağı bacarsalar...