Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn xarici səfirliklərin müxalifətlə təmaslarını dayandırmasından narahat olduğunu dilə gətirib. Belə ki, bununla bağlı mətbuata açıqlama verən AXP sədri bildirib ki, ABŞ və digər Qərb ölkələrinin səfirlərinin müxalifət partiyalarının "liderləri" ilə görüşləri, əvvəllər vaxtaşırı keçirilsə də, son zamanlar bu cür görüşlərə, demək olar ki, rast gəlinmir.
Maraqlısı budur ki, post-seçki dövrlərində və mitinqlər ərəfəsində, eləcə də, digər siyasi hadisələr zamanı, xüsusilə, dağıdıcı düşərgənin təmsilçiləri, demək olar ki, ard-arda Qərb diplomatlarının qapıları ağzında növbəyə düzülərək, ağalarının onlara verəcəkləri təlimatları gözləyirdilər. Nəticədə, mitinq, yaxud digər aksiyalar keçirən "liderlər" bu və ya digər şəkildə hakimiyyətə qarşı Qərbin riyakar siyasətinin yürüdülməsində canfəşanlıq göstərirdilər.
Ən asan çıxış yolu - ittiham...
İndi isə, bu hallar müşahidə olunmur və çox yəqin ki, xarici diplomatik nümayəndələr bu cür lazımsız müxalifətə ehtiyacın olmadığını, onlardan istifadəni yalnız öz nüfuzlarına zərbə olduğunu anlamağa başlayıblar. Məhz bu səbəbdən də, müxalifət səfirliklərin onlara diqqət ayırmamasından ciddi təlaş keçirməyə başlayıb. AXP sədri bu xüsusda "özünü sındırmayıb" və üstəlik, iddia edib ki, guya müxalifət xarici səfirliklərlə görüşə can atmayıb, hətta səfirliklər də buna təşəbbüs göstərməyib (?!-R.). SİTAT: "Bizim tərəfimizdən belə təşəbbüslər olmayıb. Qarşı tərəfdən də olmayıb".
Əlbəttə ki, P.Hüseyn bu məsələdə, məhz hakimiyyəti ittiham etməyi özünə ən asan çıxış yolu kimi seçib. Yəni o, iddia edib ki, guya iqtidar müxalifətə xarici diplomatik nümayəndələrlə görüşməmək üçün "təzyiq" göstərir və s. Ancaq burada belə bir sual yaranır: bəs nəyə görə ötən illərdə, eləcə də, hazırkı vaxtlarda "siyasi məhbus" və s. kimi məsələlər qaldırıldığı zaman müxalifət nümayəndələri səfirliklərlə görüş keçirirdilər və onlara kimsə mane olmurdu?
Müxalifətyönlü "zəngulə"
Həm nala, həm də mıxa döyəcləyən P.Hüseyn bununla belə görüşlər keçirildiyini etiraf edərək, özü-özünü ifşa etməyi də unutmayıb. SİTAT: "Vaxtaşırı olmasa da, hərdən görüşlər olur, görüşənlər var. Müəyyən siyasi təşkilatların rəhbərliyinin görüşləri haqqında arada informasiyalara rast gəlmək olur. Yəni diplomatik korpusla heç bir əlaqənin olmadığını söyləmək də olmaz".
Görünən budur ki, aşıqların sözləri qurtaranda, "dalay-dalay" deyib zəngulə vurduqları kimi, AXP sədri P.Hüseyn də müxalifətyönkü "zəbgulələri" ilə gündəmdə qalmağa çalışır. Çünki bu tipli açıqlamalara başqa ad vermək də olmur...