Köşə

  • 7 760

Putin nəbz yoxlayır: Navalnı komediyası!

image

Yadıma gəlir, artıq idarəolunmaz hala gələn Boris Yeltsin 1999-cu ilin son dekabr gecəsində kabinetini balacaboy Vladimir Putinə təhvil verəndə gözləri yaşarmışdı. Kremldə nostalji anlar yaşandı o məqamda. Yeni ili qarşılamaq üçün süfrə axasında “vodka”nı qucaqlayan ruslar, əsl şok yaşayırdı. İllərin araq düşkünü olan Boris Nikolayeviç sanki kabinetini deyil, axirət evini V.Putinə hədiyyə edirdi...Kimdir V.Putin, hakimiyyətə gəldikdən sonra Rusiya üçün nə etdi, Rusiyanı və rusları hardan hara gətirdi?. Kremldə 22 ilə yaxınlaşan hakimiyyəti zamanı Rusiya balacaboy V.Putindən nə qazandı, nə itirdi?. Bu suallara cavab tapmaq üçün hazırkı Rusiyanın görkəminə nəzər salmaq kifayətdir məncə. V.Putin tarixi baxımdan xarizmatik liderdir, burası mübahisəsiz belədir. O, SSRİ-nin süqutundan sonra dünya siyasətində qapazaltı vəziyyətinə düşən Rusiyanın dünyadakı imicini özünə qaytaran və daha da gücləndirən şəxsdir. Amma indi Rusiya üçün yenilik etmək leninqradlı çekistin işi deyil...O, Çeçenistan müharibəsi zamanı dağılmaqda olan Rusiyanın ipini yığıb dövləti qorudu. O, Rusiyanı əyyaş B.Yeltsinin zamanındakı qapazaltı dövlət imicindən xilas edib, hazırda dünyada əsas güc sahiblərindən birinə çevirdi. Həttda Rusiya SSRİ dövründəkindən daha güclü söz sahibidir dünyada. V.Putinin özü o dərəcədə gücləndi ki, hətdda ABŞ-dakı seçkilərə barmaq uzadacaq qədər güc nümayiş etdirdi. Bu, sözün əsl mənasında Rusiya üçün Putinin kimliyini göstərən tarixi pasportdur.Amma tarixi baxımdan ruslar daha V.Putinin despot idarəsi altında yaşaya bilmirlər. Rusiya cəmiyyəti sözün əsl mənasında despot idarəçiliyin yumruğu altında boğulur, vəssalam.Baxın, illərdir balacaboy sovet çekistinə qarşı cınqırını çıxarmağa cəsarəti olmayan “vodka” sevdalı ruslar, artıq Moskva və Peterburq küçələrində ucadan etiraz mahnıları oxumağa başlayıblar. Müxalifətçi blogger Aleksey Navalnının V.Putinə qarşı məhəllə davasına bənzər səs-küy salması, 20 illik “dəmir yumruqdan” bezən rusları dilə gətirib. Əvvəllər Kreml sahibinə qarşı narazılıqlarını öz evlərində və iş yerlərində sakitcə, pıçıltı ilə dilə gətirən ruslar, indi artıq küçələrdə ona qarşı şüarlar səsləndirirlər. Özü də A.Novalnını dəstəkləməklə!.

