PDF Oxu

Köşə

  • 2 955

Elza Seyidcahan "vəzifəyə" təyin olundu

image

Səbr edin, başlığı yazını oxumağınız üçün belə qoydum. Axı bəzən yaxşı geyinməyən adama əl verib salam vermək də bir balaca ayıbfason nəsə sayılır. Bilirəm ki, hansısa akademikdən, milli məsələdən yazsam, ağzınızı açıb-gözünüz yumacaqsınız. Nə isə, keçək bizim Elza xanımın növbəti "şou əməliyyatları"na... Poeziyamızın varaqlarına tək-tək "təcavüz edən" Elza xanımın şeirlərini oxumaq üçün ən münasib vaxtı da sizlərə məsləhət görürəm. Mənə bank işçiləri zəng vuran kimi Elza xanıma qulaq asıram, bank məni məhkəməyə də versə, lap dağın başına qoyub topla da vursa, vecimə olmur. İnsan o həddə çatır ki, gedib hamının adına kredit götürüb elə hamısını da birdən məhkəməyə verdirmək istəyir. Bir sözlə, Elza xanıma qulaq asandan sonra hamıya "atmaq" istəyirsən. Sonu "ah", "of", "uy"la bitən sözlərinin hamısını bir beytdə cəmləşdirmək hər adamın işi deyil. Elza xanımın bu gün efirdə çıxardığı həmin səslər, əslində, gecələr eşidiləsi bir səsdir. Əcəba, bu səsin günün gündüz vaxtı işıqlı ekranda eşidilməsinin nə fəziləti var!? Özü də böyük Məmməd Arazın doğum günü Elza xanımın efirdə poeziya ilə dombalaq aşması, ədəbiyyatla maşın kimi davranması: gah dala verir, gah qabağa, Albert Eynşteyni şair kimi, özü də qəzəl yazan şair kimi tanımasını spesifik tərzdə deməsi, abrı-həyası özündə olan adamı utandırır. Sənin doğum günündə Elza xanımın şeirlərinə qulaq asdıq. Başın sağ olsun Məmməd Araz! Sənin doğum günündə dağın başından dərənin dibinə dıbırlandığımızı anladıq. O boyda Üzeyir Hacıbəyovdan bu kiçiklikdə Üzeyir Mehdizadəyə qədər enib "Koroğlu" üverturasını indi ikincinin dilindən "mənim atam kor kişi, məni də onun oğluyam. Mənə maşın almayır, şəkəriyəm, noğuluyam" şəklində eşidiriksə... Lal olun! Nə isə, bir az da yaxşı şeylərdən danışaq.

Qabriel Qarsia Markesin "Yüz ilin tənhalığı" əsərini oxuyandan sonra mütləq kiməsə, harasa məktub yazmalı olacaqsan. Mən Viktor Hüqonun "Səfillər"ini oxuyandan sonra ölümə məktub yazmışdım. Bizim kənddə ali məktəbə qəbul olmaq istəyənlər, "rusyət"də (Rusiyada) pul qazanmaq arzusunda olanlar, qan qisasını ala bilməyənlər son ümidlərini Həzrət Abbasa (Ə) bağlayardılar. Yekə bir məktub yazıb muma bükər, daha sonra onu çaya atardılar. Yaxında rəhmətə getmiş qohumlarını da yadına salıb məktubun dalınca baxa-baxa bir-iki damcı göz yaşı axıdardılar. Belə də elədim, amma Həzrət Abbasa (ə) yox, bu dəfə ölümə məktub yazdım. Çay bu məktubu ölümə apararmı, aparmazmı, bunu bilmirəm. Normalda harasa yazılan məktuba 1-2 həftəyə cavab verilir. Təki süründürməçilik olmasın, məktubuma tez cavab versinlər. Dostum, gözəl insan Elçin Mirzəbəylinin dediyi məktub olaydı kaş:

Elə bir gün yaşayasan ki...

Üstünə yüz ilin savabı gələ.

Sonra da ölümə məktub yazasan,

"Səni gözləyirəm" cavabı gələ...

Digər xəbərlər