Novruz Bayramı günlərində xeyli maraqlı hadisələr baş verdi. Təbiət oyandı, qarışqasından tutmuş kəpənəklərə qədər bütün canlılar hərəkətə gəldilər, xüsusilə də, göbələk zamanı yetişdi. Bu da bir təsaqdüf deyil ki, artıq "Milli Şura" mitinq danışıqlarına başlayıb. Türkün məsəli, təbiətdə hər şey oyansa da, ancaq Müsavat, AXCP və "Milli Şura"da, az da olsa, tərpəniş və vicdan oyanıqlığı müşahidə olunmadı. Heç nə yox e, barı özlərini toparlayıb "kayf"dan ayılardılar, "sevpram"dan can qurtarardılar, dərd yarı... Bu da olmadı, əksinə, AXCP-nin "başbiləni"- Ə.Kərimli bananın qiymətindən danışdı, düşündü ki, hamı banan yeyir, bəlkə bananın qiymətini siyasiləşdirsə, insanlar da ona sağ ol deyib etimad göstərər. Məntiqinə asqırım! İ.Qəmbər Avstraliyanın mədəniyyət paytaxtı Melbrun haqqında xatirələrindən danışdı. C.Həsənli də ki, okeanın bu tayında durub, 21 ildir okeanın o biri tayında-Amerika cəmiyyətində dombalaq aşan R.Quliyevlə dalaşdı. Bu adamların hamısını bir partiyada cəmləşdirmək, vahid qurum yaratmaq lazımdır, adını da qoyuruq Azərbaycan Feysbuk Partiyası... Vallah, düz deyirəm, onsuz da bunların müxalifətçiliyi də feysbukda deyilmi!? Mən deyim, siz eşidin, görün, Ə.Kərimli ona ünvanlanan "hakimiyyət nə vaxt dəyişəcək" sualını necə cavablandırır. Deyir: "Artıq Tramp Merkellə əllə görüşmədi, Şimali İrlandiya Böyük Britaniyadan ayrılmaq istəyir, Rusiyada insanlar kütləvi aksiyalar keçirirlər, Hollandiya-Türkiyə münasibətləri...". Siz məni başa salın. Trampın Merkelə salam verməməsindən ümid uman, bunu özünə qazanc hesab edən Kərimli daha nə qədər qeyri-ciddi olmalıdır ki! Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılmaq istəməsinin mənə, yaxud mənim dövlətimə nə dəxli var? Rusiyada 1500 nəfər küçəyə çıxıb deyə 150 milyonun prezidenti Putin istefamı verməlidir? Məntiqinizə bir daha asqırmamaq olmur! Hollandiya-Türkiyə münasibətləri haqqında danışan Kərimli gah nala vururdu, gah mıxa, qalmışdı iki yolun arasında. Axı bir müddət əvvəl, o kərkədanbaş Orduxan Temurxan Hollandiyadan "şanlı" videolar çəkib atırdı, oranı təbliğ edirdi, Kərimli də ki, öz növbəsində, Hollandiyadakı "demokratiya"nı bizlərə misal göstərirdi. Amma nə baş verdi? Saldılar atın ayağı altına, Ərdoğan demişkən, türkün üstünə it də qışqırtdılar at da çapdılar. Heç olmasa, Kərimli bundan utandımı!? Mozambikdə hökumət devrilir, burda Kərimli sevindiyindən papağını (?) göyə atıb, fır-fır fırlanır. Dünyanın ən ac-yalavac dövləti Brutində 500-1000 nəfər ayağa qalxan kimi, Kərimli hiddətlənib Həsənliyə zəng vurur ki, "professor, mitinq keçirək".
Bu de, hava açıldı, günəş parladı, "Milli Şura" da dərhal mitinq müzakirəsinə başladı. Qışda evin bir küncünə çəkilib feysbukda, yayda da "Məhsul"da cəmi 2 saatlıq "müxalifətçi", "demokrat" olanlar, yəqin ki, aprel ayına mitinq təyin edəcəklər. Bunların mitinqləri cəhənnəmə, adam gedir ki, qıraqdan müşahidə eləsin, o ki var ətin tökülür. 300-500 adam yığılır, sonra Kərimli və Həsənli meydana girib qalxırlar tribunaya. İlham Hüseyn adlı biri gah şeir, təmsil deyir, gah da futboldan danışır. Sonra növbə keçir Gültəkin Hacıbəyliyə, estafet yavaş-yavaş ötürülür digərlərinə. Mitinq başa çatır və hamı evinə-eşiyinə sürüşür. Beləliklə, Kərimli də götürdüyü öhdəliyi yerinə yetirmiş olur, mitinqə gələnlər də "xəcalət"dən çıxmalı olurlar.