Şəhərimizin mərkəzi küçələrinin birində böyük bir ticarət obyekti tikilir, deyilənə görə, burada Mozambik noxudu, Braziliya kələmi, ABŞ soğanı, İsveç badımcanı da satılacaq. Hətta bu ticarət obyektinə gəlib alış-veriş eləməyə də ehtiyac qalmayacaq, evdən sifariş edəcəksən, özləri gətirib çatdıracaqlar. Məsələn, ay bacı, mənə 50 "razmer" cins şalvar bir cüt də ağ zolaqlı qara corab göndər və s. Bir də baxacaqsan ki, qapındadır. İndi bu obyekti tikən adamın özünü necə reklam etdiyinə fikir verin. Dörd tərəfdən dəmir hasara alınan tikilinin divarlarında yazılıb: "Əliniz ətə çatacaq".
Bu cəhənnəmə, Füzuli küçəsində yerləşən "Meat Restaurant"ın 14 Fevral "Sevgililər Günü" (?) ilə bağlı yazıb yapışdırdığı reklamı görəndən sonra intihar eləmək üçün əlində yüz faizlik bir səbəb olur. Deməli, bu restoranın reklam plakatında tikə kababın şəkli əks olunub, altından da yazılıb ki, "ətiniz ətə dəyəcək". Burda sevgililər nahar etməli olsalar, sizcə, nə düşünərlər, fikirləri sevgidə yox, orda-burda olacaq. Utandıqlarından (indikilər utanmır, amma yenə də) evlərinə qaçarlar. Görünən budur ki, bu cür əxlaqsız reklamlarla kabab satıb pul qazanmaq istəyənlər "ət məsələsi"ndə olduqca həssasdılar. Yəqin "pasport"larında da "şəxsiyyət vəsiqəsi" əvəzinə, "şəxsi ət vəsiqəsi" yazılıb.
Yaxud "SAT QROUP" şirkətinin "satışı bacarmaq üçün ağdamlı olmağa ehtiyac yoxdur, bizimlə olmağınız kifayətdir" formalı reklamını hazırlatdıran adamın məntiqi "hara"sından pərvazlanırsa... Yəqin bu adamın ağlını sərçəyə qoysaq, sərçə dal-dala uçar. Ya da metropolitendə cəmi bircə gün rəhbər işləsə, bir də görəcəyik ki, qatarlar dal-dala gedir. İndi təzə bir "pizza" satılan restoran açılıb. Deməli, ordan nə vaxt "pizza" alsan, sənə xal gəlir, divarda xüsusi deşiklər qoyublar, sən hər dəfə nəsə aldıqca, deşik dolur və sonda hədiyyə "pizza" qazanırsan. İndi bu restoranın reklamına baxın: "Deşiklərimizi siz doldurun". Sanki bu millətin işi-gücü yoxdur, hamı gedib bunların açıq qalmış deşiklərini doldurmaqla məşğul olacaq. Nə isə, bu cür biabırçı reklamlara görə, ilk olaraq, utanmalı olanlar elə bu restoranın, tikintinin, şirkətin rəhbəridir. Keçək daha dolaşıq bir məsələyə!
Müxalifətin "boğuq səsi" aldandırığımız Aslan İsmayılov, deyəsən, haqqa gəlib, bütün günü sosial şəbəkələrdə iqtidarın ünvanına şər-böhtan yağdıran Aslan "Milli Şura"nın 8 aprel mitinqindən sonra necə depressiyaya düşübsə, Kərimlidən tutmuş Həsənliyə qədər hamısını ağ yuyub, qara sərir. Görünür, Aslanın özü də bu mitinqə çox ümidli imiş, bu da E.Quliyev kimi düşünürmüş ki, hardasa 20-25 min adam iştirak edəcək. Qısası, Aslan Feysbok səhifəsində cəbhəçilər tərəfindən təhqir olunduğunu yazır: "Bir şeyi dəqiq bilirəm. Bu hakimiyyətin yerinə bugünkü müxalifət olsaydı, tənqidlərimə görə məni çoxdan dar ağacından asardılar. Bunlar heç cür bolşevik təfəkküründən uzaqlaşa bilmirlər. Haqlarında olan istənilən tənqidi şəxsi düşmənçilik kimi qəbul edirlər. Özləri də tənqidə tənqidlə yox, təhqirlə cavab verirlər".
Bax, belə! Ay Aslan əkə, elə biz də illərdir bunu deyirik də! Sənin illərdir müdafiə elədiyin cəbhəçilər hələ ki bircə almayanaq Kərimlini söymürlər. Onu da ona görə söymürlər ki, Kərimli onlara "sərbəst öpüş", "mavi kəlağayı", qulaqlarına "sırğa", ayaqlarına "həlqə", bellərinə qırmızı "lent" vəd edir. Hələ sən gözlə, "300-400 baş" xəstəni "Məshul" yığmaqla Kərimli iqtidara sahiblənmək istəyir. Yaxşı ki, Azərbaycanda yaşayırsız, vallah, yoxsa başqa ölkədə tamam biabir olardınız.