Özlərini "ana müxalifət" adı ilə ictimai rəyə sırıyan dağıdıcı müxalifət partiyalarının saxta sənəd, yəni el dili ilə desək, yalançı partiya vəsiqələri satmaları, artıq bir neçə ildir ki, gündəmdə qalmaqdadır. Ələlxüsus, cəbhəçilərin və müsavatçıların saxta "liderləri" Əli Kərimlinin, eləcə də, Arif Hacılının və s. ətrafında yaşanan partbilet biznesinin təfərrüatları barədə ictimai rəydə kifayət qədər məlumatlar var. Bunun üçün elə də uzağa getməyərək, "Google" axtarış sistemində "Əli Kərimlinin saxta sənəd biznesi", yaxud da "Müsavat partiyasının saxta vəsiqə alveri" tipli ifadələri yazmaq kifayət edər ki, ortada olan danılmaz faktlarla rastlaşasan. Özü də bu faktları o - bu deyil, məhz həmin partiyalarda təmsil olunmuş adamlar dəlillərlə isbata yetirirlər. Nə isə, bütün bunlar öz yerində...
Ancaq bu məsələnin digər tərəfi, necə deyərlər, həyasızlığın ən çılpaq həddini sərgiləmiş olur. Sən demə, AXCP öz yerində, eləcə də, Müsavat rəhbərliyi "aydan-arı, sudan duruymuş". Hətta bunlar o qədər saf və pakıymışlar ki, göydəki mələklər belə (əstağfirullah!-R.) onlara həsəd aparırlarmış. Məsələn, götürək elə müsavatçıların başbilənlərini - Arif Hacılını saxta yollarla öz kreslosuna otuzduran eks-başqan İsa Qəmbəri, həmçinin, saxtakar A.Hacılının əvvəlki saxta yerinə təyin etdiyi digər "mələk görkəmli" Gülağa Asalanlını və s və sən demə, müsavatçıların saytında köşədarlıq edən Heydər Əmrah adlı bir nəfər bunların "mələk" olduqlarını ən çox iddia edən adamıymış. Bu adam, durub iddia edir ki, iqtidar bunlara saxta sənəd adı ilə ləkə vurur (?!-R.). Adama qayıdıb-deyərlər ki, ay evin tikilsin, iqtidarın işi-gücü qurtarıb ki, mitinqlərinə 200-300 nəfəri toplaya bilməyən müxalifətə başını qatıb, dünyanı bürüyən qlobal işlərini kənara qoysun?!
Maraq üçün gəlin həmin o evitikilmiş müsavatçı köşədar H.Əmrahın iddialarına göz gəzdirək. Sual edir ki, "Əvvəla, kiminsə əlində partiya bileti və o biletdə partiyanın möhürü və başqanın imzası varsa, o sənəd niyə saxta olmalıdır axı? 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı istədiyi partiyaya üzv olmaq üçün müraciət etmək hüququna malikdir". Bəli, çox düzgün qənaətdir ki, istənilən Azərbaycan vətəndaşı istədiyi partiyaya üzv yazıla bilər. Ancaq bir də var ki, 3000-5000 manat qarşılığında kimlərəsə başqanın imzası olan partbiletlər satıla! Bu məsələ ilə o biri məsələ arasında böyük fərq var. Yəni biri siyasi baxışını ortaya qoyur, digəri isə saxtakalıq yolu ilə Avropada və Qərbdə siyasi qaçqın statusuna malik olmaq üçün bunu edir. Nəticədə, hər birinin vəsiqəsində imza da var, möhür də. Bu gün ölkədə az qala 25 ilin müsavatçısı var ki, hələ də Azərbaycanda yaşayır. Ancaq xaricə qaçanların partbiletlərinin heç möhürü belə qurumayıb, nəninki saxtaklar başqanın satdığı imzası..! Ancaq yenə də evitikilmiş müsavatçı köşədar özü-özünü açığa çıxarmış olur: "Bəli, ola bilər ki, kimsə belə bir sənədi saxtalaşdıraraq, mühacirət etmək istəyənlərə satsın..." Qardaş, indi bunu necə anlayaq? Bir yandan deyirsən ki, Müsavatda belə zad yoxdu, bu biri yandan da deyirsən ki, yox, ola bilər ki, olsun. Üstəlik, "Bunu araşdırmaq məqsədi varsa, buyursunlar. Saxta partiya bileti satanların ifşası elə, birinci növbədə, partiyanın marağındadır"-tipli köhnə-küləş variantlarla artıq gəlməyin də yeri-zadı yoxdu!
Çünki araşdırılması bir yana qalsın, bunu elə Müsavat partiyasının üzvü olmuş bir çox şəxslər də təsdiq edirlər. Ona görə də, "iqtidar partiyanın fəaliyyətini məhdudlaşdırmaq istəyir" tipli iddialarını ortaya atıb, özlərini gülünc yerə qoymasınlar. Onsuz da, sağlam düşüncəli cəmiyyət kimin hansı yuvanın quşu olduğunu yaxşı bilir.
Hə, yeri gəlmişkən, belə bir sual da yaranır ki, axı Müsavat partiyasında vəsiqələri istər saxta, istərsə də qeyri-saxta yollarla kim verir? Biz biləni partiya başqanı. Amma müsavatçı evitikilmiş köşədar, görün, nə deyir. Deyir ki, "Müsavat başqanı Arif Hacılının, icra aparatının rəhbəri Gülağa Aslanlının, partiyanın prezidentliyə namizədi (???!!!-R) İsa Qəmbərin istintaqa cəlb edilməsinə nə ad qoymaq olar? Müsavat yetkililərinin öz əlləri ilə verdikləri üzvlük biletlərini necə saxta saymaq olar?"
Demək, belə çıxır ki, partbilet saxtakarlığı nəninki var, hətta tüğyan edir. Başqan dura-dura G.Aslanlı bir yandan, sabiq başqan İ.Qəmbər də o yandan kimə gəldi vəsiqə satırlar. Hərəsinin də öz qiymət preyskurantı var. Necə deyərlər, "bazar olsun"...