PDF Oxu

Köşə

  • 3 224

Veteranlara verilən imtiyazlar alınsınmı?!

image

Azərbaycanda mövcud olan sabitlik və inkişaf, söz yox ki, ilk növbədə əhalinin sosial həyatı üçün önəmli rol oynayır. Xüsusilə, AXC-Müsavat hakimiyyətinin ağır vəziyyətdə qoyduğu və 23 il öncə taleyin hökmünə buraxdığı Azərbaycanla indiki Azərbaycan arasındakı fərq ölçüyəgəlməz dərəcədə dəyişilib. Əlbəttə ki, burada Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş qətiyyətli, iradəli və nəhəng siyasət faktoru dayanıb. Çünki dövlətin güclü və qüdrətli olması üçün əsas amillərdən biri də xalqın sosial-rifah halının yaxşılaşdırılmasıdır. İllər keçdikcə, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin həyat səviyyələrinin yaxşılaşdırılması istiqamətində verilən sərəncamlar məhz bu önəmli məsələni kifayət qədər ehtiva edirdi.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Əbəs yerə deyil ki, dövlət başçısı siyasətinin əsas tərkib hissəsi kimi insan faktoru olduğunu dəfələrlə vurğulayıb. Yəni bu, o deməkdir ki, hər bir ölkə vətəndaşı öz vətənində layiqli şəkildə yaşamaq haqqına malikdir və dövlət bu təminatı verməkdədir. Qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına hər il dövlət büdcəsindən sosial-məişət həyatlarının daha da yaxşılaşdırılması məqsədilə vəsaitlər ayrılır, müəyyən güzəştlər edilir.

Lakin zaman-zaman bu kimi məsələlərə başqa cür yanaşan və təəssüf doğuran fikirlər də yaranır ki, bu da, necə deyərlər, duru suyun bulanmasına səbəb olur.

Belə ki, bu günlərdə millət vəkili Hadı Rəcəbli Qarabağ əlillərinin sosial təminatı ilə bağlı tamamilə başqa istiqamətə yönəlmiş fikir səsləndirib. Daha dəqiq desək, o, Qarabağ müharbəsi veteranlarına, eləcə də, əlillərinə dövlət tərəfindən verilən müvafiq dərman perparatlarının nəyə görə pulsuz olması fikirləri ətrafında danışıb. Əlbəttə ki, müxtəlif məsələlərdə fərqli fikirlər irəli sürülə bilər və demokratik mühitdə bu, mümkündür. Ancaq bu kimi düşüncələrin millətin vəkili statusunu daşıyan şəxs tərəfindən işlədilməsi heç bir çərçivəyə sığmır! Üstəlik, dövlətin Qarabağ əlillərinə göstərdiyi yardımı, yaxud bundan sonra da göstərəcəyi yardımları, öz təbirincə "yanlışlıq" kimi qiymətləndirmək, əsla bir millət vəkilinə yaraşmayan ifadədir.

Və nədənsə, hörmətli millət vəkilinin torpaq, Vətən uğrunda sağlamlığından keçənlərə pulsuz dərmanların verilməsindən narahat olması onun özünün ictimai-siyasi iş həyatı ətrafındakı bəzi məqamları xatırlatmayıb. Məsələn, əgər sabah dövlət Qarabağ əlillərinə nəqliyyatdan pulsuz istifadə haqqını tanısa, demə bu populizm olarmış (?!). Yaxud dövlət bu günə qədər minlərlə Qarabağ savaşı veteranlarına avtomobillər, mənzillər, torpaq sahələri ayırıb. Maraqlıdır, bu da populizmdir?!

Təbii ki, dövlətin, dövlət rəhbərliyinin verdiyi qərar hər kəs üçün birdir və bu qərarların ətrafında siyasi populyarlığı artırmağa cəhd etmək də doğru deyil.

Çox təəssüf ki, bunu başqa cür izah etmək mümkün deyil...

Burada yalnız bir ifadə ilə Hadı müəllimin fikirləri ilə razılaşmaq olar. Məsələn, o bildirir ki, bəziləri bu imtiyazlardan istifadə edib qohumlarına dərman alırdı və sonradan bunun qarşısı alındı. Söz yox ki, bu kimi hallarla mübarizə aparan hüquq-mühafizə orqanları var və bu cür hallar baş verəndə, onlarla bu orqanlar məşğul olurdu. Ancaq istər-istəməz daha bir sual yaranır - əcəba, bir neçə sui-istifadəçiyə, fürsətcilə görə, həmin imtiyazların üzərindən xətmi çəkilməlidir?

Qaldı ki, avtomobil məsələsinə, Hadı Rəcəbli deyir ki, "bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün, necə də ziddiyətlidir..."

Çox maraqlıdır, məgər Hadı müəllim xidməti avtomobili ilə şəxsi işlərinin ardınca getməyibmi...???

P.S: Çox yəqin ki, Hadı müəllimin bir müddət öncə müəllimlərin dərs saatlarından sonra gedib fəhləlik etmələri barədə verdiyi təklifinin ardınca, bu kimi fikirlərlə çıxış etməsi onun parlamentdə "çox işləməsinin" nəticəsidir...

Digər xəbərlər