Arzu eləmişəm ki, Elza Seyidcahan mart ayına şeir yazmasın, təsəvvür eləyin, mart sözünə uyğun necə qafiyə tutar. Sonuncu dəfə Yel çərşənbəsi ilə bağlı necə şeir yazmışdısa, adamlar bir-birilərini təbrik eləməyə utanırdılar. Qələminin pasını töküb və deyilənə görə, Hollandiya haqda bir şeir yazıb. İndi qafiyələri, sözləri, fikirləri özünüz təsəvvür eləyin, hollandlar türklərə qarşı etdiklərinə görə peşman olmasalar, daha nə deyim!.. Bu de, Hollandiyanı Niderlanddan, idxalı ixracdan, AŞ-ni Aİ-dən ayıra bilməyənlər Türkiyəyə qarşı atılmış bu iyrənc addımlara don geyindirir, hələ utanmadan "politoloji" təhlillər verirlər. Auditoriya görməyən, elementar biliklərdən məhrum olan, bu ali təhsilsiz "politoloq", "analitik"lər özlərini idarə edə bilmirlər, amma dünya idarəçiliyindən danışırlar. Öz evinin iqtisadiyyatı bərbad gündədir, amma dünya iqtisadiyyatı haqqında "proqnoz"lar verirlər. Yaxşı ki, normal politoloqlarımız, siyasi şərhçilərimiz var ki, belələrinin eyiblərini örtürlər. Dünən baş tutan politoloq-jurnalist dialoqunu olduğu kimi sizə təqdim edirəm:
- Türkiyənin Niderlanda qarşı hansı təsir imkanları var?
- Niderlandın bu məsələyə nə dəxli var? Söhbət Hollandiyadan gedir.
Bu bədbəxt hələ də bilmir ki, Niderland elə Hollandiyadır. Əslində, bu dövlətin adı Niderlanddır və Hollandiya adlandırılması düzgün deyil. AXCP-də bir Nemət Əliyev var, səhər 9-da metroya girir, axşam 11-də çıxır, cəmi 20 qəpiyə səhərdən-axşama qatarda bəs deyincəyə qədər o tərəfə gedir, bu tərəfə gedir. Deyirmiş ki, güclü iqtisadiyyatçı olduğunu iddia edərək, deyirmiş ki, Türkiyə çökəcək. Bu adamın verdiyi "proqoz"ları oxumuşam, dedikləri cəfəngiyyatdan başqa bir şey deyil. Bu dəfə də Mirmahmud Mirəlioğlu ilə əlbir olub müsahibə verib. KXCP sədri deyir ki, bütün türkləri anti-türkçülərə qarşı birləşməyə çağırıram. Bu adam vaxtilə deyirdi ki, köküm ərəbdir, türk deyiləm, kimə nə olursa-olsun, nə üçün türkə görə özümü öldürməliyəm!? Nəsimi filmində deyildiyi kimi, "bir çoxları belə düşünür..." Qardaş, ərəbsənsə, onda get Ərəbistana, burda zorla türkləşməkmi olar!? Sizlərin türkçülüyünüz Elçibəyfason "millətçi"likdən ötə nədir ki!?
Deməli, Kəlbəcər işğal olunan günü Elçibəy qışqırırmış ki, Çin səddinə qədər gedib çıxacağıq, nə bilim, Hindistan da bizimdir, ABŞ da bizim sərhədlərimizə daxil ediləcək və s. Gülünclüyə baxın! Deyiblər ki, a bəy, Qarabağda qırğındır, bir rayona sözün keçmir, Çin səddinəmi gedib çıxdın? Deyirdi ki, eybi yox, qoy rayonlar getsin, biz sonra "qurdbaşlı bayrağımızı qaldırıb hamısını ALACOĞ...". Çifayda! Sonra başa düşdü ki, dövlət idarə eləmək meydanda qışqırmaq, Nemət Pənahlı kimiləri "adam" eləmək, Ə.Kərimlidən dövlət katibi qayırmaq qədər asan deyilmiş. Vaxtilə bu almayanaq, püstə dodaq oğlanları başına yığıb, bayrağını kosmosda sancacağını bəyan edən Elçibəy anlamırdı, bu gün bu yersiz vətənşüvənliyin sindromlarını özündə daşıyan "bəyşünas"lar da bunu anlamır və anlamaq da istəmirlər.
Holland polisləri türklərin üstünə hürdürmək üçün itlər gətirmişdilər ha, budur, türklər də "Sivas Kanqalı"nı gətirib (it cinsi), meydanda gözləyirlər. İndi nə bir holland polisi meydana çıxır, nə də hollandların itlərini meydana gətirirlər.