PDF Oxu

Köşə

  • 3 886

Əclaf necə olur?

image

Vicdan insanın içindəki Tanırıdır!

(Viktor Hüqo)

Bir tanışımız vardı, indi o, haqq dünyasında, biz isə fani dünyada öz çirkinliklərimizlə yeriməkdə davam edirik. Çox pisliklər etmişdi... Güclə öldü, ölümə yalvardığı anı təsəvvür eləmək belə dəhşətlidir! Mən də beləyəm, necə öləcəyimi də bilmirəm. Çalışın, sizlər də kimisə öldürün, evini yıxın, satın insanları, pulsuz, çörəksiz qoyun. Axı sizlər də ya ölməyəcəksiniz, ya da belə əzab-əziyyətlə öləcəksiniz! Sizinlə eyni formadayam, fiziki imkanlarımız da eynidir. Ancaq mən hər gün kimisə söyürəm, insanların üzünə tüpürürəm, boyununu yerə soxub çıxarıram, ailəsinə qədər təhqir edirəm. Sanki bu dünyanın bünövrəsini dədəmlə bir yerdə qoymuşam, elə buna görə də, təkəbbürlü olmaq mənə zövq verir. Ən əsası, mən istədiyim vaxt hər kəsə istədiyim sözü deyə bilirəm! Yolda qaydanı pozduğuma görə maşınımı saxlayan polisi söyürəm, yeri gəlsə işdən çıxartdırıram, restoranda fil budundan kotlet sifariş edirəm, kəpənək sümüyündən antrikot tələb edirəm. Hünəri varsa, həll etməsinlər, dərhal yoxlama göndərirəm, ofisianta 30 sutka verdirib, restoran sahibini aylıq "tasa" oturduram. "Titanik" gəmisinə oxşayan kreslomda oturanda bütün bunları daha asan şəkildə edə bilirəm, mənə güc verir bu. Bütün qonşularıma pislik etmişəm, bir neçə ailə başçısını oğlanlarını içəri atdırmışam. Elə buna görə də arvadım və qızım küçəyə çıxanda, hamı qorxusundan dilini büküb saxlayır. Bütün işçiləriminin boğazından kəsirəm, cəhənnəmə ki, getsin çöldə qalsın, lap istəyir ailəsi də acından ölsün. Mən də insanam axı! Ola bilərmi ki, hər gün kabab yeməyim? Ola bilərmi ki, hər həftə süd vannası qəbul etməyim? Ola bilərmi ki, keyfimdən qalım? Xeyr! Hər kəs mənə borcludur, yeri gəlsə, hər kəs mənə görə ölməlidir, dilənçilik etməlidir. Mən öz yaxşı yaşayısıma görə hər kəsi həbs etdirməyə, öldürməyə, satmağa, asmağa hazıram. Doğma qardaşım da bu üzdən həbsdədir, onu da mənim sahibi olduğum banka borclu olduğuna görə həbs etdirmişəm. Kim məni yolda görürsə, uzaq durur, pislik edəcəyimdən ehtiyat edir. Mən həm də sağlam adamam, heç bir yerimdə ağrı da yoxdur, ürəyim, böyrəklərim, ciyərlərim saat kimi işləyir. Sizlər də sağlamlığınızı qoruyun. Məsələn, mənim kimi edin, uşaq evindən oğurlatdırdığım 11 yaşlı sağlam uşağın damarlarındakı qanı öz bədənimə köçürtdürdüm. Mən beləcə cavan qalıram. Mənim o uşağa edə biləcəyim ən böyük yaxşılığı etdim: uşağı dəfn etmək üçün qəbirstanlığın ən yaxşı yerində qəbir qazdırdım, qara mərmərdən daş da qoydurdum.

Beləcə gecə yatağıma girirəm, gözümü tavana zilləyirəm, ürəyimi qorxu bürüyür, evimin divarlarında minlərlə sifət görürəm, hər kəs məni çağırır, "Bunu düz elədinmi?" sualı qulaqlarımı kar edir. Arvadım, oğlum, qızım etdiyim bütün bu əməllərə görə mənə ürək-dirək verməsə, onları da öldürərəm! Sağ olsun, arvadım mənə şərait yaradıb, özümdən 30 yaş kiçik 20 yaşlı qızı özümə neçənci arvad etmişəm. Mən kitablara da, yazıçı-şairlərə də nifrət edirəm. Ancaq Viktor Hüqonun bir fikrini çox bəyənirəm:

- Sizə yaxşılıq edənə nə etmək lazımdır?

- Yaxşılıq!

- Bəs sənə pislik edənə nə etmək lazımdır?

- Əlbəttə ki, pislik!

- Bəs vicdan?

- Vicdan qorxuya verilən ikinci addır!

Digər xəbərlər