PDF Oxu

Köşə

  • 4 138

Hitlerçi molla

image

Ötən həftənin bazar günü yas mərasimində idim, tam səmimi deyirəm: moizəsinin çoxunda Bred Pitdən, Ancelina Colidən, İbrahim Tatlısəsdən misallar gətirən molla əmi, biləndə ki, məclisdə tarixçi alimlər də var, mövzunu tamam dəyişdi. Bu dəfə "tarix"dən danışmağa başladı, ay tövbə, elə şeylərdən danışdı ki, dünyada heç bir millətin həyatında o hadisələr baş verməyib. Bəlkə də o mollanı cin vurub məclisə göndərmişdi. Çox hay-küydən sonra Hitlerdən misal gətirməyə başladı və sübut etməyə çalışdı ki, guya Hitler müsəlman olub, özü də islamı qəbul edib. Bəs bu molla fikrini necə əsaslandırırdı? Molla Hitlerin müsəlman olmasını belə nəql edirdi:

Adolf Hitler 50 nəfər yəhudini qarşısına toplayır. Tam o anda yəhudilərdən biri asqırır. Hitler qəzəblə "Kim idi o," deyə soruşur. Təbii ki qorxudan heç kim cavab vermir. Bu dəfə daha qəzəblə soruşur: "Kim idi asqıran?" Yenə cavab gəlmir və Hitler deyir:

- Arxa sıralardan beş nəfər yəhudi götürün və güllələyin.

Sonra təkrar soruşur ki, "Kim asqırdı?". Yenə də cavab gəlmir.

- Daha 5 yəhudini öldürün!

Bu belə sona kimi gedər, ta ki 5 yəhudi qalana qədər.

Hitler "Son dəfə soruşuram, kim idi o asqıran?" deyir. Yəhudilərdən biri "Elə, ya da belə, onsuz da öləcəyik" deyə fikirləşir və "Mən idim" deyir.

Hitler bir qədər fikirləşir, yəhudiyə yaxınlaşır və deyir:

- Sağlam ol..!

Ətin tökülsün, ay molla əmi! Necə danışmışdısa, elə də dedim. İndi belələri çoxdur, bildikləri də nə elmdir, nə helm! Az-maz ərəb dilində başa düşdüyümə görə, bu mollanın oxuduğu "Yasin" surəsini təsəvvür eləyin... Axırda bilmədi nə desin, qəfil yerindən hoppanıb, qışqırdı ki, "ay cəmahət, insanın zərrə qədər dəyəri yoxdur...". Elə bu zaman məclisə Manaf Ağayev daxil oldu. Vallah, molla Manafın qabağına necə qaçdısa, heç 1941-1945-də valideynlər əsgərlikdən salamat qayıdan övladlarının qabağına elə qaçmırdılar. Qızıl dişlərini də parıldatdı, 20 manat da ənam alıb, cibinə qoydu. Manaf məclisdən çıxana qədər molla ağzını açmadı. "Fatihə"ni də zorla verirdi.

Mollalıq halı olan "zavallı" Fuad Əliyev... Azərbaycan Liberal- Demokrat Partiyasının, sədrini deyirəm. Deyilənə görə, "Neftçilər" metrosunun yaxınlığındakı bayquş yuvasına çevrilən ofisinə bank işçiləri gələrək, olan-qalan avadanlıqlarını da müsadirə edib gediblər. Televizoru da aparıblar. Sonuncu dəfə 2013-cü ildə evini satıb, pulunu "şura"çılara verdi, o da batdı. 2015-ci ildə deputat olacağını böyük səbirsizliklə gözləyən F.Əliyevi indi nə Ə.Kərimli qəbul edir, nə də İ.Qəmbər. Ortalıqda qalıb, eşitdiyimə görə, başına gətirilən bütün oyunlarla bağlı mətbuatda geniş bəyanatla da çıxış edəcək. Heç kim bunu vaxtında başa salmayıb ki, Ə.Kərimlidən heç doğma dədəsi Əmirhüseyn xeyir görməyib. Hələ bu, harasıdır, Ə.Kərimlinin quru yurdda qoyduğu o qədər adam var ki... Əsl mollalıq adamsan!

İndi hamı Tovuzda müəllimin şagirdi döyməsindən danışır. Bunların deməyindən belə çıxır ki, şagird müəllimə "barmaq" eləsin, müəllim də durub şagirdin üzünə baxmalıdır. Məgər bizi müəllimlərimiz azmı döyüb? Şəxsən məni əcəb eləyib döyüb, əgər döyməsə idi, bəlkə də, Maqadanda-zadda kartof satırdım.

Digər xəbərlər