Məşhur tezisdə deyildiyi kimi, “İnqilab o zaman baş verir ki, yuxarıdakılar əvvəlki qaydada idarə edə bilmir, aşağıdakılar isə, əvvəlki kimi yaşamaq istəmirlər.” İndiki halda V.Putindən narazıçılıq səsini getdikcə daha da gur çıxarmağa başlayan Rusiya cəmiyyətinin inqilaba hazır olub-olmadığını müəyyənləşdirmək hələ tezdir. Amma görünən tərəf odur ki, ruslar balacaboy Kreml sahibinin onları yenə öz köhnə dəmir yumruğu ilə idarə etməsinə dözmək istəmirlər, vəssalam. Həttda bol vodka və kolbasa hədiyyəsi belə, rusları çətin ovundursun.
Rusiyanı bürüyən cinayətkar məmur şəbəkəsi, iqtisadi böhran, sosial partlayış həddinə çatan ürəkağrıdan vəziyyət artıq bu cür davam etmənin mümkün olmayacağının siqnalını verir. V.Putinin 21 illik “dəmir yumruğu” ilə rusları bundan sonra daha bir neçə il idarə etmək çətin olacaq deyəsən...
Bütün günü tutuquşu kimi V.Putini zəhlətökən şəkildə tərifləmək, ona yaltaqlanmaq üçün ən həyasız cildlərə girən Jirinovskilər, Züqanovlar, onlardan geri qalmayan rusiyalı ekspert və analitiklər, Rusiya telekanallarının səhərdən axşama qədər Kreml sahibinə rus çarı kimi tərif yağdıran şablon “verilişləri” ruslara iyrənc görünür.Bir zamanlar Dostoyevskinin, Puşkinin, Lermantovun əsərləri ilə qidalanan, bütün dünya ədəbi düşüncəsində hegemoniya yaradan Rusiya ədəbiyyatı artıq ancaq xatirələrdə yaşayır. Yoxdur artıq elit və intellektual Rusiya cəmiyyəti, getdi işinin dalınca. Rusiya cəmiyyəti, bu gün sərxoş, ac və ümidsiz insan toplumunun faciəsini izləyir, vəssalam.Gələk A.Novalnıya. Novalnı rus cəmiyyəti üçün sadəcə bir tutanaqdır, başqa heç nə. İndi Rusiyada elə bir situasiyadır ki, illərdir narazı olan və bu cür yaşamaqdan bezən ruslar üçün istənilən qəhrəman Lenindir. Amma A.Novalnı hazırkı Rusiya üçün Lenin ola bilməyəcək. Çünki... o V.Putindən bezən kütlənin həqiqi lideri olaraq, Moskvada inqilab edəcək biri deyil. O sadəcə balacaboy Kreml sahibinin ondan bezən rus cəmiyyətinin nəbzini yoxlamaq, rusların narazılıq “havasını boşaltmaq” və etiraz dalğasını uğursuzluqla sonlandırmaq üçündür. O sadəcə Vladimir Vladimiroviçin layihəsidir. V.Putin indiki situasiyada rusların etiraz tonunun dərəcəsini dəqiq ölçmək istəyir.
Əlbətdə Rusiya kimi inqilab lokomotivində istənilən situasiya və hadisə mümkündür. Amma onu da unutmayaq ki, hansısa bloggerin qışqırıq salmaqla nəhəng Rusiyada inqilab havası yaratması qəliz məsələdir. Bir çoxlarının guya Novalnın V.Putinə qarşı Qərbdəkilərin planı olması barədə dedikləri lap nağıldır. Hansı ağıllı Rusiya düşməni, ABŞ-ı belə küncə sıxan V.Putin kimi despota qarşı heç bir sosial dayağı, ideyası və siyasi obrazı olmayan Novalnı kimi birisinə “stavka” edər?. Bunu edən ya hədsiz dərəcədə axmaq və ya şoumendir, ya da əziz Vladimir Vladimirovinin “əlinə oynayan” birisi. Qərbin özündə V.Putinin əlinə oynayacaq o qədər ciddi siyasi qüvvələr var ki. A.Novalnının “zəhərlənməsinə” gəlincə... vaxtı ilə Drezdendə yüzlərlə belə “əl işi” olan V.Putin üçün indi yaşının bu cağında belə siyasi əyləncələrlə məşğul olmaq su içmək kimi bir şeydir. Düzdür, V.Putin məğlubedilməz deyil, amma hazırda onu A.Novalnı ilə laxladıb Neva çayına atmaq real deyil, vəssalam....

Mətləb Salahov

sia.az

Digər xəbərlər