PDF Oxu

Köşə

  • 3 059

Ləyaqətsizin siyasi mədəniyyətdən danışmağa haqqı yoxdur

image

Son günlər AXCP-də baş verən proseslərdən narahat olan təşkilatın sədri Ə.Kərimli siyasətdə sonunun yaxınlaşdığını görərək, "Azədlıq"da yenə də sərsəm iddialarla çıxış edib. AXCP sədri guya hakimiyyət tərəfindən "təxribata" məruz qalacağı barədə sərsəm iddialar irəli sürməklə köhnəlmiş, heç nəyə yaramayan metodlarla siyasi gündəmdə qalmağa cəhd göstərməyə çalışıb. Ən acınacaqlısı da odur ki, yenə də Ə.Kərimlinin o düşüncəsiz beynində 1991-ci ildəki siyasi mübarizə metodu həkk olunub və maraqlıdır ki, illərdir üzləşdiyi fiaskolar da onun ləyaqətsiz olduğunu bir daha sübut edir. Ancaq bunu anlamağa qadir deyil. Təbii ki, bunu kompleks şəkildə bütün müxalifət qüvvələrinə şamil etmək bir qədər ədalətsizlik olardı. Ən azından, bu gün Azərbaycanda sivil qaydalarla mübarizə aparan, məğlubiyyəti həzm edən, müasir dövrün və ən əsası siyasi inkişafın tələblərini özündə əks etdirən siyasi qüvvələr formalaşmağa başlayıb. Ancaq Ə.Kərimlinin siyasi etikadan xəbəri olmayan, siyasi mədəniyyət prinsiplərini özündən tam kənarlaşdıran kəs hələ də anlamır ki, o, artıq tarixin çevrilmiş səhifəsidir. Bu gün nəzarətində olan "Azadlıq" qəzetində özünə adekvat olan fikirlərə yer verməklə, öz siyasi tərbiyəsindən qaynaqlanan sözləri işlətməklə xalqın nifrətini qazanan Ə.Kərimli necə siyasi uğur əldə etmək haqqında düşünə bilər?

Siyasi mədəniyyətin formalaşması üçün siyasətçidə siyasi ləyaqətin olması ən başlıca tələbdir. Siyasi ləyaqət anlayışının isə AXCP sədrinə aid etmək mümkün deyil. Çünki bir-birilərini "əqidədaş" sayan belələri çox asan şəkildə öz "dostları"nın şərəf və ləyaqətinə, mənliyinə və siyasi davranışlarına dil və əl uzada bilir. Bu gün "Azadlıq" qəzetində ağızdolusu danışan və özünü "siyasi ləyaqətli" hesab edən, ölkəsini, dövlətini, millətini hansısa xarici maraqlı qüvvələrə satan Ə.Kərimli kimilər necə siyasi mədəniyyətdən danışa bilər? Ölkəsində baş verən siyasi hadisələrə münasibətdə yalnız xaricdən verilən göstərişlər əsasında yanaşan AXCP sədri onu da dərk edir ki, xalq onlardan birdəfəlik imtina edib və buna görə də, bu qısqanclıq, paxıllıq hissi Ə.Kərimlinin sağa-sola böhtan yağdırmasına, rahat şəkildə təhqirlərə əl atmasına yol açır. Onun üçün dəyər adlı hər hansı bir sistem qalmayıb... Amma bu siyasi etiketlərdən kənar olan AXCP sədrinin nə deməsindən, hansı böhtanı, şəri, yalanı ixrac etmək istəməsindən asılı olmayaraq, bu gün Azərbaycan dövləti iqtisadi-siyasi, sosial cəhətdən möhkəmlənir və inkişaf edir. Ə.Kərimli yaxşı anlayır ki, iqtisadi savadsızlığını tam mənada əks etdirən dırnaqarası müsahibələri onu düşərgədə və ictimai rəydə yetərincə rüsvay edib və xalq amili Ə.Kərimlini çoxdan dəfn edib. Bəli, bu, reallıqdır.

Digər xəbərlər