Fakt faktlığında qalır. Ancaq milli xəyanətkarlar bilməlidirlər ki, tarix özü hər şeyi üzə çıxarmaqla sübut edir. AXCP sədri Əli Kərimli və onun yedək qurumu olan "Milli Şura"nın sədri Cəmil Həsənli hələ də kirli vasitələrdən istifadə etməklə dövlətçilik maraqlarımıza qarşı təxribatçı planlar üzərində işləyib siyasi uğur qazanacaqları xəyalları ilə yaşayırlar. Lakin bilməlidirlər ki, onların əməlləri ictimaiyyət qarşısında ifşa olunur.
Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir. Ölkəmizdə hər bir vətəndaşın mövqeyini açıq şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Ancaq bu, heç də hər hansı bir şəxsə yalan və böhtanla məşğul olmağa, ölkəmizin əleyhinə fəaliyyət göstərməyə imkan vermək kimi başa düşülməməlidir. O cümlədən, ölkə müxalifəti yalnız AXCP və "Milli Şura"dan və Müsavatdan ibarət deyil. Digər müxalifət partyaları da var ki, onlar öz siyasətlərini normal şəkildə apararaq, dövlətçilik maraqlarına zidd hərəkətlərə yol vermirlər. Dağıdıcı ünsürlər konstruktiv qüvvələri müxalifət tərəfi hesab etmir, xəyanətkar və satqın adlandırırlar. Halbuki əsl xainlərin elə onların özləridir.
Kərimlini muzdlu "facebook" komandası
Bir məqama toxunmaq elə Ə.Kərimli kimlərin əsl simasını göstərir. Bu bir faktdır ki, AXCP sədri böyük əhəmiyyət verdiyi məsələlərin sosial şəbəkələrdə təbliğində fiaskoya uğrayır. "Facebook" sosial şəbəkəsində "HamamTimes" səhifəsindəki "yarışma" bu sırada növbəti həlqəni təşkil edir. "HamamTimes" səhifəsində "Əli Kərimli, yoxsa İlqar Məmmədov?" başlıqlı sorğu təşkil olunub. İlk sorğu günündə səhifə adminləri "REAL" sədri İ.Məmmədovun lehinə səs vermək üçün "like", Ə.Kərimliyə səs verənlər üçün təəccüb anlamını verən "wow" düyməsini müəyyənləşdirdilər. Lakin daha sonra Ə.Kərimlinin tərəfdarları böhtançılığa keçdilər. Onlar belə bir iddia irəli sürdülər ki, insanlar daha çox "like" işarəsini bilir, həmçinin, "wow" işarəsini tapmaq üçün də əvvəlcə "like" sıxmaq lazımdır. Ona görə də bu sorğunun ədalətli olmayacağını bildirən kərimliçilər işarələrin yerini dəyişdirməyi tələb etdilər. Səhifə idarəçiləri də onların tələblərini nəzərə alaraq, bu dəfə Kərimli üçün "like", İ.Məmmədov üçün "wow" düyməsi təyin etdilər.
Nəticə isə gözqabağındadır - Kərimli və onun muzdlu "facebook" komandası hər şeyə rəğmən, uduzdu. Özü də bu dəfə öz müxalifətçilərinə - İ.Məmmədova. Artıq reallıq da budur ki, Əli Kərimlinin siyasi ölümü yaxındadır. Bu dəfə o öz siyasi əcəlindən qurtula bilməyəcək.