Nərimanov Parkının xüsusi özəllikləri var. Kənddən Bakıya ilk dəfə gələn, qara kostyumu ağ "krasovka" ayaqqabbılarla geyinən gənclərdən tutmuş əlində 20 qəpiklik tumlarla ağzını marçıldada-marçıldada dövrə vuran "şikar"lar bu parka özünəməxsus "gözəllik" verir. Sabiqlər isə Nərimanov Parkının daimi, "sədaqətli" sakinləridirlər. Maşallah, sağda-solda çayxanalar... Bir çaynik qaynanmış suyun başına 5-6 nəfər yığışıb saatlarla danışır, kimin ağlına nə gəlirsə, danışır. Qıraqdan seyr etmək pis deyil, insanda şüurla nitqin rabitəsinin, əlaqəsinin necə qırıldığının şahidi olmaq elə də pis deyil. Ən azı, sabiqlərin bugünkü iştahasın baxıb, imkanlarını, ağlını, savadını dəyərləndirə bilirsən. Lap elə ALP sədri Əvəz Temirxan. Ömrü boyu evlənməyib, subay adamdır, səhər tezdən evdən çıxar, gecə yarısı qayıdar. Qoltuğundakı qara papka ilə Nərimanov Parkının bütün dərmə-deşiklərinə girir, müştəri axtarır, kiməsə heç olmasa, boşanmaq ərizəsindən-zaddan lazımdır, ya yox!? Lalə Şövkətə görə ömrünü bada verən, illərini xəzan kimi göyə sovuran, saç ağardıb diş tökən, dizlərini, qollarını taqətdən salan Əvəz üçün başqa nə çıxış yolu qalır ki!? O da İsa, Əli, Mirmahmud, İlqar, Sərdar, Rəsul, Sülhəddin, Cəmil, Arif kimi prezident olmaq istəyir. Adam bir şeyi arzulayanda arşınına baxmazmı, ayağını uzatmaq üçün yorğanına fikir verməzmi, öz potensialını, lap elə deyək ki, partiyasının "güc"ünü, sosial imkanlarını nəzərdən keçirməzmi? Hay-hay... İndi biri də peyda olub-Valeh İbadov, vaxtilə Elçibəyin çıxışlarından "örnək" götürən Valeh indi Ə.Kərimlidən "təsir"lənib. O da prezident olmaq istəyir və deyir ki, Hindistandan Avropanın Qərbinə, Antraktidadan Şimal qütbünə, ABŞ-dan Sibirə, Çinə qədər hamısını işğal edib böyük dövlət yaradacam. Yadınızdadırsa, Elçibəyin bu tip yarımçıq bəyanatları sayəsində ölkəmiz necə təklənmişdi.
Xülasə, sosial şəbəkələrdən qətiyyən xəbərsiz olan, komputeri yandırıb-söndürməyi belə bilməyən, Avropa Şurası ilə Avropa İttifaqını səhv salan, müxalif partiya sədri kimi əlində bir möhürü, bir ştampı olan Əvəz saytlardan birinə açıqlama verib ki, L.Şövkət siyasətə qayıdır. Paho, lap o "Bəxt üzüyü" filmindəki fraqment yadıma düşdü: "Qoymayın ayə, buraxın, üstümə İRASİM gəler...". Şəksiz, Lalənin icazəsi olmasa, Əvəz mətbuata belə bir açıqlama verməz. Hərçənd ki, bu açıqlamanı verib, o zaman maraqlı hadisələrin şahidi olacağıq. Rəhmətlik dədəm demişkən, Lalə duxturun (doktor) iynələrdən hansı partiya sədrləri "məst" olacaq, hansıları yatağa düşəcək, kimlər onun dərmanına öz xəstəliyini rəva biləcək, ya yox, bunu zaman göstərəcək. Fakt olan budur ki, 66 yaşında bir adamın, 25 ildir nəinki siyasətdə, heç küçədə belə gözə dəyməyən birinin sözünün kəsəri öz evindən kənara çıxa bilməyəcək. Bir dəfə gəldin, biabır oldun, indi də gəlib nə olacaqsan? Ən əsası, cəbhəçilər, AXCP farağatda dursun, L.Şövkət Ə.Kərimlini çox yaxşı tanıyır, əgər üz-üzə gəlsələr, ikincinin gizli "bilet"ləri üzə çıxacaq. Vaxtilə "malçik" deyə müraciət etdiyi Ə.Kərimlini... Köhnə, qara "31"lə göz qaytaran Lalə gedə biləcəyi qədər yeriyib, qaçıb, təngnəfəs olub yerə də yıxılıb. Amma kim nə deyirsə, desin, məncə, Əvəz iki-üç nəfər tanışı ilə oturub parkda, danışıb, əsəbləşib, L.Şövkətə zəng vurub, belə bir açıqlama verib. Yəni real heç nə yoxdur, bu "park gedişi"dir və əlahiddə bir şey deyil. Dağ görünür, bələdçi kimə lazım!?