Demirəm ki, ədəbiyyat fənnini tədrisdən çıxaraq. Ancaq bir az kövrəklikdən də uzaq olmalıyıq. Yaponiyada ədəbiyyat fənni tədris olunmur və qadağan olunub. Heç kim də şeir yazmağa maraq göstərmir, hər kəs elmi ixtira və kəşflər haqqında düşünür. Orta məktəbi bitirən şagirdin ixtirası olmasa, ona bizim dillə desək, şəhadətnamə də verilmir. Yaponiyada heç kim şair olmaq istəmir. Elə buna görə də, şair olmaq istəyənlər də çox azdır və əsl şairlərdirlər. Orada heç kim müğənni də olmaq istəmir, ancaq bizdə uşaqdan böyüyəndə nə olacağını soruşsan, cavab verir ki, böyüyəndə Aygün Kazımova, Faiq Ağayev olacam. Bəziləri müğənni, bir hissəsi də biznesmen olmaq istəyir. Tökülüb elə... Məgər aygünlərin, faiqlərin hamısının villaları, obyektləri olurmu, onların hamısı "Rang Rover" sürürlərmi? A.Kazımova yekdir, ondan təkcə Azərbaycanda var, bütün dünya da buna görə bizə paxıllıq edir, xiffət çəkirlər. Əlinizi üzün, balalar! Hələ ötən əsrin əvvəllərində dünyanın əyri vaxtında bizimkilər Ləl-cəvahir fonduna yığılan 8 ton qızılı Türkiyəyə və Avropyaya daşıdılar. Bu, həmin zaman idi ki, türkiyəli müğənnilər xarici ölkələrdə konsert verib ölkəsinə pul aparırdılar, əllərində olan dollarları da satıb milli valyutalarını alırdılar. İndi dollar qalxıb deyə, evində dədəsinin sandığından 50 manat tapan da, onu götürüb banka qaçır ki, ABŞ dollarına çevirsin. Hər şeyi dövlətin, hökumətin üstünə atmaqmı olar? Bu, nə millilik, nə vicdandır ki, dövlət atributunu "terrorizmin kağızı"na satırsan? İngilislər, yəhudilər, amerikanlar dünyaya nəzarət etməyə çalışırlar, ancaq biz "Galenvaqen" almağa, bank, təndir, "zapravka" açmağa tələsirik. İngilis dilini öyrənməklə ingilis olunmur, cənablar! Mən həmişə demişəm, bir daha deyirəm: "İngilis dilini yox, İNGİLİSİN DİLİni bilmək lazımdır". Yadıma düşmüşkən, elə bununla bağlı bir misal da çəkim. Görüşlərinin birində Madonna zarafatca Bill Geytsə deyir:
- Mən o qədər varlıyam ki, dünyanı belə ala bilərəm.
Bill Geyts isə gülümsəyərək:
- Ola bilər, amma mən dünyanı hələ ki, satmıram.
Təsadüfi deyil ki, təkcə Kaliforniya ştatının iqtisadiyyatı Fransanın iqtisadiyyatı boydadır; qərb ştatlarının iqtisadi gücü dünyanın səkkizinci ən böyük iqtisadiyyatı olan İtaliya iqtisadiyyatı qədərdir; şimal-şərq ştatlarının (Massaçhusetts, Pensylvania, Maine, New York və s.) iqtisadiyyatı Yaponiya iqtisadiyyatı ilə müqayisə oluna bilər; Florida və Alabama ştatlarının iqtisadiyyatı Meksika, Texas isə Braziliya iqtisadiyyatı boydadır; ABŞ-ın 12 şərq ştatının iqtisadiyyatı isə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya ilə ayaqlaşır; Nyu-York şəhərinin iqtisadiyyatı Kanada, Los-Angeles şəhərinin iqtisadiyyatı İndoneziya, Mayami şəhərinin iqtisadiyyatı isə Cənubi Afrika Respublikası ilə müqayisə oluna bilər.
Əzizlərim, bir də ki, iki gün İstanbulda qalıb sonra gəlib Bakıda Türkiyə türkcəsində danışmağın nə önəmi var!? Keçmiş (nə yaxşı ki, keçmiş) deputatlardan biri düz 18 yaşına mənasız ömür yaşayıb, sonradan təhsil da alıb, özünü "lider" kimi də cəmiyyətimizə dürtüşdürüb, hətta deputat da olub, özü də bütün günü telekanallarda, mətbuatda Azərbaycan dilinə "sədaqət"dən danışır. Ancaq tədbirlərdən birində deyirdi: "Həsən bəy Zərdabinin damadı (Ə.Topçubaşov-S.F.) zatən, bütün şunlara rağmen kalemi əlinə alıb yazıb-yaratdı...". Ayıbdır, vallah! Türkiyə səfərində Boğazda "karakulak" balığı sifariş verərkən, ofisianta "bana qaraqulaq vərin" deməyin nə qədər şit, duzsuz olması insanı bu qədər rahat edə bilərmi!?