Danılmaz faktdır ki, ölkəmizdəki dağıdıcı müxalifətin bugünədək atdığı bütün addımlar erməni lobbi təşkilatlarının fəaliyyəti ilə paralellik təşkil edir. Gecə-gündüz Azərbaycan dövlətinə və millətinə qarşı kampaniya aparan erməni lobbisinin vasitəçisinə çevrilən dağıdıcı düşərgənin, məhz onların planı əsasında fəaliyyət göstərməsi, dövlətimizin milli maraqlarına daim zərbə vurmağa çalışması vətənpərvər azərbaycanlıların etirazı ilə qarşılaşır. Artıq hər kəs bilir ki, dağıdıcı müxalifətin "mübarizə strategiyası" təkcə hakimiyyətə qarşı deyil, eyni zamanda, dövlətçiliyə, xalqa, bütövlükdə Azərbaycanın müstəqilliyinə, varlığına və haqlı mücadiləsinə qarşı yönəlib. Əbəs yerə deyil ki, düşərgə "liderləri" zaman-zaman ermənilərə "qardaş" deyənləri daim müdafiə ediblər. L.Yunus, X.İsmayıl, hətta Ə.Əylisli kimi bədnam yazıçının azərbaycanlıları təhqir edən ermənipərəst romanına belə, dəstək göstəriblər.
Reallıq isə budur ki, Müsavat və AXCP kimi partiyaların "liderləri" Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərbə vuran xəyanətkarların əməlləri barədə susur, cəmiyyətdə yüksələn etiraz səslərini yersiz hesab edir, insanların bu xəyanətkara haqlı münasibətini tənqid edirlər. Hətta bununla da kifayətlənmir, həyasızlaşır, arsızlaşır və bir az da irəliyə gedib söz azadlığı arqumentinə əsaslanmağa çalışaraq məsələni siyasiləşdirir, hakimiyyəti ittiham edirlər.
Artıq Azərbaycan cəmiyyəti dağıdıcı düşərgənin xaricdəki erməni lobbisi tərəfindən maliyyələşdirildiyini və bu düşərgə üçün milli maraq anlayışının ən son planda olduğunu çox yaxşı bilir. Ona görə də, ümummilli maraqlar haqqında qeyri-səmimi iddialar cəmiyyətdə ironiya ilə qarşılanır.
Birmənalı şəkildə, deyə bilərik ki, nankorlar və xəayəntkarlar toplumu dəyişilməz olaraq qalmaqdadır və hər an dövlətin maraqlarına qarşı çıxış etmək üçün erməni lobbisindən və xaricdəki ermənipərəst qüvvələrdən əmr gözləyirlər.
Uzağa getməyərək, "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri L.Yunusun bu gün Avropada sığınacaq alaraq, Azərbaycan əleyhinə apardığı işlərini bir daha nümayiş etdirə bilərik. Məsələn, onun Ermənistanın "Region" Araşdırmalar Mərkəzi ilə birlikdə təsis etdiyi publicdialogues.info saytı da, məhz Azərbaycanda ictimai rəyi çaşdırmaq, Dağlıq Qarabağ probleminin kökü və erməni millətçilərinin torpaqlarımıza və mədəniyyətimizə iddiasını cəmiyyətin yaddaşından silmək üçün yaradılıb. Bu gün həmin saytda yerləşdirilən informasiyalar göstərir ki, saytın qurucuları Azərbaycanda milli maraqların unudulması üçün yaddaşsızlıq sindromu yaratmaq istəyirlər.
Yəqin ki, oxucularımız üçün də maraqlıdır ki, erməni lobbisinin və onun "sadiq tərəfdaşı" olan dağıdıcı düşərgənin bu qədər canfəşanlıq etməsinin səbəbi nədir? Heç şübhəsiz, ilk öncə, maddi maraqlar ön plandadır. Yuxarıda qeyd etdiyimiz kimi, artıq hər kəs dağıdıcı düşərgənin erməni lobbisi tərəfindən maliyyələşdirildiyini bilir. Digər tərəfdən, ölkəmizin əldə etdiyi nailiyyətlər dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də qəmə-kədərə qərq edir və onlarda kəskin qısqanclıq hissləri yaradır. Demokratik inkişaf yolu seçmiş Azərbaycanın bütün sahələrdə –iqtisadi və siyasi sferalarda əldə etdiyi nailiyyətlər bu gün dünya birliyi tərəfindən alqışlanır.
Bu gün müxalifətin anti-Azərbaycan dairələrlə baş-başa verərək, eyni addımlar atması Azərbaycan xalqının kəskin etirazına səbəb olur. Radikal düşərgə artıq illərdir ki, ölkəmizin milli maraqlarına zərbə vurmaqla məşğuldur. Bu düşərgədə toplaşanlar isə bu və ya digər səbəbdən incik düşmüş, öz biznes və karyera maraqlarını təmin edə bilməmiş ünsürlərdir. Onları cəmiyyət, dövlət, milli mənafelər, demokratiya, insan hüquqları və s. maraqlandırmır. Bütün bunlar dağıdıcı müxalifət üçün əsl simalarını gizlətmək və insanları çaşdırmaq üçün vasitədir.