Köşə

  • 14 650

Həm şansları, həm də ixtiyarları yoxdur!

image

Son günlər dağıdıcı müxalifət düşərgəsində baş verən qarşıdurmalar, bir daha onu göstərir ki, indiki təşkilatların taleyi tarixin arxivinə göndərilmiş qurumlardan fərqlənməyəcək. Bu arada, Müsavat və AXCP rəhbərlərinin "xüsusi fəallıq" göstərmələri isə yenə diqqətdən yayınmır. Bu iki partiya arasında qarşıdurmanın əsas səbəbi 2018-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkiləridir. Müsavatçıların sabiq başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin bu məsələdə iddiaları faktdır. Digər tərəfdən, o da maraqlıdır ki, 24 ildir ki, birlikdən, həmrəylikdən danışan bu iki "liderin" heç biri geri çəkilmək barədə düşünməyib və indi də belə davam edir.

Bu arada daim İ.Qəmbər Ə.Kərimlinin ünvanına ağır ittihamlarla çıxış edən ADP sədri Sərdar Cəlaloğlu bu yaxınlarda növbəti dəfə bildirib ki, hər iki "lider" arasında ziddiyyət və qarşıdurma daha da gərginləşəcək. Yəni qarşıdan prezident seçkiləri gəldiyinə görə "partiya maraqları" daha sürətlə qabarmağa başlayır. Əgər ortalıqda dövlət mənafeyi və milli maraqlar yoxdursa, onda insanlar fərdi maraqlarını təmin etmək üçün qarşı-qarşıya gələcəklər. Təbii ki, S.Cəlaloğlu "fərdi maraqlar" - dedikdə, İ.Qəmbər ilə Ə.Kərimlinin bir-birinə qarşı tutduqları radikal mövqeyə eyham vurur.
Həm İ.Qəmbər, həm də Ə.Kərimli həlledici məqamda bir-birinə güzəştə getməyəcəklərini əvvəlcədən gözəl bilirdilər. Bu barədə kifayət qədər faktlar var. Eləcə də, hər iki partiya "lideri" arasındakı qarşıdurma kampaniyaları sıravi partiya üzvləri tərəfindən də hiss edilir. Elə də uzağa getməyərək, ötən seçkilərdə sosial şəbəkələrdə müsavatçıların Ə.Kərimli haqqında, cəbhəçilərin isə İ.Qəmbər haqqında "meyxana" qoşmaları, ən təhqiramiz ifadələrdən istifadə etmələrini xatırlasaq, onlar arasındakı vəziyyətin hansı vəziyyətdə olmasını bir daha təsəvvürümüzdə canlandıra bilərik. Hətta o zaman Müsavat məclisinin üzvü Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bildirmişdi ki, sosial şəbəkələrdə Müsavat rəhbərinə qarşı təhqir dolu fikirlərin səsləndirilməsi kampaniyasının arxasında Ə.Kərimli dayanır. Ümumiyyətlə, bu gün müxalifət düşərgəsində AXCP və Müsavatın adlarının hərdənbir çəkilməsi, o demək deyil ki, bu qurumlar və ya onların başçıları digərlərindən güclüdür, ya da fəaldır. Bu qurumlar, əslində, tarixi partiyaların adlarını manipulyasiya edərək, özlərini tanıtmağa çalışırlar. AXCP AXC-nin, Müsavat da keçmiş Müsavat partiyasının adını daşıyır, indi həmin adlar üzərində özlərini qəbul etdirməyə çalışırlar. Reallıq isə budur ki, indiyədək ictimai-siyasi təşkilat rəhbərlərindən bir neçəsi öz vəzifələrinə könüllü olaraq xitam vermirlər.
Əlbəttə, Azərbaycan ictimaiyyəti üçün destruktiv müxalifət düşərgəsində prezidentliyə namizədin kim olacağının elə bir əhəmiyyəti yoxdur. Çünki həmin namizədin kimliyindən asılı olmayaraq, istənilən müxalif namizəd xalqın heç 0,1 və ya 0,2 faizinin səsini də toplaya bilməz. Bu reallığı isə dərk etməyən adamın, ümumiyyətlə, hər hansı kürsüdə oturmaq şansı, hətta ixtiyarı yoxdur!

RƏFİQƏ

Digər xəbərlər