Mirzə Cəlilin sözü olmasın, idrakı-zeyniyyənizdədir yəqin. AXCP sədri Ə.Kərimli sentyabrın 11-də "Məshul" stadionunda keçirilən 200-300 nəfərlik piket zamanı necə həvəslənib özünü necə itirmişdisə, nitqini qəfil kəsərək sual etmişdi: əziz dostlar, mitinqlərə "davam", yoxsa "tamam?..". AXCP sədrinin dostları çarəsiz qalıb, "davam" deyə cavab verdilər və necə deyərlər, özlərini biabır etdilər. Kimi aldadırsınız? Üstündən 10-15 gün keçəndə sonra bu "davam"ın niyə baş vermədiyini Ə.Kərimlidən soruşanlar da var idi, amma indi AXCP-nin üzvü deyillər.
Müxalifətin xarakterik xüsusiyyətləri çoxdur. Dünən AXCP sədrinin "cəfakeş"lərindən biri həkimlərin onu guya "səhv" müalicə etməsindən yazmışdı. "Cəfakeş" dövlət qurumlarını tənqid etmək istəyirmiş, amma özünü gülünc vəziyyətə saldı. Deyək ki, normalda bu adam həkimlərimizdən, səhiyyəmizdən yazmalı idi, amma Hərbi-Hava Qüvvələrimizi tənqid edirdi, sonra da Kənd Təsərrüfatı Nazirliyindən başladı ağzına gələni yazmağa. Hələ də başa düşmürəm, əgər həkim səni səhv müalicə edibsə, bunu Hərbi-Hava Qüvvələrinə nə dəxli var!? Bəlkə sənin üçün helikopter, zenit raketləri göndərməli idilər? Təsəvvür edin ki, təhsil sahəsində hansısa problemlə rastlaşmısız, amma Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edirsiniz.
Bir balaca yaxşı şeylərdən də yazaq. Deməli, Norveçdə kartofu yol kənarına qoyub, qiymətini yazıb gediblər, yəni satıcı, nəzarət edən yoxdur. Almaq istəyən də neçə kiloqram istəyir özü götürür, pulunu da qutuya atır. Təsəvvür edin ki, bizdə yol kənarına kartofla dolu maşını qoyub getmisən. Sənə 5 dəqiqə vaxt verirəm, əgər bu vaxt ərzində kartof cəhənnəmə, o maşının yerini tapa bilsən, daha nə deyim. Belə baxanda, bu, heç yaxşı şey də deyil, zalım uşaqlarının başı xarab olub. Əgər bilmirsinizsə, bilməyiniz vacibdir: inəklər ağlaya bilir, onlar öz yaxın dostlarını yalayırlar. Qədimdə inəkləri pul vahidi kimi istifadə edirdilər. İnəklər insanlarla bir yerdə 8 min ildən çoxdur ki, çiyin-çiyinə yaşayırlar. Zooloqlar inəklərin möləməsində ( mööö) 11 müxtəlif musiqi ritmi aşkar ediblər. İnək Hindistanda müqəddəs varlıq hesab olunur. İndi keçək bizə. Azərbaycanda inək ətindən müxtəlif milli yeməklər hazırlayırlar, başından kəlləpaça, ayaqlarından xaş düzəldirlər, südünü sağıb litri 1 manatdan satırlar, dilini tavada qızardırlar, nəcisindən kənd təssərüfatında istifadə edirlər, qulaqrını qurudub məşitdə istifadə edirlər. Bir sözlə, inəyi cırıq-cırıq edirik. Allah o gündən saxlasın ki, bir hindistanlının yanında inəklə belə rəftar edək. Mən bunun əleyhinə deyiləm, məncə, həqiqətən də, heyvan kəsilməli-yeyilməli və istifadə olunmalıdır.
P.S. Dünən dostum mənə deyir: "Ay qardaş, sənə təmiz Azərbaycan dilində dedim ki, 5 dəqiqəyə gəlirəm, nə var, yarım saatdan bir zəng edirsən?"