Köşə

  • 33 701

"Üzünü məndən nihan etmək dilərsən, etməgil!"

image

İndi də yadıma düşəndə, gülməyim tutur. Ötən əsrin 80-ci illərində Yasamalda "Sevil" kinoteatrı vardı. Demək olar ki, hər gün bir neçə seans Hindistan filmi nümayiş edilərdi. Biz də sinfimizlə sözü bir yerə qoyub, hər həftə həmin filmlərdən hansınasa baxmağa gedərdik. Amma orasını da xüsusi qeyd edim ki, ağlamaqdan filmə necə baxdığımızı düz-əməlli bilmirdik. Filmin təsirindən zalda bir ağlaşma olardı ki, gəl-görəsən. Bunu bildiyimizdən, əl dəsmalsız filmə baxmağa getməzdik. Deyirəm, vaxtilə filmlər də çəkilib ha. Bilmirəm, zaman-zaman filmlərin süjet xəttinin çəkimindəndimi, yoxsa insanların dəyişməyindəndimi, get-gedə hər şey fərqli olub. Vaxtilə hind filmlərinə baxıb, oğlanlar saçlarını Ciminin saçları kimi ayırar və o formada darayardılar, özlərini və geyimlərini ona bənzətməyə çalışardılar. Amma di gəl indi...

Məncə, indi də bu bənzətmələr davam edir. Kimisi özünü Çakıra, kimisi Polat Alemdara, kimisi Mematiyə, kimisi də nə bilim, kimlərə bənzətməyə çalışır. O gün sosial şəbəkələrdə bir qrup adını azərbaycanlı qoyan və müxalif qüvvələrin söyüş qrupu rolunda çıxış edən şəxslər, üzlərinə maska taxaraq ABŞ-ın Vaşinqton şəhərində etiraz aksiyaları keçirdiklərinin şahidi oldum. O dəqiqə 1994-cü ildə Amerikada çəkilmiş "Maska" filmi yadıma düşdü. Baş rolun ifaçısı Cim Kerrinin çıxardığı oyunlar gözümün qarşısında canlandı. Onun da "maska"sı daim gülürdü. Üstünə silah belə çəkiləndə, onu gülüşlə qarşılayırdı. Həmin bu aksiya keçirənlərin də maskalarının gülməyi həmin filmi xatırlatdı. Fikirləşdim ki, yəqin bunlar da özlərini "Maska" filminin qəhrəmanına oxşadıblar. Deyirəm, bu Amerika nə əcəb belə aksiya keçirməyə icazə verir, görən? Guya hər şeyə son dərəcə diqqətlə yanaşan Amerika, maska altında hansı simaların gizləndiyini hardan biləcək ki? Belə də baxanda, tutaq ki, onların hər hansı biri təxribata əl atmış olsaydı, kim nə biləcəkdi ki, təxribatı hansı edib? Çünki hamısı eyni maska, hamısı da ətrafdan keçənlərin üzünə baxıb, arsız-arsız gülür. Amma öz aramızdı, simasızlıqlarını maska altında gizlədənlərdən nə desən, gözləmək olar. Adama deyərlər ki, qorxursan pişikdən, niyə çıxırsan deşikdən? İndi də ay maskalılar, aksiya keçirirsiniz, özünüz bilərsiniz, bəs yaxşı, bu maska taxmaq nəyə lazımdı? Sözünün, hərəkətinin arxasında dayanan maska taxmaz. Bu yerdə İmadəddin Nəsiminin bir misrası yadıma düşdü: "Üzünü məndən nihan etmək dilərsən, etməgil!" Amma neyləmək olar ki, bunlar qorxularından üzlərini nihan etməkdədirlər.

AFƏT

Digər xəbərlər