Gənc oğlan sevdiyi qıza dil töküb evlənməsini təklif edib. Qıza söz verib deyib ki, səni sarayda yaşadacam. İndi evlidirlər, iki övladları var. Qız oğlanı səhv başa düşüb, sən demə. Oğlan gedib Saray qəsəbəsindən 2 sot torpaq alıb başlayıb ev tikməyə. Yəni hər şeyi ciddiyə almayın. Türkiyəli aktyorlar Necati Şaşmazın (Polat Alemdar), Burak Özçivitin gəlib bunları alacağını düşünən, Sərdar Ortacın Bakıdakı konsertində nişan üzüyünü çıxarıb nişanlısının təpəsinə çırpan, digər türkiyəli aktyor Çağatay Ulusoya "qadan alem, a Çağatay, əlini maa ver" deyən qızlar bu tip xam-xəyallara düşməsinlər. Kasıb-kusub, abır-həyasını hər şeydən üstün tutan qızlar üçün bu, problem deyil. Məhz belə qadınlara görə Tanrı kişiləri qoruyur! Dünən rastlaşdığım maraqlı əhvalatı ərz edim ki, xoşhal olasınız.
Bakıda Rəşid Behbudov küçəsi ilə üzü metroya tərəf gedirdim, tələbə qızların gülüşü, "stayanşiklərin" "dala ver, qabağa ver" çığırtılarından, bir az da ac mədənin şiddətli ağrılarından həvəslənib iti addımlarla yeriməyə başladım. İstəmədən mənimlə eyni sürət daşıyan addımlarla yeriyən bir tələbə qızın telefon danışığına qulaq şahidi oldum:
- Hə, ay dədə. Azaruuyalım göndərmersən?
Bu vaxt rəfiqəsi qızdan kiminlə danışdığını soruşur:
- Kimdi o?
- Of ya, ben puan derdi çekmiyorum. Amma babam beni sıkıyor. Yalnız kalmak, düşünmek, kelebeklere karışmak istiyorum...
Bu bədbəxt tələbənin utancverici danışığını eşitdikdən sonra Türkiyə seriallarının bizi nə günə qoyduğunun, gənclərimizi soğan kimi soyulğunun bir daha şahidi oldum. Gənc oğlanların qabaqlar kəndlərdə hamilə qadınların istifadə etdikləri topuqdan aşağı corablar geyinməsi, zəncirli şalvarları zorla ayaqlarına soxması lap dəhşətlidir. Hələ alayarımçıq bığlarını, Əmrahsayağı saqqalarını demirəm. Sinifdə 20 şagird oturur, 5-i rusca, 5-i Türkiyə türkcəsində, 5-i ingiliscə, sonuncu 5 nəfər də hansı dildə danışırsa, heç özü də başa düşmür. Allah rəhmət eləsin! Cəlil Məmmədquluzadə dünən aktual idi, bu gün də aktualdır, gələcəkdə də belə olacaq. Ədib "Anamın kitabı" əsərində sanki haqqında danışdığım bugünkü tələbələrdən, bu insanların düşdüyü zillətdən yazır. Cəlil Məmmədquluzadənin özünün dediyi kimi, hələ "beşikdə yad millətlərin südünü əmmiş,vətənindən yadırğamış,millətimizin ruhundan xəbərsiz" Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid kimi xalqına, onun dilinə, mədəniyyətinə xor baxanlar..." Sizlər həmişə varsınız.